Azərbaycan dövlətçiliyinin davamlı inkişafı, sabit sosial-iqtisadi tərəqqi və rifahlı gələcəyə yönəlmiş siyasətin əsasında uğurlu kadr siyasəti durur. Son illərdə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradan və müasir kadr siyasətinin mahiyyətini müəyyənləşdirən dəyərlər sistemi formalaşdırmışdır.
Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir.
İslahatlar ölkədə yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr islahatlarının da reallaşdırılmasını təmin edir. Son vaxtlar Prezident İlham Əliyevin rayon və şəhər icra hakimiyyətlərinə gənc rəhbərləri təyin etməsi, onlara etimad göstərməsi, xüsusilə də səlahiyyətlərinin icrasına başlamaları ərəfəsində onları qəbul edərək tövsiyələrini verməsi söylədiklərimizin əyani sübutudur. Müasir və güclü dövlətin, demokratik və şəffaf idarəetmənin formalaşdırılması üçün aparılan ardıcıl islahatlar milli kadr siyasətinin əsas istiqamətlərinin zəruri xüsusiyyətlərinin müəyyənləşdirilməsinə səbəb olmuşdur. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, müasir və yaradıcı təfəkkürlü, geniş dünyagörüşlü, peşəkar kadrların məsuliyyətli vəzifələrə təyin olunur, həmçinin kadr potensialının, insan resurslarının intellektual bazasının yenilənməsi və genişləndirilməsi üçün mühüm tədbirlər keçirilir.
Respublikamızda kadr siyasəti peşəkarlıq, müasirlik və ən əsası xalqa sədaqətlə xidmət kimi meyarlar üzərində qurulmuşdu. Son dövrlərin təyinatında da bu hal özünü qabarıq göstərir. Prezidentin müvafiq Sərəncamı ilə Adil Əliyevin Suraxanı rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi buna bariz nümunədir.
Daxili İşər Nazirlyinin Polis Akademiyasını bitirmiş Adil Əliyev polis polkovnik-leytenantıdır. O, əvvəllər Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin bərə-keçid bölməsinin rəisi, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi, Yasamal Rayon Polis İdarəsi cinayət-axtarış şöbəsinin rəisi, deputat seçilənə qədər isə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Milli Məclisin deputatı seçilmiş, 2005–2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvü olmuş, 2020-ci ildə Milli Məclisin sədr müavini və Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmiş Adil Əliyev sadə vətəndaşlara səmimi və yaxın münasibəti ilə hər zaman seçilib. Millət vəkili olaraq hər zaman öz səmimiyyəti, seçicilərinə yaxın olması ilə seçilib. Bu günə kimi dərdini bölüşmək üçün onu axtarıb, lakin tapa bilməyən seçici olmayıb.
Seçildiyi dairənin ərazisində yaşadığı və seçki qərargahı da burada yerləşdiyi üçün o, insanlara hər zaman yaxın olub. Onun seçki dairəsinə aid ərazidə yaşayan sakinlər öz sosial problemlərini həll etmək üçün dövlət qurumlarına deyil, birbaşa Adil müəllimin ofisinə üz tutublar. O da öz növbəsində seçicilərinin problemini həll etməkdən ötrü əlindən gələni əsirgəməyib. İctimai-siyasi fəaliyyəti ilə yanaşı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti olaraq idman sahəsində də fəal işləri ilə seçilir. Federasiyanın güclü inkişafını, bu idman növünün cəmiyyətdə özünəməxsus yer tutmasını, mütəmadi olaraq beynəlxalq yarışların keçirilməsini, xarici ölkələrdə idmançılarımızın uğurlar qazanmasını və Azərbaycan bayrağını yüksəklərə qaldırılmasını ölkəmizdə hər kəs bilir. Onun Azərbaycan idmanı üçün gördüyü işlər göz qabağındadır. Beynəlxalq yarışlar təşkil etməklə Azərbaycanın dünyada tanıdılmasına böyük dəstək olur.
Adil Əliyev millət vəkili olaraq ortaya qoyduğu fəaliyyətləri, eləcə də xarici ölkələrlə Azərbaycan arasında müasir əlaqələrin inkişaf etməsində müstəsna xidməti olan bir siyasətçidir. Milli Məclisdə təmsil olunduğu illər qatıldığı beynəlxalq tədbirlərdə ökəmizdə baş verən hadisələr, əldə olunan nailiyyətlər, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, respublikamızın dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və digər mühüm məsələləri hər zaman beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Öz çıxışlarında Azərbaycanın multikulturalizmin beşiyinə çevrildiyini, bu dəyərlərin dövlət səviyyəsində qoruduğunu dönə-dönə diqqətə çatdırıb. O, xüsusilə Ermənistanın təcavüzkar siyasətini və ermənilərin Rusiya dövlətinə arxayın olaraq törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar edir. Hələ Böyük Zəfərdən əvvəl çıxışlarında beynəlxalq təşkilatların torpaqlarımızın işğalı faktına haqsız yanaşması ilə bağlı səsləndirdiyi fikirlər hər zaman böyük əks-səda doğurub.
Adil Əliyevin türk dünyası ilə Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin qorunub saxlanılmasında da xüsusi rolu var. Təsadüfi deyil ki, hələ bir neçə il əvvəl Azərbaycan Milli Məclisinin deputatı Adil Əliyev Türkiyə-Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin güclənməsində göstərdiyi xidmətlərə görə, “Avrasiya Xidməti Nişanı” ilə təltif edilmişdir. Millət vəkili, həmçinin, Beynəlxalq Türksoyla İpəkyolu Dərgisi və İpəkyolu Strateji Tədqiqatlar Mərkəzi tərəfindən Türk dünyasının siyasi-sosial və idman həyatında göstərdiyi fəallığına görə “Türk Dünyasına Xidmət Ödülü”nə də layiq görülüb.
Adil Əliyev millət vəkili olaraq bütün fəaliyyəti dövründə Qarabağ mövzusunu, düşmənin işğalçı siyasətini hər zaman diqqətdə saxlayıb. O, Cənubi Qafqazın bəlası adlandırdığı Ermənistanın işğalçı siyasətini bütün dünyaya çatdırmaq üçün illərdir ki, fədakarcasına mübarizə aparıb. Milli Məclis Sədrinin müavini çalışdığı dönəmdə keçirdiyi bütün beynəlxalq görüşlərdə hər zaman güclü dövlətimizin olduğunu, Ordumuzun bütün növ müasir silahlarla təmin edildiyini, tam şəkildə komplektləşdirildiyini, hazırda nəinki Cənubi Qafqazın, eyni zamanda, dünyanın ən güclü ordularından biri olduğunu qeyd edib. 44 günlük Vətən Müharibəsində qazandığımız Böyük Zəfəri də, Adil Əliyev haqlı olaraq yalnız düşmən üzərində deyil, ikili siyasət yürüdən, illərlə işğalçı dövləti dəstəkləyən bəzi beynəlxal təşkilatlar üzərində qələbə kimi şərh etmişdir.
“Ermənistanın xalqımıza qarşı törətdikləri tarixi cinayətlər beynəlxalq ictimaiyyətə yaxşı məlum olmasına baxmayaraq, dünya dövlətləri nəinki ona təzyiq göstərdi, hətta etdiyi bütün özbaşınalıqlara susdu. Münaqişənin nizama salınması məqsədilə ATƏT-dən mandat almış vasitəçilər sülhün və sabitliyin təmin olunmasının təmin etmək, düşmənin hərbi təcavüzünün qarşısını almaq əvəzinə, danışıq prosesinin məntiqi nəticəyə çatmasına da maneə yaradırdılar. Məhz Azərbaycan dövləti lazımi nəticəyə nail olmaq üçün konstruktiv mövqe nümayiş etdirməyə və görüşlərə razılıq verməsinə baxmayaraq, qarşı tərəf prosesi pozur, hər vəchlə sülhün qarşısında əngəl olurdu. Bu gün ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən ABŞ və Fransa isə baş verənləri, sadəcə, izləyir, heç bir əməli addım atmır, Ermənistana təzyiq göstərmirdi. Bu gün açıq-aydın görürük ki, onların münaqişənin nizamlanmasında heç bir marağı olmayıb, hətta müsbət həlli təxirə salmaqla münaqişəni yubadıblar. Onlar münaqişənin həllini uzatmaqla onu qeyri-mümkün etməyə cəhdlər göstəriblər. Danışıqlar prosesi sülhə yaxınlaşdıqda hər dəfə Ermənistan bir bəhanə ilə onu pozdu və müharibədən başqa çıxış yolu qoymadı.
Düşmən ölkənin baş nazirinin, digər vəzifəli şəxslərinin təxribatçı bəyanatları, qondarma rejimə səfərləri məhz Azərbaycanın səbir kasasını doldurdu. Nəhayət 2020-ci ildə Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı, qısa müddətdə bütün cəbhəboyu istiqamətlərində uğur qazanıldı və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olduq. Məhz Müzəffər Ali Baş Komandanın hər gün bizə verdiyi xoş xəbərlər, işğaldan növbəti rayonumuzun, şəhərimizin, kəndimizin azad olunması mesajı xalqımızı sevindirdi”, - deyə o müsahibələrində qeyd edirdi.
Adil Əliyev xalqımıza bu tarixi Qələbəni bəxş etmiş şəhidlərimizi, Vətən uğrunda sağlamlığını fəda etmiş qazilərimizi heç zaman unutmur. Təsadüfi deyil ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Əliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunduqdan dərhal sonra ilk görüşləri məhz şəhid ailələri və qazilərlə keçirib. Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl və çoxkonturlu siyasətin uğurlarından bəhs edərək, qazandığımız tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu bildirib. Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə ayırdığı diqqət və qayğıdan bəhs edən Rayon İcra Hakimiyyətinin başçısı bu siyasətin uğurla davam etdirməyin hər bir kəsin həm də vətəndaşlıq borcu olmasını qeyd edib.
Döyüş meydanında aparılan uğurlu əməliyyatların və diplomatik müstəvidə atılan addımların nəticəsində tarixi torpaqlarımız bu gün azaddır, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid ailələri və qazilərlə birlikdə Şəhidlər Xiyabanlarını ziyarət edib. Rayonun Bülbülə, Əmircan, Zığ, Suraxanı və Hövsan qəsəbələrində, eləcə də Xəzər və Sabunçu rayonlarında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunub. Əminik ki, hər zaman dövlətinə və xalqına sədaqətlə xidmət edən Adil Əliyev icra başçısı olaraq da, xalqa yaxınlığı, Suraxanı rayon sakinlərinin problemlərinə məsuliyyətli münasibəti ilə bu sahədə də bir çox yeniliklərə imza atacaq. Bu təyinatın Vətənə və xalqa xeyirli olmasını arzu edirik.
İskəndər Quliyev,
“Şəffaf seçkilər” Monitorinq Mərkəzinin direktoru
Xəbər 7456 dəfə oxunub.