25.02.2025 10:53
Ukrayna müharibəsi: Yüz minlərlə ölü var
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi general-leytenant İqor Kirillovun dekabrdakı qətli qlobal media manşetlərini zəbt etmişdi. Skuter partlayışından sonra onun qanlı cəsədi tapıldı, ancaq rusiyalı generalın bu hadisədən təxminən doqquz ay əvvəl güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi ictimaiyyətə açıqlanmamışdı.
Kirillovun güllələnməsi sızdırılmış tibbi sənədlərdə üzə çıxıb. Bu sənədlər AzadlıqRadiosu tərəfindən əldə edilib. Bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğalındakı itkilərinin əhatə dairəsi barədə təəssürat yaradır.
Rusiyalı generalın bir aydan çox müddətdə xəstəxanada müalicə alması Rusiya Müdafiə Nazirliyinin 166 minə yaxın hərbçinin adının olduğu məlumat bazasında yer alan qeydlər arasındadır. Bu məlumat bazasını AzadlıqRadiosuna Rusiyanın 144-cü Qvardiya motoatıcı diviziyasının tərkibindəki hərbi təxliyə bölməsinə komandirlik etmiş və siyasi sığınacaq üçün Fransaya qaçan çavuş Aleksey Jilyayev verib.
Məlumat bazası 2022-ci ilin fevralından başlayaraq 2024-cü il iyunun ortalarına qədər olan dövrü əhatə edir. Bu bazada yüksəkrütbəli generallardan tutmuş, sıravi əsgərlərə qədər hərbçilərin xəstəxanaya yerləşdirmə qeydləri əksini tapıb. Bazaya həmçinin ən azı 10 ölkədən olan özəl muzdlu hərbçilər barədə məlumatlar da daxildir.
Qərbin hesablamalarına görə, bu müharibədə indiyədək bir milyondan çox ölən və yaralanan var. Prezident Volodimir Zelenski fevralın əvvəlində bildirib ki, Ukrayna tərəfindən ən azı 46 min hərbçi ölüb, təxminən 380 min hərbçi yaralanıb. Ekspertlər bu rəqəmləri kiçildilmiş hesab edirlər.
Qərbin hesablamalarına görə, dekabr ayına qədər Rusiyanın itkiləri - ölən və ya yaralanan - 700 mini ötüb. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təhlilinə görə, ən azı 172 min Rusiya hərbçisi həlak olub, 611 min nəfər yaralanıb.
Bu yaralıların əhəmiyyətli bir hissəsi hərbi xəstəxanalarda müalicə alıb və nəticədə onlar barədə məlumatlar Müdafiə Nazirliyinin Baş Hərbi Tibbi İdarəsinin ölkə üzrə məlumatlar bazasına daxil edilib.
AzadlıqRadiosu bazadakı məlumatlar üzərində təhlil aparıb və 165 min 584 unikal qeyd aşkar edib: adlar, rütbələr, qəbul tarixləri, buraxılış tarixləri, müalicə yerləri, yara və ya zədə növləri və hərbçilərin xidmət etdiyi bölmələr. Burada həmçinin artıq fəaliyyətdə olmayan "Vaqner" muzdlu dəstəsindən və hərbi kəşfiyyat agentliyi olan QRU-dan da adlar var.
AzadlıqRadiosu məlumatların düzgünlüyünü təsdiq etmək məqsədilə bu qeydlərin bir hissəsini açıq şəkildə mövcud olan məlumatlarla, məsələn, sosial media paylaşımı və xəbər məqalələri ilə müqayisə edib, beləliklə, bazada haqqında qeydlər olan bəzi şəxsləri müəyyənləşdirib.
Məsələn, prezident Vladimir Putin 2022-ci ilin mayında Moskvada hərbi xəstəxanaya baş çəkərək yaralı hərbçilərlə görüşüb. TASS tərəfindən yayımlanan fotolarda Putin iki əsgərlə birgə görüntülənib, onlardan birinin adı məlumat bazasında mövcuddur.
AzadlıqRadiosu məlumat bazasında adları qeyd olunan bir neçə əməkdaşın sosial media hesablarına mesaj göndərərək əlavə məlumat əldə etməyə çalışıb. Yalnız bir Çin vətəndaşı mesaja cavab verərək Ukraynaya qarşı Rusiya ordusunda döyüşdüyünü təsdiqləyib, lakin əlavə məlumat verməkdən imtina edib.
Yaşlı əsgərlər və təxliyədə uğursuzluqlar
Məlumat bazası müharibə zamanı yaralanmış rusiyalı hərbçilərin yalnız bir hissəsini əks etdirir; ehtimal ki, döyüş bölgəsində müalicə olunan və tezliklə döyüşə qayıdan əsgərlər, həmçinin mülki xəstəxanalarda müalicə olunan hərbçilər buraya daxil edilməyib. Eyni zamanda, bazada döyüşlə əlaqəli olmayan zədələr üçün müalicə almış hərbi personal da yer alır. Məsələn, general İqor Kirillov 2024-cü il martın 3-də Moskvadakı Baş Hərbi Kliniki Xəstəxanaya qəbul edilib və yuxarı sağ buddan aldığı güllə yarası ilə müalicə olunaraq beş həftə sonra buraxılıb.
Kirillovun güllələnməsinin tarixi, yeri və şəraiti qeyri-müəyyən olaraq qalır. Rusiya Müdafiə Nazirliyi şərh sorğusuna cavab verməyib.
Məlumat bazasında ölkə ilə yanaşı, 2014-cü ildə Moskvanın zorla ələ keçirdiyi Ukrayna yarımadası - Krımdan və Moskvanın yaxın müttəfiqi olan Belarusdan olan kiçik sayda hərbi xəstəxana və klinikaların qeydləri də var.
Bu yaxınlarda Kremlin ordunun yenidən qurulması ilə bağlı səyləri barədə geniş araşdırma dərc edən vaşinqtonlu analitik Dara Massikot bildirib ki, bu məlumat bazası Kremlin sürətli, qısa və həlledici olacağını gözlədiyi işğalın kütləvi müharibəyə çevrilməsi ilə Rusiyanın silahlı qüvvələrinin son üç il ərzində necə dəyişdiyini əks etdirir.
Ukrayna qüvvələri əvvəlcə çevik müdafiə qurarkən, daha sonra isə irimiqyaslı hücumlar həyata keçirərkən rusiyalılar xeyli itki veriblər. Bu da Moskvanı məhv edilmiş bölmələri əvəzləmək üçün orduya yeni qüvvələr cəlb etmək istiqamətində səylərini genişləndirməyə məcbur edib.
Lakin ən böyük transformasiya Putinin 2022-ci ilin sentyabrında ölkənin ehtiyatlarının qismən səfərbər edilməsi əmri verərək daha 300 min nəfəri müharibəyə cəlb etməsi ilə baş verib.
Massikot müsahibəsində bildirib ki, bunun nəticəsində ordu böyük bir transformasiyaya uğrayıb. Ordudakı bu transformasiya təlim, təcrübə və yaş baxımından geniş fərqliliklər yaradıb. Məsələn, hərbçilərin orta yaşı zamanla əhəmiyyətli dərəcədə dəyişib, 2022-dən sonra 50 və daha yuxarı yaşda olanların sayı artıb, bu dəyişiklik sızdırılmış məlumat bazasında da əks olunub.
Hərbi analitik əlavə edib ki, ehtimal ki, daha yaşlı kişiləri cəlb etmək üçün iqtisadi stimullardan istifadə edilib. O, daha gənc çağırışçıların bununla çox maraqlanmadığını qeyd edib.
Məlumat bazası həmçinin hərbi tibb işçilərinin qeyd etdiyi zədələrin növlərinin iki ildən çox davam edən dövr ərzində, demək olar ki, dəyişmədiyini göstərir.
Karneqi Beynəlxalq Sülh Fondunun eksperti Massikotun fikrincə, bu, onu göstərir ki, döyüş tibb protokolları - həm yaralı əsgərlərin sahədə necə müalicə olunduğu, həm də onların necə təxliyə edildiyi - işğalın başlanmasından bəri təkmilləşməyib:
"Bu sayın belə sabit qalması, hücumlardan asılı olmayaraq, müdafiədə olsalar belə, əslində heç bir dəyişiklik olmadığını göstərir. Rusiya ordusu müharibə zamanı yaralıların təxliyəsi sistemini ciddi şəkildə təkmilləşdirə bilməyib. Ağır qəlpə yaraları alan və ya, məsələn, minalara, artilleriyaya və ya pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan hərbçilər sadəcə sağ qalmır".
AzadlıqRadiosuna müsahibəsində Aleksey Jilyayev də Rusiyanın evakuasiya protokollarının müharibə zamanı nəzərəçarpacaq dərəcədə yaxşılaşmadığı fikri ilə razılaşıb.
Eyni zamanda, hər iki tərəf - Ukrayna və Rusiya bir-birini yaralıları təxliyə etməyə çalışan tibbi qrupları hədəf almaqda ittiham edir.
Jilyayev bildirib ki, Rusiyanın irəliləyən qüvvələrinə qarşı Ukrayna tərəfindən istifadə olunan dronlar tibbi təxliyə bölmələrini hədəf alır ki, "bu, ciddi yaralanmış bir əsgərin sağ-salamat müalicəyə çatma ehtimalını daha da azaldır".
Məhv edilmiş komanda postları
İşğalın başlanmasından təxminən beş ay sonra Kiyev Qərbdən HIMARS kimi tanınan Yüksək Mobil Artilleriya Raket Sistemləri almağa başlayıb.
ABŞ-nin mobil reaktiv yaylım atəşi qurğusu, növündən asılı olaraq, müxtəlif mənzilli yüksəkdəqiqlikli raketlər atır. Ukrayna həmçinin M270 adlı oxşar raket sistemləri də əldə edib. Qərb və Ukrayna ekspertləri bildiriblər ki, bu silahlar döyüş meydanına açıq şəkildə fərq yaradıb.
O zaman prezident Zelenski də bu silahların müharibənin gedişatını dəyişdirdiyini iddia edirdi.
Ukrayna qüvvələri yüksəkrütbəli Rusiya zabitlərinin tez-tez baş çəkdiyi müvəqqəti səhra postlarını və komanda məntəqələrini hədəf almaq üçün HIMARS sistemlərindən istifadə edib.
Vaşinqtondan olan analitik D.Massikot bildirib ki, 2022-ci ilin iyunundan sonra rusiyalılar başa düşdülər ki, onların komandanlıq məntəqələri "sındırılıb".
"Bunu anlamaq rusiyalıların bir ay zamanını aldı. Və beləliklə, avqust ayına qədər bu rəqəmin azaldığını görürsünüz", - o deyib.
Bu, sızdırılmış məlumat bazasında da öz əksini tapıb. Belə ki, 2022-ci ilin sonuna doğru yaralı yüksəkrütbəli zabitlərin azaldığı müşahidə olunur.
Yaralanmış aşağırütbəli zabitlərin, məsələn, leytenantların faiz nisbəti isə demək olar ki, dəyişməz qalıb. Massikot bunu rütbəlilərin cəbhə mövqelərinə göndərilməsi ilə əlaqələndirir. O qeyd edib ki, ABŞ ordusunda bu cür mövqelər, adətən, daha aşağırütbəli serjantlar tərəfindən tutulur. Nəticədə, onun sözlərinə görə, leytenantlar, ehtimal ki, döyüş meydanında öldürülür və ağır yaralılar təxliyə edilərək xəstəxanalara çatdırılmır:
"Onlar cəbhənin çox önündə olduqları üçün sadəcə ölürlər və xəstəxanalara çatmırlar. Bu mənim şərhimdir, bu sabitləşmiş vəziyyəti başqa cür izah etmək mümkün deyil, çünki leytenantlar cəbhədə döyüşürlər".
Yüngül yaralılar" yenidən döyüş meydanına qaytarılır
Digər diqqət cəlb edən bir məqam qeydə alınan yaraların və xəsarətlərin ağırlıq dərəcəsi ilə bağlıdır. Bazadakı məlumatlara görə, 2 min 200-dən çox "ağır" və ya "kritik" hal, 58 min 600-dən çox "orta" yaralar və 80 min 200-dən çoxu "yüngül" yaralar var.
Cəbhədə kifayət qədər qüvvə saxlamaq üçün atılan addımlar çərçivəsində Rusiya komandirləri yaralı əsgərlərin tez zamanda yenidən döyüşə göndərilməsinə üstünlük veriblər. Bu, hətta çox yüksək itkilər olsa da, Rusiyanın 1100 kilometrlik cəbhə xətti boyunca Ukrayna qüvvələrini tədricən zəiflətmək qabiliyyətini gücləndirməyə kömək edib.
2022-ci ilin dekabrında, işğalın başlanmasından 10 ay sonra hərbi tibb idarəsinin rəisi Dmitri Trişkin bütün yaralı əsgərlərin 97 faizinin döyüş meydanına geri göndərildiyini söyləyib.
A.Jilyayevin fikrincə, bu rəqəm, ehtimal ki, müəyyən dərəcədə şişirdilib.
Jilyayevin sözlərinə görə, döyüş meydanında hərbi həkimlər yaraların şiddətini dəqiq qeyd etsələr də, daha böyük xəstəxanalar və oxşar müəssisələrdəki tibb işçilərinə sənədlərdə yaraların ağırlıq dərəcəsini aşağı salmaq üçün təzyiq edilir. Bu, daha çox əsgərin döyüşə daha tez qaytarılmasını təmin edir. Həmçinin yaralılara verilən sığorta ödənişlərini minimuma endirməyə kömək edir.
Xəbər 132 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|