12.06.2024 12:20
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin son 15 ildə fəaliyyətinin əsas istiqaməti Azərbaycanda yaşayan milli azlıqların sosial-mədəni dəyərlərinin – adət-ənənə, folklor, dil, din, təhsili, mədəniyyət sahəsində mövcud problemlərini öyrənmək, həlli istiqamətində təşəbbüslərlə çıxış etmək, dövlətin bu sahədə həyata keçirdiyi layihələrin, proqramların icra səviyyəsini öyrənmək və təbliğ etməkdən ibarət olub.
Bu fəaliyyət zamanı məqsədimiz həm də milli azlıqların azərbaycançılıq ideologiyasına baxışını araşdırmaq, bu kontekstdə qədim tarix və mədəniyyətimiz, dövlətçilik ənənələrimiz üzərində formalaşan dəyərlərin qorunmasına dəstək vermək, bütün konfessiya və etnoslar arasında Azərbaycançılıq ideologiyasını təbliğ etmək, cəmiyyətdə ayrı-seçkilik, bölücülük fəaliyyətlərinə qarşı ümumi mübarizə ruhunun formalaşmasına kömək etmək olub. Həmçinin milli və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarını bu istiqamətdə informasiya ilə təmin etmək, bu kateqoriyadan olan vətəndaşlarımız arasında sağlam ruhlu gəncliyin formalaşmasını stimullaşdırmaq, gənc nəslin azərbaycançılıq ideologiyasını mənimsəmələri üçün maarifləndirici tədbirlərin keçirilməsini təmin etməkdir.
Yeni layihənin əhatə dairəsi
Yeni layihənin (Azərbaycanda birgəyəşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili) icrası zamanı Azərbaycanda azsaylı xalqların icmaları, onların rəhbərləri, fəal gənclərini prosesə könüllü cəlb etməklə onların sosial-mədəni dəyərlərinin təbliğində gözlədiyimiz nəticəni - dəyişikliyi əldə edə biləcəyimizi düşünürük. Bu proses zamanı icmalarla həm Bakıda, həm də rayonlarda lokal görüşlərin (yalnız icma daxilində) keçirilməsi planlaşdırılır. Görüşlərdən hazırlanacaq reportajlar, müsahibələr hər bir icma iştirakçılarından ibarət votçap qruplarına göndəriləcək. Beləliklə də icraçı QHT-nin hər bir icma (milli azlıq) ilə bağlı irəli sürəcəyi təşəbbüs, hazırlayacağı məhsuldan birbaşa və dolayı faydalananların əhatə dairəsi genişlənəcək. Eyni zamanda bu votçap qrupları həm də gələcək əməkdaşlıq üçün kommunikasiya aləti kimi istifadə olunacaq. Qrupun tərkibi gənclər, müəllimlər və icmada təmsil olunan digər nüfuzlu şəxslərdən ibarət olacaq. Yəni milli azlığın nümayəndəsi həm layihə müddətində, həm də ondan sonrakı dövrdə təmsil olunduğu icma ilə bağlı istənilən informasiyanı qrupda paylaşaraq onun ictimailəşməsinə nail olacaq. Bura dövlətin bu sahədə gördüyü və görəcəyi işlər, həyata keçirəcəyi layihələr, yeniliklər də daxildir. Biz bu vasitə ilə həm də o icmalarda baş verən proseslərdən daha operativ xəbərdar olmaq imkanı qazanacağıq.
Hədəf qrup kimlərdir?
Layihənin hədəf qrupu ölkədə yaşayan konkret azsaylı xalqlardır (tatlar, saxurlar, hapıtlar, qrızlar və buduqlar). Əsasən gənclər olacaq hədəf qrupu internet resurslarda, sosial platformalarda çox aktivdirlər. Onlar sosial şəbəkələrdə yaratdıqları səhifələrdə bəzən mədəni dəyərlərinə laqeydlikdən gileylənirlər. Bəzən bu narazılıqlar qəsdən ortaya atılır, bəzən də məlumatsızlıqdan dövriyyəyə buraxılır. Bu da separatçı qruplara əlavə meydan verir, Azərbaycanın sabit etno mühitinə zərbə vurmaq kimi ehtimalları artırır.
Bu gənclərin dövlət maraqlarının həyata keçirilməsinə səfərbər etmək, milli mədəniyyəti, multikultural dəyərləri qorumağı hədəf qoyan siyasi, ictimai və mədəni bir ideoloji hərəkata cəlb etməyə ehtiyac olduğunu düşünürük.
Layihənin icrası ilə hədəf qruplarda qədim tarix və mədəniyyətimizə, dövlətçilik ənənələrimizə, mənəvi dəyərlərimizə maraq artacaq, azərbaycançılıq ideologiyasının mənimsənilməsi gənclərə cəmiyyətimizin və dövlətimizin həyatında öz töhfələrini vermələrinə kömək edəcək.
Layihənin bütün yaş qruplarını, xüsusən də gəncliyi əhatə edəcəyini düşünürük. Bu yaş kateqoriyasına aid olan insanlar həm də sosial platformaların ən fəal üzvləridirlər. Onlarla işləmək, düzgün istiqamətləndirmək günün tələbidir. Belə olan təqdirdə həm dövlətə, həm o insanların ailələrinə, həm də onların özlərinə fayda verə bilərik. Düşünürük ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran təkcə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Etiraf edək ki, həmin dövrdə respublikanın ayrı-ayrı bölgələrində (Lənkəran, Quba, Balakən) milli-etnik ixtilaf, bölücülük tendensiyası var idi. Təəssüf ki, həmin dövrdə problemlər də az deyildi. Lakin bu problemlər təkcə respublikada yaşayan milli azlıqların deyil, bütün ölkə vətəndaşlarının problemi idi.
Etnososiologiya və multikulturologiya sübut edir ki, milli məsələ həssas mövzudur, xüsusən də müasir dövrdə diqqətli yanaşma tələb edir. Əlbəttə, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində çoxluqla azlıq arasında gizli və səssiz bir “savaş” gedir. Azlıq şüurlu formada assimlasiya olunmaq istəmir, çoxluq isə qeyri-ixtiyarı bu prosesin təbii iştirakçısına çevrilir.
Hazırda dünyada olduğu kimi Azərbaycanda da mədəni müxtəlifliyi təhdid edən amillər mövcuddur. İlk növbədə milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır. Bu nə deməkdir? Biz KİV-lərdə, konfrans salonlarında, sərgilərdə, festivallarda davamlı olaraq Azərbaycan və yaxud da konkret 2-3 azlığın mədəniyyətini israrlı təbliğ ediriksə, bu digər xalqların mədəniyyətlərini kölgədə qoyur. Daha yaxşı olar ki, biz bu coğrafiyada yaşayan digər xalqların da sosial-mədəni dəyərlərini bərabər şəraitdə Azərbaycan mədəniyyətinin komponenti kimi təqdim edək. Yalnız belə olan təqdirdə mədəni müxtəlifliyin davamlı və sabit inkişafına şahidlik edə bilərik.
Digər mühüm məsələ dinin mədəniyyətə təzyiq göstərməsidir. Bu daha çox məlumatsızlıq və fanatizmlə bağlıdır və bütün dinlərdə mövcuddur. Təəssüf ki, bəzi bölgələrdə mədəni dəyərlər az qala dini rituallar kimi təqdim olunur. Əslində mədəniyyət və dinin sərhədləri mübahisəlidir. Belə olan halda da bəzən birinin digərinə “təcavüzü”nün şahidi oluruq.
Azsaylı xalqlar öz dəyərlərini böyük şəhərlərə daşıya bilmirlər
Dünyada qloballaşmanın təsiri altında dillərin yox olduğunu, ənənələrin itirildiyini, zəif mədəniyyətlərin kənarda qaldığını və tamamilə məhv olduğunu müşahidə edirik. Bu o zaman baş verir ki, müxtəlif səbəblərdən ölkədən-ölkəyə, kənddən-şəhərə könüllü miqrasiya olur. Bu miqrasiya nəticəsində hər hansı bir milli azlıq öz dəyərlərini böyük şəhərlərə daşıya bilmirlər. Və yaxud da böyük şəhərlərdə dil yalnız ailə içində yaşadılır, ənənə unudulur. Bu kontekstdə əsas kimi konkret olaraq sayı az olan buduq, ingiloy, xınalıq, hapıt, tat, türkmən və başqa xalqları göstərə bilərik.
Azərbaycanda irili-xırdalı 20-dən çox milli azlıq, azsaylı xalq və etnik azlıqların nümayəndələri yaşayır. Onların da böyük əksəriyyəti yığcam halda Azərbaycanın qonşu ölkələri ilə sərhəddə (İranla sərhəddə talışlar, Rusiya ilə sərhəddə ləzgilər, Gürcüstanla sərhəddə ingiloylar, gürcülər, avarlar) məskunlaşıblar. Etiraf edək ki, quru sərhədlər açıq olduğu vaxtlarda bu bölgələrin əhalisi daha çox bu dövlətlərə gedib-gəlir, sosial-iqtisadi və məişət ehtiyaclarını ödəyirlər. Təbii ki, məlum ölkələr də davamlı olaraq bu azlıqların problemlərini (ehtiyaclarını) öyrənir, ən kiçik qayğılarını belə qeyri-rəsmi də olsa ictimailəşdirməkdən çəkinmirlər. Bu barədə biz həm sosial şəbəkələrdə, həm də qonşu ölkələrin media resurslarında informasiyalarla qarşılaşmışıq. Məsələn, Qax və Balakəndə yaşayan gürcülərin öz ana dilində dərs vəsaitlərinin çatışmazlığı ilə bağlı Gürcüstan, ləzgilərin folklor nümunələrinin yaşadılmaması ilə bağlı Dağıstan (Rusiya) mətbuatında tənqidi materiallara tez-tez rast gəlirik.
Reinteqrasiya prosesinin yeni başlamasına baxmayaraq Ermənistan mediası Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının problemlərini ictimailəşdirməkdə israrlıdır. Bu kimi nümunələr kifayət qədərdir. Proses yəqin ki, davamlı olacaq, xüsusən də Qarabağ ermənilərinin reinteqrasiya məsələləri gündəmə çıxandan sonra daha da sürətlənib. Bu kimi anti-Azərbaycan təbliğatının qarşısını almaq mümkündürmü? Əlbəttə mümkün deyil, amma önləyici tədbirlərlə ölkəmizdə yaşayan zəif multikultural subyektlərə təsir gücünü önləmək olar.
Əlbəttə, inzibati resurslar bu işdə keçərli düstur deyil və beynəlxalq təcrübədə qətiyyətlə rədd edilir. Monoetnik dövlətlər istisna olmaqla, milli tərkibi zəngin olan ölkələrdə daha çox davamlı maariflənməyə üstünlük verilir. Məsələn, ucqarlarda yaşayan icmalarla fərdi söhbətlər (lokal görüşlər – buna “səssiz təbliğat” da deyirlər), onların sosial-mədəni inkişafı ilə bağlı müsahibə və reportajların (dil, din, folklor özgürlüyü, adət-ənənə) hazırlanması kimi vasitələrlə sabit etnomühitin qorunub saxlanılmasına çalışılmalıdır.
Bu zaman ilk növbədə İnformasiya-Kommunikasiya Texnologiyalarının verdiyi hüdudsuz imkanlardan istifadə edərək təbliğat qurulmalıdır. Bu xalqları təmsil edən icmalar, onların rəhbərləri, üzvləri sosial platformalarda aparılacaq təbliğatın avanqard qüvvəsinə çevrilməlidirlər. İcmalarla təmas konfrans salonları ilə yekunlaşmamalı, onların ofisləri davamlı müzakirə məkanlarına çevrilməlidir. Bakıdan hər hansı bir QHT rəhbərinin Qubada, Qaxda və ya Lənkəranda keçirdiyi 1 saatlıq tədbirə könülsüz qatılan azsaylı xalqın nümayəndəsi üçün bu üsul effektli deyil, daha doğrusu köhnədir. Ona tanımadığı ekspertin 20 dəqiqəlik məruzəsindən daha çox hər hansı bir internet resursunda və ya üzvü olduğu sosial platformada qarşılaşacağı məqalə, xəbər daha təbii və cəlbedicidir. Bu onun təmsil olunduğu xalq haqqında olanda əldən-ələ, evdən-evə dolaşır. Məsələn, deyək ki, biz azərbaycançılığın içində ona onun dilini, dinini, folkorunu, ədət - ənənəsinin yaşatdığımızı sübut etməyə çalışmalıyıq. İzah etməliyik ki, azərbaycançılıq hər bir xalqın dilinə, adət-ənənəsinə, mədəniyyətinə fərdi yanaşır və yaşadılmasının tərəfdarı kimi çıxış edir. Azərbaycançılıq assimliyasiyanı inkar edir, dəyərlərə hörmətlə yanaşır, vətənçiliyi təbliğ edir. Bir sözlə bu istiqamətdə təbliğat 1-2 saatlıq açıq tədbirlər, izdihamlı toplantılarla deyil, qalıcı təbliğat materialları (videolar, məqalələr, müsahibələr, reportajlar) şəklində aparılmalıdır. Dəfələrlə bu xalqlarla belə toplantılar keçirən QHT olaraq etiraf etmək məcburiyyətindəyik ki, bu kimi tədbirlər onlarla vaxt itkisinə (hədəf qrup üçün) səbəb olur. Benefisiarlar üçün isə ümumiyyətlə əlçatan olmur.
Bu coğrafiyada yaşayan xalqların adən-ənənəsini, mədəniyyətini, dilini, folklorunu olduğu kimi saxlamalı və onları azərbaycançılığın komponentlərindən birinə çevirməliyik. Məsələn, 5 min illik tarixi olan xınalıqlar (Quba, Xınalıq kəndi) yalnız Azərbaycanda yaşayırlar. Deməli, mədəniyyətləri və xalq olaraq digər keyfiyyətləri də bu coğrafiyada formalaşıb, təşəkkül tapıb. Belə olan təqdirdə niyə azərbaycançılıq ideologiyasının komponentlərindən biri olmasın? Çünki, onların mədəniyyəti, adət-ənənəsi digər azsaylı xalqlar kimi daşınan deyil, yəni miqrasiya əsasında formalaşmayıb.
Beləliklə, biz azərbaycançılığa daha geniş məzmun verərək onun əhatə dairəsini həm Azərbaycanda yaşayan xalqlarla zənginləşdirməli (ansambıl yaratmalı), həm də dünyaya səpələnən milyonlarla soydaşımızın ideoloji prinsipinə çevirməliyik.
Azərbaycançılıq milli ideologiya kimi...
1990-1995-ci illərin gərgin ictimai-siyasi gündəminə diqqət etsək, torpaqlarımızın işğalı, separatizm, vətəndaş müharibəsi və iqtisadi çətinliklər fonunda birləşdirici, birgəyaşayışa stimul yox idi. Bu o zamana təsadüf edirdi ki, Ümummilli lider Heydər Əliyev öz çıxışlarında Azərbaycanı çoxmillətli, tolerant ölkə adlandırır, böyük sərvətimiz hesab edir, bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməyin vacibliyini bəyan edirdi: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq...".
Əlbəttə ki, Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqətçəkən idi. O, ölkənin etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu dönə-dönə vurğulayırdı.
Sonrakı tarixi sınaqlarda digər xalqların nümayəndələri daim ön cərgədə oldular, müstəqilliyimizin qorunub saxlanmasında fədakarlıq göstərdilər. Elə bu ayrı-seçkiliyin olmaması, millətlərin qaynayıb-qarışıb qohumlaşıb, qardaşlaşıb yüz illərdir Azərbaycanda sülh içində yaşaması səbəbindən hər iki müharibədə (Qarabağ) kənara çəkilmədilər. Talış, ləzgi, avar, rus, yəhudi və başqaları Azərbaycan türkləri ilə çiyin-çiyinə bir səngərdə qəhrəmancasına döyüşdülər, şəhid, qazi oldular. Bu, xalqların azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin, Azərbaycan və Qarabağ uğrunda mübarizənin nümunəsi idi. Yəni bir ləzgi, yaxud bir avar heç də digər millətlərdən Qarabağ üçün az fədakarlıq etmədi. Ona görə Vətən müharibəsində bütün millətlərin ərazi bütövlüyümüz uğrunda yumruq kimi birləşməsi, şəhidlik zirvəsinə qalxanların hər millətin nümayəndələrindən olması bizim milli birliyimizi gücləndirdi. (yəhudi Albert Aqarunov, malakan Vladimir Koveşnikov, rus Dmitri Aleksandroviç Solntsev, Denis Pronin, talış Tarzan Həşimov (Lerik/Bibihoni kəndi), ləzgi Rəsul Qazımətov (Qusar), avar Elməddin Şindiyev (Zaqatala) və b.).
Qarabağda həyata keçirilən (sentyabr, 2023) qısamüddətli lokal antiterror əməliyyatlarından sonra Bakıda və Şuşada keçirilən tədbirlər Azərbaycanın beynəlxalq aləmdə öz ərazisində yaşayan digər etnik azlıqlara və xalqlara hörmətlə yanaşması və birgəyaşayış üçün münbit ölkə olması ideyasını bir daha təsdiq etdi. Belə yüksək səviyyəli tədbirlərlə dünya erməniliyinin illərdir ölkəmizə qarşı formalaşdırdığı milli dözümsüzlük rəyi artıq aradan qalxır, Azərbaycanın bütün xalqlar və millətlər üçün barışıq və dialoq mərkəzi olması konsepsiyası meydana çıxır.
Azərbaycanda yaşayan hər bir milli azlığın bu proseslərdən xəbər tutmasına ciddi ehtiyac var. Əlbəttə ki, bunun üçün obyektiv informasiya istehsal olunmalı və istehsal olunan bu məhsul (informasiya) ölkədə yaşayan milli azlıqlar və dini konfessiyalar üçün əlçatan olmalıdır.
N.Niftiyev
Bu yazı “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda birgəyaşayış: Azsaylı xalqların sosial-mədəni dəyərlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 2365 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|