Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


27.06.2024  13:43 

Saxur kimliyi və sosial-mədəni inkişaf





A+  A-

Azərbaycan milli tərkibinin rəngarəngliyi, burada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların müxtəlifliyi ilə bir çox ölkələrdən fərqlənir. Tarix boyu ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələrini, milli dəyərlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.

Azərbaycanın Qafqaz dilləri ailəsinə daxil olan saxurlar əsasən Zaqatala və Qax rayonlarının bir neçə kəndində məskunlaşıblar. Qədim mənbələrdə saxurlar “çaxaykov” adlandırılırlar. Özlərini etimoloji mənası məlum olmayan “yıkbi” adlandıran saxurların xeyli hissəsi isə Dağıstanın Rutul rayonunda, Samur çayının mənbəyində yaşayırlar.

1992-ci ildən Azərbaycanda saxurların sosial-mədəni inkişafına xidmət göstərən, azsaylı etnosun adət-ənənələrinin, dilinin, mədəniyyətinin inkişafına xidmət göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Saxurların dili və təhsili

Saxurlar istər Dağıstanın, istərsə də Azərbaycanın bir neçə kəndində məskunlaşsalar da, onların dili bir neçə dialektə bölünür. Belə ki, dilçilər saxur dilinin Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və Suvakil dialektlərindən ibarət olmasını müəyyən etmişlər. Mütəxəssislərin fikrincə, sadalanan dialektlərin özləri də bir neçə şivəyə ayrılırlar.

1934-cü ildə professor A.N. Qenko latın qrafikası əsasında müasir saxur dilinin yazısını yaradıb, bunun ardınca da qafqazşünas türkoloq S.A. Cəfərov saxur məktəbləri üçün dərsliklər tərtib etsə də, saxur dilində dərin tədrisin ömru qısa olub. 1934-1938-ci illərdə məktəblərdə dərslər ana dilində keçirilsə də, 4 il sonra sovet dövrünün tələbləri üzündən saxur dilində dərslərin keçirilməsi və kitabların nəşr olunması dayandırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovet İmperiyasının zülmündən azad olan dövlətimiz yenə də öz həmvətənlərinə sevgi və sayğısını nümayişi etdirdi. 1990-cı ildə saxur yazısı kiril əlifbası əsasında bərpa olundu. Müstəqillik dövründə saxur dilində dərslikləri hazırlayan şəxs də, Azərbaycanın məşhur filoloq-alimi S.A.Cəfərov oldu. Azərbaycan bir çox saxur mənşəli alim və mədəniyyət xadimi yetişdirib. Bunların sırasında Azərbaycanın nəzəri fizikasının banisi, fizika-riyaziyyat elmləri doktoru A.İ. Muxtarovu, dilçi alimlər A.M. Aslanov, N. İsayev, R.İ. Hüseynov və A.Q. Qarayevi, habelə müxtəlif sahənin alimləri İ. Əzizov, A. Qurbanov, M. Çobanzadə, S. Karnayev, Ş. Əliyev, Y. Nurməhəmmədov və başqalarının adlarını çəkmək olar.

Azərbaycan dövləti hər zaman saxur xalqının maariflənməsi və inkişafı yönündə lazım olan bütün imkanları yaradıb və bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir.

Azərbaycan dövlət saxurların mədəniyyətinin və təhsilinin inkişafı yönündə çox böyük işlər görür. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən azsaylı xalqların və milli azlıqların folkloru toplanaraq tərtib edilir. Bu araşdırmalara saxur folkloru da daxildir.

Hazırda saxurlara 10-dan çox məktəbində saxur dilində dərslər keçirilir. Saxurların ana dilində “Əlifba”ları çap edilib. Bu “Əlifba” 1996-cı ildən öyrənilir.

Saxurların məşğuliyyəti və təsərrüfatı

Bir zamanlar saxurların məişət təsərrüfatında aparıcı yeri qoyunçuluq tutub. Bu təsərrüfatda yerli qoyun cinsləri daha üstünlük təşkil edirdi. İribuynuzlu mal-qara isə qoyunçuluğa nisbətən geniş yayılmamışdır. Bu da saxurların başlıca olaraq dağ ərazilərində, zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir.

Yayda yaylaqda bəslənən qoyun sürüləri, qış vaxtı Alazan vadisi, Muğan qışlaqlarında saxlanılardı. Məhz bu səbəbdən saxurların hamısı Azərbaycanla, onun əhalisi ilə sıx əlaqədə olub. Azərbaycan şəhərləri saxurların heyvandarlıqla bağlı olan məhsullarını satması üçün bazar rolunu oynayıb.



Saxurların məişətində əkinçilik ikinci dərəcəli əhəmiyyət kəsb etmişdir. Dağlıq ərazilərdə yaşadıqlarına görə və münbit torpaqların azlığı üzündən onlar əkinçiliklə məşğul ola bilməmişlər. Amma ev təsərrüfatlarında bu ənənə davam edir. Saxurlar həyətyanı sahələrində müxtəlif bostan bitkiləri becərərək zəruri tələbatlarını ödəməyə çalışırlar.

Saxurların digər məşğuliyyəti sənətkarlıq olub. Bu, bir tərəfdən onların zəngin yun, dəri məmulatına malik olması, digər tərəfdən də kişilərin başqa məşğuliyyətinin olmaması ilə izah edilir. Yəni qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik və silahqayırma ilə məşğul olurdular.

Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənətləri də üstün yer tutub. Bu sənət sahibi olan kişilər bir tərəfdən yerlərdə el-obanın öz tələbatını ödəyər, digər tərəfdən də ilin müxtəlif vaxtlarında Azərbaycan və Gürcüstan şəhərlərinə, kəndlərinə gedib orada əhalinin sifarişini yerinə yetirərdilər. Bu ənənə zəif olsa da indi də var. Amma sərhədlərin bağlı olması saxurların bu məşğuliyyət növünü daha geniş coğrafiyada yaymağa imkan vermir.

Əlbəttə ki, hər yerdə olduğu kimi, saxurların yaşadığı ərazilərdə də işsizlik var. Gənclər iş dalınca daha çox Bakı şəhərinə və Rusiyanın müxtəlif vilayətlərinə gedirlər.

Saxurlarda adət-ənənə

Uzun əsrlər boyu Azərbaycan türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də özünəməxsusluqlarını qoruyub-saxlaya biliblər. Bu gün saxur kəndlərində əsasən qədim toy adət-ənənələrinə üstünlük verilir.

Bütün bunlar Azərbaycanın tarixən müxtəlif dil ailələrinə məxsus olan xalqların məskəni olduğunu bir daha sübut edir və bu xalqların dar gündə də, şad gündə də bir-birinə arxa, dayaq olaraq hamılıqla vahid azərbaycançılıq ideologiyasına sadiq olduğunu nümayiş etdirir.

Saxurların geyimləri də böyük dəyişikliklərə məruz qalmışdır. Belə ki, kişilərə məxsus “motal” papaq, bürünmə və ya qollu kürk, şal, çarıq, yundan toxunmuş şalvar və başqa ənənəvi geyim növləri aradan çıxmış, onları daha münasib fabrik geyimləri əvəz etmişdir.

Saxurların qadın geyimləri bir növ azərbaycanlılarınkına oxşarıdır. Baş geyimi “çuxta” ilə yanaşı, həm də əsasən Zaqatala bölgəsi əhalisi üçün xarakterik olan “çepets”dən də istifadə olunmuşdur. Müasir dövrdə ənənəvi qadın geyimləri ancaq yaşlı nəslin nümayəndələri tərəfindən istifadə edilir.

Saxurların mədəniyyəti azərbaycanlıların mədəniyyəti ilə sıx əlaqədə inkişaf edib. Onlarda mahnılar saxur dilində və Azərbaycan dilində ifa edilir, hekayələr, nağıllar, oxşamalar isə ana dilində söylənilir. Saxurların istifadə etdikləri musiqi alətləri tar, saz, zurna, balabandır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, saxurlar və Azərbaycan türkləri arasında əlaqələr son dərəcə sıx və möhkəmdir.

Müasir Zaqatala və Qax rayonları ərazisində əsrlərdən bəri davam edən birgəyaşayışın nəticəsi olaraq azərbaycanlılarla saxurlar arasında sıx inteqrasiya əlaqələri formalaşıb azərbaycanlıların və saxurların ənənəvi mədəniyyətlərində, məişətlərində oxşar cəhətlər çoxdur. Kəndlərində toy zamanı mahnılar həm saxur, həm də Azərbaycan dilində ifa olunur. Azərbaycanlılarla saxurlar eyni çalğı alətlərindən istifadə edirlər.

Saxurlar arasında "Saxurlar" ansamblı çox məşhurdur. Demək olar ki, saxur toylarının böyük əksəriyyəti də bu ansambılın müşaiyəti ilə keçir. Saxur musiqisini toylarda, qonaqlıqlarda, rəsmi tədbirlərdə, əsgərləri yola salanda, milli Novruz, Ramazan və Qurban bayramlarında eşitmək olar. Saxur musiqisi keçmişdə güləş yarışlarında, ilk əkin və ya ot biçini öncəsi, kəndirbazların çıxışlarında, Seyran bayramında səsləndirilərdi.

Bu gün Azərbaycan dövləti saxurlara musiqi mədəniyyətinin inkişafında yaxından dəstək olur və onlara mədəni dəyərlərinin qorunması üçün hər cür imkan yaradıb. Bunun nəticəsidir ki, ölkəmizdə məskunlaşan saxurların bir neçə folklor ansamblı fəaliyyət göstərir. Bunlara Zaqatala rayonunun Yeni Suvagil kəndində fəaliyyət göstərən "Ceyranım" (Azərbaycan xalq kollektivləri arasında laureat), Əli-Bayramlı kəndindən "Lilay" və Mişleş kəndində "Mişleş" qrupunu misal göstərmək olar. Bu gün Azərbaycanda saxurların mədəni dəyərlərini, adət-ənənələrini inkişaf etdirmək üçün hər cür imkanlar yaradılıb.

Dövlətimizin milli azlıqlara göstərdiyi xüsusi qayğı və dəstəyi nəticəsində "Ceyranım" - saxur folklor mahnı və rəqs ansamblı öz fəaliyyətini hər gün daha da inkişaf etdirir. Bu ansambl öz fəaliyyətini yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanıda bilib. Belə ki, Zaqatalada fəaliyyət göstərən Saxur xalq teatrı İrana və Türkiyəyə qastrol səfərləri təşkil edib.

Saxurlar haqqında bir neçə film çəkilib

Bu gün Zaqatala şəhərində Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin əsas fəaliyyət istiqamətləri saxurların kompakt yaşadıqları yaşayış məntəqələrində musiqi, rəqs kollektivlərinin formalaşdırılması, saxur mədəniyyətinin təbliğindən ibarətdir. 2009-cu ildə dünya kino tarixində ilk dəfə saxur dilində "Kürəyi qibləyə" bədii qısametrajlı Azərbaycan filmi çəkilib.



2022-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film məhz saxurlarla bağlı olub.

Filmdə Azərbaycanda yaşayan saxurlar, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir.

Eyni zamanda saxurların məişəti və etnoqrafiyasının da yaxından öyrənilməsi Azərbaycan dövlətinin qayğısından kənarda deyil və hətta bu məqamlar sənədli film halına gətirilib. Belə ki,"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində saxurların həyatını əks etdirən "Saxurlar" adlı sənədli televiziya filmi hazırlanıb. Tarixi-etnoqrafik xarakter daşıyan "Saxurlar" filmində Azərbaycanda yaşayan bu milli azlığın keçmişi, məişəti, adət-ənənəsi, müasir həyat tərzi, etnik xüsusiyyətləri əksini tapıb. Filmdə Qax rayonunun Qum və Çinarlı kəndlərində, habelə Zaqatala rayonunun Suvagil kəndində yaşayan əhalinin həyatı lentə alınıb. Bu filmin ərsəyə gəlməsində ssenari müəllifi Camal Yusifzadənin, rejissor Cahangir Mehdiyevin, operator Adil Abbasovun əməyi böyükdür.

Saxurlar Azərbaycanda ayrı-seçkilik olmadan yaşayırlar

Bu gün ölkəmizdə bərabərhüquqlu saxur gəncliyinin yetişməsi üçün hər cür imkanlar yaradılıb. Ali təhsil müəssisələrində yüzlərcə suxur gənci yüksək səviyyədə təhsil alır. Saxurların Azərbaycan ərazisində heç bir ayrı-seckilik olmadan yaşaması və onların inkişafı yönündə dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, müstəqillik dövründən etibarən saxurların Azərbaycan ərazisində demoqrafik artımı nəzərə çarpır. Belə ki, UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün böyük işlər görülüb. Hər bir digər etnik qruplar və kiçik xalqlar kimi saxurlara da dövlət səviyyəsində özünü ifadə etmək imkanları yaradılır və onlar bu imkanlardan yetərincə bəhrələnirlər.

Qeyd edək ki, saxurlar həm 1-ci, həm də 2-ci Qarabağ savaşında xeyli sayda şəhid verib. Onlar mehriban şəraitdə yaşadıqları Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında fəal iştirak ediblər.

Həsən Hüseynov
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.





Xəbər 3621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +