On illərlə kağız israf edib dövlətin milyardlarını havaya səpməklə aldığımız elmi dərəcə və adlar ölkəmizə ziyandan başqa nə verib ki? Məgər onlar olmasaydı, indikindən geridə qalacaqdıq? Halbuki yüksək mənəviyyatla dünyanı heyran edən nümunəvi rifah cəmiyyəti qura bilərdik. Məhz həmin cəmiyyəti elmsiz təsəvvür etmək olmazdı...
Mahiyyəti müftə pul mənimsəməkdən ibarət mənəviyyatsız və vicdansız cəmiyyətlərdə həqiqi elm yoxdur və ola bilməz. Elmin fəzilətlərindən isə istədiyin qədər danışa, çıxış edə, gözə kül üfürə bilərsən.
Akademiyanın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüş keçirib.
İnsan iradəsinə bağlı tədbirləri Allahın iradəsinə bağlamaqla canını qurtaran, məsuliyyətdən və gərginlikdən uzaq duran, yüksək maaş, təqaüd və rahat həyat şəraitini əldə saxlamaq üçün (təki mən salim olum, başqaları batsa da, batsın) əlindən gələni edən 76 yaşlı vəzifə əvəzçisi və onun tərifə qurşanmış akademik analoqları möhtəşəm işlər gördüklərini iddia ediblər. Onlar sanırlar ki, belə təbliğatlarla dövlətdən daha çox pul-para qoparıb səkanətə daldıqları qurumda ömürlərinə ömür qatacaqlar.
Ünlü akademiklər - İsa Həbibbəyli, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Teymur Kərimli və digərləri çıxış edərək təbliğ və təkliflərlə qurumu dirildəcəklərini, bunun üçün fərdi və kollektiv təbliğata girişilməsini, avadanlıqlar-filan alınmasını, humanitar sahədə müştərək laboratoriyaların yaradılmasını (bəh-bəh!) və s. deyiblər.
İllərdir, eyni hava. Sözlə əməlin sərt təzadı. Tərif, tərif, tərif... gözə kül üfürmələr... Köhnə hamam, köhnə tas.
Akademiyada mənimsənilən yüz minlərlə, milyonlarla dövlət vəsaitinin taleyinə biganə qalan, əyri yollarla nəsil-nəcabətlərinə gün ağlayan, xalqa və dövlətə nifrət bəsləyən, 2-3, 3-5 vəzifəni qamarlayıb həmvətənlərinə kin bəsləyən, açıq elmi polemikaya savadı çatmayan, kəmiyyətə qurban deyilən saxta əsərlərlə dövləti və xalqı aldadan, pul qoparmaqla, cibə girməklə var üstünə var gətirən alim-akademiklərə meydan verildikcə gələcəyimizin qapqaranlıq labirintlərə salınması şübhəsizdir.
Sual: Möhtərəm akademiklər, xeyir ola, niyə belə əl-ayağa düşmüşünüz? Qorxursunuz ki, akademiya bağlanar? Nədən qorxursunuz? Bəlkə millətin ac-yalavac balalarının dərdini çəkirsiniz? Yoxsa gördüyü işə, çəkdiyi zəhmətə heyranlığınızı gizlədə bilməyib paxıllıq etdiyiniz, maddi sıxıntılara, təzyiq və təhdidlərə məruz qoyduğunuz həmkarınızın çətin durumunu düşünürsünüz? Heyhat! Əfsus ki, səlahiyyət bolluğundan, pul, sərvət yığmaqdan, vəzifədən vəzifəyə intiqal etməkdən, talamaqdan, əlavə mülkə sahib olmaqdan, nəsil-nəcabətinizi diplomlaşdırıb xalqın üstünə salmaqdan doymursunuz.
Çoxunuz da ki, maşallah, ölkə elmini, mədəniyyətini və mənəviyyatını “ağ gün”ə çıxarmış pensionerlərsiniz. Fəqət pensiyaya da çıxmırsınız ki, yazıq olub yaman günlərə qalmış gənclərə yol açılsın. Sanki sona qədər mənəvi mühiti xaraba qoymağı qarşınıza məqsəd qoymusunuz.
Rektor da sizsiniz, direktor da, prorektor da, dekan da, kafedra müdiri də, hətta müəllim də, laborant da.
Maddi haqqı qamarlanmış dürüst və ləyaqətli bir Azərbaycan vətəndaşını yaxına buraxmırsınız...
Belə cahil alimlərlə ölkə inkişaf edərmi, həqiqi milli bilrik, vətəndaş həmrəyliyi yaranarmı? Yox, əlbəttə!
Akademiya institutları inhisarda, universitetlər inhisarda, nə bilim, texnikumlar, kolleclər, liseylər, bir sözlə, elm və təhsil müəssisələri inhisarda. Nə istəyirsiniz?
Bəsdir, nadürüstlük edib vətəndaşları pərən-pərən salmaqla millətin nəşi üzərində özünüzə siyasi əyləncə qurduğunuz. Ayıb olsun! Sözünüzlə əməlinizin ziddiyyətindən utanın!
Akademiyanın ləğvindən niyə narahat olursunuz? Sizin ki yığdıqlarınız nəvə-nəticələrinizə bəsdir. Qoyun, sizin üzünüzdən haqqı tapdalanmışlar, yeyib-yatdığınız, uzun illər görə bilmədiyiniz işləri görənlər, himayəsində azyaşlı uşaqları olub zülm çəkənlər, qanuna və ədalətə hörmət etdikləri üçün imkansız qalan, kirayələrdə ömür çürüdən ləyaqətli vətəndaşlar, yeganə iş yerləri akademiya olub cüzi maaşa baxanlar, alıb-aldatmayanlar narahat olsunlar. Siz niyə narahat olursunuz? Çünki gözünüz ac, tamahınız intəhasızdır. Çarəsi isə qara torpaqdır.
Vallahi, billahi, tallahi, lap belə, Əbi-l-Fəzl-Abbas haqqı, magistratura pilləsini bitirmiş savadlı bir magistr, yaxud bir fəlsəfə doktoru sizdən çox-çox savadlı, məhsuldar və funksionaldır. Elələrini gözüm-çıxdıya salıb didərgin salıbsınız, qalanları da əlinizin altına salıb özünüz kimi öyrədirsiniz. Bütün bu əməllərə görə dövlət pulmu ayırmalıdır?!
İndi də iclas keçirirsiniz. Elə isə, o iclaslarda dövlətə vurulan milyardlarla ziyandan niyə danışmırsınız? Əlbəttə, diqqəti yarım milyonluq, bir milyonluq mülklərdən, saxtakarlıq və yeyintilərdən yayındırmaq üçün “elm” iclasları bəlkə də qarışıq vaxtlarda effekt verə bilər, hə? Vay, vay...Bu yönlə, bu üsulla, bu müstəqbih davranışla ölkəni yalnız məhvə sürükləmək olar. Təvəkkülçü akademik demişkən, ümidimiz bir Allaha qalıb!
PS.
“Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan mənəviyyatsız adamlar cəmiyyətdə heç bir şeydirlər”
Heydər Əliyev
İdris Abbasov
Professor
Xəbər 7101 dəfə oxunub.