Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


10.04.2022  21:03 

QƏRBİN BƏLALI DEMOKRATİYASI





A+  A-

Demokratlar deyir ki, bir şəxsin 4, 5, uzağı 10 ildən çox hakimiyyətdə, vəzifədə qalması problemlər yaradır. Hakimiyyətdə, vəzifədə uzun müddət kök atan insan müxtəlif neqativlərə - korrupsiyaya, qohumbazlığa, neopotizmə yuvarlanır və s. Bundan çıxış yolu olaraq seçki vasitəsilə dəyişiklik, yenilərin gəlməsi göstərilir.

Ancaq gəlin görək bu mexanizm özünü doğruldurmu? Ümumiyyətlə, bu nəzəriyyə təcrübəyə tətbiq oluna bilirmi? Məncə, yox.

Qərbin özündə, demokratiyanın beşiyi sayılan ABŞ-da belə seçkilər kənardan göründüyü kimi, xalqın iradəsini ifadə edirmi? Birmənalı, yox. Ümumiyyətlə "xalq" deyilən kütlənin iradəsi varmı? Yenə də yox.

Baxın, "xalq" dediyimiz kütləyə seçkinin əhəmiyyəti, lazımlılığı təbliğ olunmasa, o, məntəqələrə gedib səs verərmi? Yox. Heç bu qədər təbliğat-təşviqatdan sonra da düz-əməlli getmir. Bəzi ölkələrdə (məsələn, Türkiyədə) xalqı seçkiyə cəlb etmək üçün cərimə var. Barmaqlar rənglənir ki, kimin gedib-getmədiyi bilinsin.

ABŞ, Fransa, İngiltərə kimi inkişaf etmiş sayılan ölkələrdə əhalinin cəmi 25 faizi seçkiyə gedir ki, o da gurultulu, zıppıltılı seçki kampaniyasından sonra. Müşahidələrimə görə, Azərbaycanda bu faiz 10 və 15 arasında dəyişir. Və bu da inzibati resursları cəlb etdikdən, yəni büdcə təşkilatında işləyənləri avtobuslarla seçki məntəqələrinə daşıdıqdan, bülletenlərin şəklini çəkib gətirməyi tələb etdikdən, qohumları müxtəlif təzyiqlər, xahişlər və minnətlərlə cəlb etdikdən sonra baş tutur. Bu üsuldan təkcə hakimiyyət yox, müxalifət də istifadə edir. Sadəcə onların əlində təsiretmə rıçaqları zəifdir deyə, çox adam cəlb edə bilmirlər. Misal üçün deyim ki, 2003-cü il seçkilərində biz məhəlləmizin 200-ə yaxın sakininin qapısına gedərək, taksiyə oturdub seçki məntəqəsinə gətirmişdik. Eyni şeyi dövlət strukturları da ediblər. Amma onların pulu, imkanları daha çoxdur.

2005-ci il seçkilərində müşahidəçi olduğum məntəqəyə seçiciləri Yol İdarəsinin müdiri “Qazel” markalı mikroavtobusla daşıyırdı. O, 1500 seçicidən cəmi 150-sini gətirə bildi. Bir o qədər də müxalifət daşıdı.

Onu da bildirim ki, məntəqələrə daşınan seçicilər, təbii ki, ciddi təlimatlandırılır, onlara kimə səs verməli olduqları təlqin olunur. Onlara bəxşiş, rüşvət, ən azından şirin, yağlı vədlər verilir və s. Belə olduğu halda, azad iradədən söhbət gedə bilərmi? Onu da bildirim ki, bizim idealizə etdiyimiz Qərb ölkələrində də aşağı-yuxarı belədir. Teodor Drayzer özünün məşhur “Arzular trilogiyası”nda ABŞ seçkilərindən bəhs edib. Oxuyanda gördüm ki, onlarda durum daha eybəcər olub. İndi tamaşanı bir qədər təkmilləşdiriblər, amma mahiyyət dəyişmir.

Bu durumda xalqın azad iradəsindən necə danışa bilərik? Bütün bu prosesləri bir ovuc adam, əsasən də kapital sahibləri idarə edir və xalqı istədikləri kimi fırladırlar. Rəqabət də xalqı fırladanlar, onu aldadadanlar, başını piyləyib, əlindəkini alanlar arasında gedir.

Xalq birinə inanıb gedir seçkiyə, sonra peşman olur, bir müddət sonra başqasını çıxarırlar meydana və bu proses sonsuza qədər davam edir. Onu da deyim ki, kütlənin ağlı dayaz olduğu kimi, yaddaşı da qısa olur. Bunun bür səbəbi onun çıxılmaz durumda olması, yapışmağa saman çöpü axtarmasıdır. Ancaq qeyd etdiyim kimi, bu cəmi 25 faizdir. Yerdə qalan 75 faiz sadəcə bu işlərdən kənardır və öz həyatını yaşayır. Siyasətlə maraqlanmır, hər cür siyasi şəraitə uyğunlaşmağa, hamıyla dil tapmağa çalışır. Onlar üçün hakimiyyətdə kimin olmasının əhəmiyyəti yoxdur. Özləri də çox zaman etiraf edir ki, pullarını verib, işlərini aşırırlar.

Belə olduğu halda, hər 4-5 ildən bir milyonlarla xərc çəkib seçki keçirməyin nə faydası var? Özü də hər 4-5 ildə bir yox ha, üç seçki – prezident, parlament və bələdiyyə. Gəlin bir dərindən düşünək görək, biz bunu kimdən, nədən ötrü edirik? Məsələn, bu yaxınlarda Türkmənistanda prezident seçkiləri oldu və mövcud dövlət başçısı Qurbanqulu Berdımuhammedovun oğlu, Sərdar Berdumuhammedov “seçildi”. Hamı bilir ki, o məhz seçdirildi. Əgər Qurbanqulu isatəsəydi, başqa bir oğlunu, qızını, yaxud qardaşı oğlunu da seçdirə bilərdi. Yaxşı, bəs xalqın iradəsi harada qaldı? Deyə bilərsiniz ki, Türkmənistan geri qalmış ölkədir və bunu ona görə edə bilirlər. Amma inanın ki, mahiyyət etibarilə dünyanın hər yerində eyni proses baş verir. Sadəcə, formalar bir qədər fərqlidir. Sadəcə Qərbdə oynanan tamaşa, göstərilən seçki şousu Türkmənistandakından daha peşəkarcasına həyata keçirilir. Çünki onblar daha varlı, daha təcrübəli, daha istedadlı fırıldaqçılardır. Buna əmin olmaq üçün Hollivudla Türkmənfilmin çəkdiyi filmlərin keyfiyyətini, peşəkarlıq dərəcəsini müqayisə edə bilərsiniz. Amerikada, İngiltərədə, Fransada, Almaniyada da hər kəs məhz seçdirilir.

Sadəcə, onlar bunu xalqın iradəsi kimi göstərmək istədikləri üçün (çünki bu onlara həm öz cəmiyyətlərini, həm də dünya xalqlarını aldadıb idarə və istismar etmək üçün lazımdır) birbaşa oğullarını, qızlarını, arvadlarını, məşuqələrini seçdirmir, təyin etdirmirlər. Amma müstəqil namizəd kimi təqdim olunanlar da yüzdə yüz öz adamları, yəni cilovunu əllərində tutduqları şəxslər olur. Bəzən heç onlar da gizlətmir. Məsələn, İraqı xaraba qoyan Texas kavboyu Corc Buşun atası da prezident idi. Yaxud prezident Bill Klintonun arvadı Hilları Klinton sonradan dövlət katibi oldu. Deyə bilərsiniz ki, onlar bu vəzifələrə layiq idilər. Ola bilər. Amma Sərdar da türkmənlər arasında ən layiqlilərdən biri ola bilər. Ümumiyyətlə, layiqlilər istər Qərbdə, istərsə də Şərqdə hər zaman onların öz adamları arasında olur. Elə təqdim olunur ki, sanki bütün xalq da onları ən layiqli hesab edir. Amma həqiqətdə belə deyil və daha layiqli insanlar var.

Yaxşı bəs xalqı özbaşına qoysaq, həmin layiqliləri tapıb, dəstəkləyib ortaya çıxararmı? Əfsuslar olsun ki, yox. Kütlə bunu bacarmaz və heç vaxt da bacarmayacaq. Odur ki, fırıldaqçılara onun bir qisminin başını aldatmaq, şou göstərmək və bunu əldə dəstəvuz edib bütün dünyaya göstərmək lazımdır.

Yaxşı, bəs bu mexanizmin, yəni bədnam demokratiyanın alternativi varmı? Bəli, var. Qurbanqulu hakimiyyəti seçki keçirmədən də oğlu Sərdara ötürə bilər və bu daha dürüst, daha səmimi hərəkət olardı. Əminəm ki, o bunu edərdi də, sadəcə, bəs “dünya nə deyərdi”? Dünya isə Amerika deməkdir, yəni onun lotuluq etdiyi, öz iradəsini güc, silah, pul yolu ilə qəbul etdirdiyi dünyadır. Yaxşı, bəs Qurbanqulu seçki keçirməsəydi, bunun türkmən xalqına hər hansı ziyanı dəyərdimi? Sanmıram. Çünki bu sistem o xalqın, o toplumun içindən gələn, bağrından qopan bir şey deyil. O buna hazır deyil. O heç Qərb toplumları kimi bu şouda iştirakdan boyun qaçırmağa da qadir deyil. Onu seçki məntəqələrinə qoyun kimi dəhmərləyib aparırlar və iştirak faizi də bu səbəbdən yüksək olur. Bu seçkinin ən çox lazım olmadığı subyekt məhz türkmən xalqıdır. Ondan sadəcə alət, xış kimi istifadə olunur. Seçki ilk nəvbədə Qərbə, daha sonra isə onun türkmənlərə təyin etdiyi, yaxud da ona öz xidmətini təklif edən, ona baş əyən canişinə lazımdır.

Əslində türkmənlər ölkələrini necə, hansı yolla, hansı üsulla idarə etməyin yolun özləri tapmalı, özlərinə uyğun bir dövlət idarəetmə mexanizmi qurmalı və inkişaf etdikcə bunu təkmilləşdirməlidirlər. Ancaq Amerika qoymur və deyir ki, mənim dediyim yolla getməlisiniz. Qərb bunu bütün dünyaya sırıyır və məcbur edir.

Guya hökmən çoxpartiyalı sistem olmalı, onlar arasındakı rəqabət inkişafa aparmalıdır. Partiyalar xalqa xidmət etmək uğrunda yarışa girməli və bu da inkişafa səbəb olmalıdır. Başdan-ayağa yalandır. Əksinə, xalq üçün işləməli olan hakimiyyət özünü qorumaqdan ötrü min-bir fırıldaq edir. Təcrübə göstərir ki, hakimiyyətlərin ancaq bir amalı var ki, o da özünü mümkün qədər qoruyub saxlamaq, hakimiyyətinin ömrünü uzatmaq, onu öz xələfinə ötürmək. Vacib deyil ki, bu kiminsə oğlu, qızı, yaxud arvadı olsun. Yetər ki, öz “kruqundan” olsun, vəssalam. Hətta bir də görürsən ki, ABŞ və ya Fransa prezidenti seçkilərdə qalib gəlmək üçün Qarabağ ermənilərini dəstəkləyir, yaxud qondarma erməni genosidini tanımaqla hədələyir və ya tanıyır. Hamı bilir ki, bu, erməni seçicilərin səsini almaq üçündür. Hər dəfə də erməniləri aldadırlar. Yaxşı, bunun harası demokratiya oldu. Bu ki adi dələduzluqdur.

Niyə məhz çoxpartiyalı sistem olmalıdır? Bir partiya içərisində fikir plüralizmi, alternativ mövqelər, tənqid ola bilməzmi? Məgər sovet vaxtı kommunsit partiyası içərisində fraksiyalar, qanadlar, tənqidçilər yox idi? O başqa problemdir ki, həmin sistemi təkmilləşdirə, qoruya bilmədilər. Amma Çində qoruyublar və heç bir çoxpartiyalı sistem, total bazar iqtisadiyyatı olmadan sürətlə inkişaf edirlər.

Guya 50 partiya olanda onları fırlatmaq, idarə etmək, istədiyin formaya salmaq mümkün deyil? Bal kimi mümkündür. Hətta hakimiyyət müxalif partiyaların varlığından istifadə edərək, xalqı, öz ətrafını gərginlik içərisində saxlayır, qorxudur. Həmin müxalifətdən Qərb də yerli hökümətlərə təzyiq, şantaj vasitəsi kimi istifadə edir.

İnkişafın bircə yolu var: o da elm, texnoloji inkişaf, bir də yüksək mədəniyyətə nail olmaq. Qərb özünün yalançı, saxta demokratiya şüarları ilə dünyanın digər hissəsini bundan yayındırmağa, azdırmağa çalışır. Xalq ən avtoritar, totalitar deyilən (bunlar da Qərb uydurmasıdır) rejimlərdə belə yüksək inkişafa nail ola bilər. Bunun üçün hakim elitanın müstəqil, qətiyyətli, ağıllı, vətənpərvər olması, elmi, texniki tərəqqini, mədəni inkişafı təşviq etməsi, xalqın mənafeyinə xidmət edən güclü ideologiya lazımdır. Buna nail olan xalq və ölkə üçün hakimiyyətdə kimin olması da maraq kəsb etmir, vəzifə gözdən düşür, hətta yük kimi qəbul olunur.

Nadir Qocabəyli

Xəbər 1665 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +