“Mən inanıram ki, indidən Şuşaya qədəm basıb öz gələcək həyatını burda qurmaq üçün çalışanlar peşman olmayacaqlar, gecikənlər isə əksinə, fikirləşəcəklər ki, gərək mən də vaxtında gedəydim...”
Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a bir müddətdir Şuşaya köçərək orada yaşayan tanınmış jurnalist Kərim Kərimli deyib. O, Şuşa ilə paytaxt Bakını müqayisə etməyin yanlış olduğunu bildirib:
“Əlbəttə ki, Şuşa ilə Bakı arasında fərq var. Bakı ölkənin paytaxtıdır və milyonlarla əhalisi, minlərlə müəssisəsi, tikintisi, məktəbləri, nazirlikləri, əyləncələri var. Yəni Bakını istənilən rayon mərkəzi ilə müqayisə etmək düzgün deyil. Bakının öz yeri var. Amma bu o demək deyil ki, ölkənin bütün əhalisi axışıb Bakıda yaşamalıdır. Hər rayonun öz funksiyası və özünəməxsus xüsusiyyətləri var, o cümlədən də Şuşaş şəhərinin.
Şuşa gələcəkdə ölkənin bir nömrəli populyar və cəlbedici şəhəri olacaq. Artıq bu şəhər dirçəlir, inkişaf edir, mədəniyyət mərkəzinə çevrilir.
Gənclər bu şəhərə gəlməyə bəzən risk etmirlər. Onlar nabələd şəhərə getməyə, orada nəyəsə nail olacaqlarına inanmağa çəkinirlər. Təbii ki, başqa şəhərlərdə yaşayan gənclərin Şuşaya mütləq köçmək kimi borcu yoxdur. Amma Şuşa camaatı azadlıqdan sonra bura qayıtmalıdır. Hələ ki, Şuşada 23 bina istifadəyə verilib və cəmi 450 ailə bura sığışa bilir. Amma 12 və 15 binadan ibarət yaşayış binasının artıq əsası qoyulub. Əlbəttə ki, bu binaların sayı zamanla artırılacaq, çünki Şuşa əhalisi yenidən bura qayıtmaq arzusundadır”.
K.Kərimli bildirib ki, Şuşanın perspektivi gələcəkdə heç də paytaxtdan zəif olmayacaq:
“Hesab edirəm ki, Bakı ilə nə qədər fərqi olsa da, Şuşa mədəniyyət paytaxtıdır və gələcəkdə də heç də Bakıdan əskik olmayan imkanlara malik olacaq. Təbii ki, burada əhali Bakıdakı qədər milyonlarla olmayacaq, lakin yaşam şəraiti, iş yerləri heç də Bakıdakından zəif olmayacaq. Hazırda əməkhaqqı burada daha üstündür. Zamanla şəhər inkişaf etdikcə, inanıram ki, daha da yaxşı olacaq.
Şuşada hazırda bütün sahələrdə savadlı, işgüzar, çalışqan və kreativ gənclərə üstünlük verilir. Mənim burada olduğum 1 aya yaxın müddətdə müşahidə etdiklərim bunlardır. Görürəm ki, əksər sahələrdə burada gənclər çalışır. Hətta bir çox müəssisədə rəhbər işçilər də məhz gənclərdir. Fikrimcə, bu, düzgün addımdır və gələcəkdə də bu stimul davam etsə, daha gözəl olacaq. Burada elə gənclər var ki, bir neçə xarici dil bilir. Sual edilə bilər ki, rayon yerində xarici dilə nə ehtiyyac var? Amma belə deyil, Şuşaya tez-tez xaricdən çoxsaylı qonaqlar gəlir və onların iştirak etdiyi tədbirlərdə xarici dildən tez-tez istifadə olunur”.
Xəbər 5269 dəfə oxunub.