08.02.2017 14:25
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov "APA-Economics"ə müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:
- Ötən il Fond üçün necə yadda qalıb? 2016-cı ildə ARDNF-nin gəlir və xərcləri nə qədər olub?
- Dövlət Neft Fondunun 2016-cı ildə fəaliyyəti uğurlu sayıla bilər. Dünya bazarlarındakı xam neft qiymətlərinin aşağı düşməsinə və bunun mənfi nəticəsi olaraq neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Fondun rolu əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2016-cı ildə neftin qiymətlərindən asılı olmadan Fond tərəfindən dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər vaxtında icra edilib, vacib infrastruktur və sosial əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsi davam etdirilib.
2015-ci ilin sonunda uzunmüddətli dövrdə diversifikasiya olunmuş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Belə ki, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə - 5%-dən 10%-ə, səhmlərə yatırımların investisiya portfelindəki payı isə 10%-dən 15%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən "Palazzo Turati" ofis kompleksinin satın alınması başa çatdırılıb. Eyni zamanda, daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl səhm fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki payı artırılıb.
Nəzərə almaq lazımdır ki, Fondun 2016-cı il büdcəsində neftin qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. Neftin orta çəkili satış qiymətinin il ərzində proqnoza nisbətən daha yuxarı 41,9 ABŞ dolları təşkil etməsi ilə əlaqədar Fondun gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. Eyni zamanda büdcə xərcləri 5,4 milyard ABŞ dolları və yaxud 9 milyard manat təşkil edib. Beləliklə, ilin sonuna Dövlət Neft Fondunun büdcəsində təxminən 0,5 milyard ABŞ dolları profisit yaranıb. İl boyunca Fondun investisiya portfelinə daxil olan valyutaların ABŞ dollarına qarşı ucuzlaşması səbəbindən ARDNF-nin 0,9 milyard ABŞ dolları məbləğində məzənnə fərqi ilə bağlı büdcədənkənar xərcləri yaranıb, bu da ilin əvvəlinə nisbətən Fondun aktivlərində 0,4 milyard ABŞ dolları həcmində azalmaya səbəb olub.
- Bu il üçün ARDNF-nin aktivləri ilə bağlı proqnozunuz necədir?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsində xam neftin bir barelinin satış qiyməti 40 ABŞ dolları səviyyəsində təsdiq edilib. Eyni zamanda beynəlxalq institutlar cari il üzrə neftin dünya bazarlarında qiymətlərinin 40-60 ABŞ dolları civarında dəyişəcəyini proqnozlaşdırır. Hal-hazırda isə neftin qiyməti 55 ABŞ dolları ətrafında dəyişir. Bütün bunları nəzərə alaraq, cari ilin sonuna Fondun büdcə xərcləri tam icra olunduğu təqdirdə, ilin sonuna ARDNF-nin aktivlərinin ilin əvvəli ilə müqayisədə kəskin dəyişməyəcəyini proqnozlaşdırmaq olar.
- ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldurmu və bu investisiyalar ilə bağlı gəlirlilik gözləntiləriniz necədir?
- Bildiyiniz kimi, ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan, Tokio, Seul kimi şəhərlərdə daşınmaz əmlak investisiyaları həyata keçirib. Digər tərəfdən, ARDNF 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməyə başlayıb. 2016-cı ildə London və Moskva kimi daşınmaz əmlak bazarlarında geriləmənin olmasına baxmayaraq ARDNF-nin yatırım etdiyi digər bazarlarda müsbət inkişaf dinamikası müşahidə olunub. Bunları nəzərə alaraq, ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu deyə bilərik.
Dünyanın qabaqcıl araşdırma institutlarının hesabatlarına əsasən cari ildə dünyanın əsas daşınmaz əmlak bazarlarında nəzərəçarpacaq artım tempinin müşahidə olunması gözlənilir. Fondun investisiyalarının mövcud olduğu ölkələr də inkişaf proqnozları verilən ölkələr siyahısındadır. Bununla belə, qeyd olunmalıdır ki, icarə haqlarından gələn stabil maliyyə axınları ilə xarakterizə olunmasına baxmayaraq qeyri-likvid maliyyə aləti olaraq daşınmaz əmlak qısa müddətdə müəyyən qiymət dəyişkənliyi nümayiş etdirir. Bu baxımdan qısamüddətli dövrdə daşınmaz əmlak portfeli ilə bağlı gəlirlilik göstəricisinin dəqiq proqnozunu vermək mümkün deyildir. Buna baxmayaraq, ARDNF öz daşınmaz əmlak investisiyalarında uzunmüddətli gəlirlilik göstəricilərini əsas götürür ki, bu baxımdan da hazırkı uzunmüddətli gəlirlilik göstəricisi 6-8% civarında proqnozlaşdırılır.
- Dövlət Neft Fondu hansı xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırmaq niyyətindədir?
- ARDNF daim perspektivli, şəffaf bazar mühitinə malik olan, investisiyalar üçün cəlbedici və risklər nəzərə alınmaqla münasib gəlirlilik vəd edən Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Sakit Okean Hövzəsi bazarlarında daşınmaz əmlak investisiyalarını araşdırır. Gələcəkdə də investisiya baxımından cəlbedici olan daşınmaz əmlak aktivlərinə və fondlarına yatırım ediləcək.
- ARDNF ötən il VTB-dən nə qədər dividend əldə edib? Bu il üçün proqnozlar nədən ibarətdir?
- Ötən il ARDNF VTB-dən 402 milyon rubl (6 milyon ABŞ dolları) məbləğində dividend əldə etmişdir. Ümumilikdə ARDNF VTB-dən dividend şəklində 1,2 mlrd. rubl (təqribən 25,3 milyon ABŞ dolları) məbləğində gəlir əldə etmişdir. VTB Bankı öz strategiyasına uyğun olaraq stabil dividendlər ödəməyi üstün tutur. Buna baxmayaraq, dividend siyasəti Müşahidə Şurasının tövsiyəsi və Səhmdarların Ümumi Yığıncağının qərarı ilə müəyyənləşdirilir və təbii ki, bu siyasətdə dəyişiklik baş verərsə, buna uyğun olaraq dividend məbləği də dəyişə bilər.
- ARDNF VTB-dəki payını artıra bilərmi?
- ARDNF 2,95% səhm payına malik olmaqla "VTB Bank"ın əsas səhmdarlarından biridir. Əlavə edək ki, ARDNF tərəfindən hal-hazırda VTB Bankda olan səhm payının artırılması ilə bağlı hər hansı bir fikir yoxdur.
- Ötən il ARDNF Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından nə qədər gəlir əldə edib? 2015-ci illə müqayisədə gəlirlərdə nə qədər azalma qeydə alınıb?
- Qeyd etmək istərdim ki, 2015-ci ildə xam neftin orta satış qiyməti 54,3 ABŞ dolları olduğu halda 2016-cı ildə 41,9 ABŞ dolları təşkil edib ki, bu 2016-cı ildə qeyd olunan yataqlar üzrə daxilolmaların azalmasına səbəb olub. Bunun nəticəsi olaraq, 2016-cı ildə ARDNF-nin Azəri-Çıraq-Günəşli yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından daxilolmaları 5 milyard 164,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən təxminən 2 milyard ABŞ dolları azdır.
- Cari ildə ARDNF-nin investisiya portfelinin diversifikasiyası ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?
- Bildiyiniz kimi, ARDNF-nin investisiya strategiyası Fondun İnvestisiya Qaydalarına və Siyasətinə uyğun olaraq həyata keçirilir və vəsaitlərin uzunmüddətli dövr ərzində alıcılıq qabiliyyətinin qorunub saxlanması, eləcə də gəlirliliyin artırılması Fondun investisiya strategiyasının əsasını təşkil edir. Bunları nəzərə alaraq investisiya portfelinin həm coğrafi, həm də müxtəlif maliyyə alətləri üzrə diversifikasiyasının təmin olunmasının 2017-ci il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Diqqətinizə çatdırım ki, 2012-ci ildən başlayaraq daşınmaz əmlak və eləcə də səhm investisiyaları investisiya portfelinə daxil edilmiş və Fondun uzunmüddətli dövr ərzində gəlirliliyinin artırılması məqsədinə müvafiq olaraq, eləcə də son illərdə dünya maliyyə bazarında baş verən proseslərə uyğun həyata keçirilən təhlillərə əsasən qeyd edilən maliyyə alətləri üzrə yatırımların ümumi portfeldəki çəkisi artırılıb. Qeyd olunanları nəzərə alaraq, cari il ərzində uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edən səhm investisiyalarının portfeldəki payının daha da artırılması nəzərdə tutulur.
- Bu ildən üzən məzənnə rejiminə keçilməsi ARDNF-nin fəaliyyətinə necə təsir edə bilər?
- Bildiyiniz kimi, ARDNF-nin büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. Cari ilin büdcəsində 6,1 milyard manat həcmində dövlət büdcəsinə transfertdən əlavə makroiqtisadi sabitliyin qorunması istiqamətində ilk dəfə olaraq Mərkəzi Banka 7,5 milyard manata qədər vəsaitin köçürülməsi də nəzərdə tutulub.
Sabit məzənnə rejimində satışa çıxarılmalı olan xarici valyutanın həcmi əvvəlcədən bəlli olurdu. Lakin üzən məzənnə rejimində valyuta məzənnəsi bazarda tələb və təklif əsasında müəyyən olunduğundan il ərzində hərraclarda satılmalı olan xarici valyutanın həcmi hazırkı məzənnə ilə hesablanmış məbləğdən az və ya çox ola bilər. Bunlara baxmayaraq, Fondun vəsaitlərinin böyük hissəsinin likvid aktivlərə investisiya olunması qeyd olunan istiqamətlərdə büdcə xərclərinin tam olaraq həyata keçirilməsinə imkan verir.
Digər tərəfdən qeyd olunmalıdır ki, ARDNF-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Fondun vəsaitlərinin ildən-ilə artımı və gələcək nəsillərə qorunub saxlanılmasıdır. Bildiyiniz kimi, bu məqsədə xidmət edən Fondun investisiya portfeli xarici valyutada ifadə olunan aktivlərə investisiya edilib ki, bu baxımdan da Mərkəzi Bank tərəfindən təyin olunan hər hansı spesifik valyuta rejimi Fondun investisiya istiqamətlərinə təsir etmir.
- Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Çin və Azərbaycanla birgə "Equity Participation Fund" adlı investisiya fondu yaradıb. EBRD fondun maliyyələşdirilməsinin birinci mərhələsini başa çatdırıb. Çinin Valyuta İdarəsi fonda 250 mln. avro, ARDNF isə 100 mln. avro yatırıb. ARDNF "Equity Participation Fund"un maliyyələşdirilməsinin ikinci mərhələsində iştirak edəcəkmi və bu zaman nə qədər vəsait yatırılacaq?
- "Equity Participation Fund" (EPF) digər özəl səhmlər üzrə fəaliyyət göstərən fondların fəaliyyətinə uyğun olaraq investorların cəlb edilməsi prosesini bir neçə mərhələdə həyata keçirir. ARDNF tərəfindən qeyd edilən fonda əlavə investisiyanın ayrılması hal-hazırda nəzərdə tutulmur. Onu da diqqətinizə çatdırım ki, EPF-nin ikinci mərhələdə məqsədi mövcud investorlardan əlavə vəsaiti cəlb etmək deyil, yeni investorları tapmaqdan ibarətdir.
- "Equity Participation Fund" cari ildə ARDNF-yə nə qədər gəlir gətirə bilər?
- Qeyri-likvidliyi ilə xarakterizə olunan özəl səhm fondları həm də gəlirliliyin uzunmüddətli dövrdə əldə edilməsi ilə səciyyələnir. Nəzərə alsaq ki, EPF hal-hazırda investorların cəlbi və yeni investisiyaların yatırılması mərhələsindədir, cari il ərzində qeyd edilən özəl səhm fondundan hər hansı gəlirliliyin əldə olunması gözlənilmir. Əlavə etmək lazımdır ki, EPF tərəfindən uzunmüddətli dövr üçün orta illik hədəf gəlirliliyi avroda 15% nəzərdə tutulub.
- İnvestisiya portfelinin neçə faizi daxildən idarə olunur?
- 31 dekabr 2016-cı il tarixinə ARDNF-nin investisiya portfelinin xarici menecerlər tərəfindən idarə olunan hissəsi 8,5%, daxildən idarə olunan hissəsi isə 91,5% təşkil edib.
- ARDNF-nin aktivlərini idarə edən maliyyə təşkilatlarının sayı nə qədərdir və hansı təşkilatlardır? Fond idarəedicilərdən hər hansı biri ilə əməkdaşlıqdan imtina edə bilərmi?
- ARDNF əməkdaşlıq etdiyi maliyyə qurumları ilə uzunmüddətli partnyorluq münasibətləri qurmağa üstünlük verir. Hal-hazırda Fond 4 xarici menecerlə əməkdaşlıq edir. Bunlardan ikisi (Dünya Bankı və "Deutsche Asset Management" şirkətləri) sabit gəlirli qiymətli kağızlar üzrə, digər ikisi isə ("UBS Asset Management" və "State Street global Advisor" şirkətləri) səhmlər üzrə portfelləri idarə edir. Bu qurumların hər biri ilə Fondun ən azı 5 ilə bərabər əməkdaşlığı mövcuddur. ARDNF-nin cari planlarında bu əməkdaşlıqlardan imtina etməklə bağlı planları yoxdur və nəzərinizə çatdırım ki, cari ildə səhm portfeli üzrə əlavə olaraq yeni menecerlərin cəlbi gözlənilir.
- ARDNF-nin aktivlərinin qorunması siyasəti gələn il də davam etdiriləcəkmi?
- ARDNF yaradılarkən onun qarşısına qoyulmuş əsas məqsədlərdən biri neft gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsidir. 2015-ci ilə qədər Fondun vəsaitində mütəmadi artım müşahidə olunub, lakin neftin sürətli ucuzlaşması nəticəsində Fondun aktivlərində artım azalma ilə əvəz olunub.
Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr edilmiş iclasında çıxışında qeyd edildiyi kimi, 2016-cı ilin ən vacib yekunlarından biri neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Fondun ehtiyatlarının qorunması olub. Yeni ildə fiskal qaydanın hazırlanması ilə ilk növbədə sonrakı illərdə ARDNF-nin aktivlərinin davamlı surətdə artırılması hədəf kimi qəbul edilir.
Digər tərəfdən, Fondun uzunmüddətli investisiya strategiyasının icrasında müvafiq olaraq investisiya portfelində yüksək gəlirlilik vəd edən aktivlərin payının artırılması uzunmüddətli dövrdə investisiya portfelinin gəlirliliyini yüksəltmək ilə yanaşı, aktivlərin artırılmasına xidmət edir.
- Bu il ərzində ARDNF tərəfindən nə qədər vəsait hərraca çıxarılacaq?
- ARDNF-nin 2017-ci il üçün təsdiq olunmuş büdcəsinin manatla olan xərcləri əsasən dövlət büdcəsinə transfert və digər ödənişlərdən ibarətdir. 2017-ci ildə ARDNF qeyd olunan öhdəliklərini təmin etmək məqsədi ilə Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə ən azı dövlət büdcəsinə transfertin təsdiq olunmuş məbləği həcmində - 6,1 milyard manat ekvivalentində valyuta satışının həyata keçirilməsini nəzərdə tutur.
- Bildiyimiz kimi qaydaya görə, Fond aktivlərinin 5%-ini yerli bazarda yerləşdirə bilər. Bu da təxminən 1,6 mlrd. dollar edir. ARDNF ABB-də 1 mlrd. dollar depozit yerləşdirib. Fond ABB və ya digər banka daha 600 mln. dollar depozit yerləşdirə bilərmi?
- Qeyd etdiyiniz kimi, ARDNF-nin İnvestisiya Qaydalarına əsasən Fondun investisiya portfelinin 5%-ə qədər hissəsinin yerli bazarda yerləşdirilməsi müəyyən olunub və buna uyğun olaraq ARDNF tərəfindən Azərbaycan Beynəlxalq Bankına 1 mlrd. ABŞ dolları həcmində depozit yatırılıb. Qeyd edim ki, Fond tərəfindən hal-hazırda ABB-yə və digər yerli banklara hər hansı əlavə depozitin yatırılması nəzərdə tutulmur.
- ABB öz öhdəliklərini nə zamandan yerinə yetirməyə başlayacaq? Bank depozitin müddətinin uzadılması ilə bağlı Fonda müraciət edibmi?
- Azərbaycan Beynəlxalq Bankı ARDNF qarşısında öhdəliklərini tam olaraq yerinə yetirir və hər ay ərzində depozitlər üzrə hesablanmış faizləri ARDNF-yə ödəyir. Əlavə edim ki, depozitin uzadılması ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ARDNF-yə müraciət etməyib.
- Bu il MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planına əsasən hansı tədbirlər həyata keçiriləcək?
- Bildiyiniz kimi, 2015-ci ildə baş tutan MHŞT üzrə Qiymətləndirmə nəticəsində ölkəmizin MHŞT-də statusu Namizəd statusuna endirilmişdi. MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin qərarına əsasən Azərbaycan hökuməti növbəti Qiymətləndirməyə qədər vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması üzrə və bir sıra digər məqamlar üzrə müəyyən edilmiş islahedici addımların icrasını həyata keçirməli idi. Danılmaz faktdır ki, İdarə Heyətinin Azərbaycan haqqında qərarından sonra keçən dövr ərzində islahedici addımların icrası nəticəsində Azərbaycanda bir çox irəliləyişlərə imza atıldı. Ölkədə MHŞT sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti üzvlərinin əksər problemləri öz həllini tapdı, həmçinin MHŞT hesabatları və İş planları ilə bağlı qoyulmuş tələblər də həyata keçirildi. Bütün bu faktlar İdarə Heyətinin sonuncu iclasında Azərbaycanın Təşəbbüsdə Namizəd statusunun saxlanması qərarının verilməsi ilə nəticələndi.
İdarə Heyətinin qərarına əsasən İdarə Heyətinin növbəti iclası, yəni 8-9 mart 2017-ci il tarixinədək vətəndaş cəmiyyətinin MHŞT prosesinə tam şəkildə cəlb olunması üçün əlverişli hüquqi və fəaliyyət mühiti təmin edilməlidir. Bu istiqamətdə xüsusilə xarici donorlardan qrantların alınması prosedurlarının sadələşdirilməsi üzrə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla bağlı olaraq bir sıra mühüm addımlar atılıb. Belə ki, 21 oktyabr 2016-cı il tarixində Azərbaycan prezidenti Xarici donorlar tərəfindən respublikanın ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb. 11 yanvar 2017-ci il tarixində Nazirlər Kabineti tərəfindən isə "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda və 24 yanvar 2017-ci il tarixində "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası"nda dəyişikliklər edilib. Bu sahədə işlər davam etdirilir və qısa zamanda digər addımların atılması gözlənilir.
İdarə Heyəti həmçinin 26 iyul 2016-cı il tarixində Azərbaycanda MHŞT üzrə Qiymətləndirmənin başlanmasına qərar verib. Qiymətləndirmə zamanı qiymətləndiriləcək fəaliyyətlərə vətəndaş cəmiyyətinin MHŞT prosesində azad və müstəqil şəkildə iştirak etməsi ilə bərabər, həmçinin Çoxtərəfli Qrupun fəaliyyətinin səmərəliləşdirilməsi, dövlət təşkilatlarının fəaliyyətinə dair açıqlanan bir sıra məlumatların genişləndirilməsi, MHŞT hesabatlarının daha geniş kütlələrə çatdırılması və hesabatların təkmilləşdirilməsi üzrə islahedici addımlar daxil edilib.
Azərbaycan sadalanan məsələlərin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Fəaliyyət Planı hazırlamışdır və həmin plan üzrə 2017-ci ildə həyata keçiriləcək tədbirlər əsasən yuxarıdakı istiqamətləri əhatə edəcək.
- Şahmar müəllim, ADA universitetində keçirilən tədbirdə ölkədə postneft dövrü üçün yeni iqtisadi modelin axtarışına başlanıldığını bəyan etmisiniz. Yeni modelin əvvəlki modeldən əsas fərqli cəhətləri nə olacaq?
- Bildiyiniz kimi 2014-cü ildən etibarən neftin qiyməti kəskin şəkildə aşağı düşmüş və bununla bağlı ölkənin gəlirləri bir neçə dəfə azalıb. Nəticədə ucuz neft qiymətləri dövrünün başlaması ölkə iqtisadiyyatında yeni çağırışların formalaşmasına zəmin yaradıb. Bununla əlaqədar Azərbaycan prezidentinin fərmanı ilə respublikanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmiş və ictimaiyyətə açıqlanıb. Strateji Yol Xəritəsi ölkənin yeni iqtisadi modelə uyğun inkişaf istiqamətlərini müəyyən edir və bu modelə əsasən ölkənin inkişafının əsas hədəf indikatorları seçilib, uzunmüddətli dövrdə fiskal dayanıqlılığın gücləndirilməsi, habelə neft və qaz gəlirlərinin istifadəsi ilə bağlı qızıl qaydanın hazırlanması, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalının, əlverişli biznes mühitinin inkişaf etdirilməsi ilə bağlı strateji məqsədlər və hədəflər müəyyənləşdirilib. Sözügedən yol xəritəsində mövcud model ilə yanaşı yeni iqtisadi model haqqında da ətraflı məlumatlar öz əksini tapıb.
- Bir qədər əvvəl mətbuatda Beynəlxalq Valyuta Fonduna istinadən ARDNF-nin qızıl ehtiyatlarının bir hissəsini satdığı barədə məlumatlar yayıldı. Bu məlumatlar həqiqəti əks etdirirmi? Hazırda ARDNF-nin qızıl ehtiyatı nə qədərdir və bu həcmin artırılması gözlənilirmi?
- 2016-cı ilin sonuna Fond tərəfindən alınmış qızılın ümumi miqdarı 30,2 ton təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilmişdir. ARDNF-nin qızıl ehtiyatlarının bir hissəsini satması ilə bağlı yayılan məlumatlarla bağlı bildirmək istərdim ki, 2016-cı ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün Mərkəzi Bankın xəzinəsindən Dövlət Neft Fondunun xəzinəsinə köçürülməsinə başlanılıb. Belə ki, 2016-cı ilin sentyabr ayından etibarən 10,2 ton həcmində qızıl Mərkəzi Bankdan ARDNF-yə gətirilib. Beləliklə, ARDNF-nin qızıl ehtiyatlarının satılması ilə bağlı məlumatlar reallığı əks etdirmir.
Onu da nəzərinizə çatdırmaq istərdim ki, mövcud qaydalara əsasən ARDNF-nin vəsaitlərinin maksimum 5%-i qızıla investisiya edilə bilər.
|
16.11.2024 23:27
16.11.2024 23:01
16.11.2024 18:54
15.11.2024 19:00
15.11.2024 15:50
“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı -Fotolar
14.11.2024 17:40
14.11.2024 17:07
14.11.2024 16:25
Vəfa Nağı ermənilərlə bir arada - Azərbaycan əleyhinə aksiyada iştirak etdi - FOTO+VİDEO+YENİLƏNİB
14.11.2024 12:05
Azərbaycanlı iş adamının obyektinə basqın: qanunsuz spirtli içkilər, qumar oyunları...-Video
13.11.2024 23:50
Azərbaycanın COP29-dakı rolu: Polşa - Azərbaycan əməkdaşlığı
13.11.2024 23:25
Polşa Azərbaycanlıları Şurası Media Departamentini təsis etdi
13.11.2024 19:20
13.11.2024 18:38
13.11.2024 18:23
13.11.2024 15:51
Ukrayna prezident seçkilərinə gedir: Müharibə bu tarixdə bitəcək
13.11.2024 10:17
12.11.2024 18:29
12.11.2024 18:15
12.11.2024 16:39
12.11.2024 16:29
12.11.2024 12:58
12.11.2024 12:10
11.11.2024 18:42
11.11.2024 16:04
11.11.2024 15:30
11.11.2024 15:18
11.11.2024 11:26
10.11.2024 16:29
09.11.2024 17:59
09.11.2024 17:53
09.11.2024 16:29
09.11.2024 16:24