13.07.2021 14:37
Vokal sənətimizin pioneri
"Bütün həyatım boyu Azərbaycan musiqisi, Azərbaycan səhnəsi və mədəniyyəti üçün əlimdən gələni etməyə çalışmışam. Mən həmişə bu sənətin özünəməxsusluğunun və təkrarolunmazlığının qədrini bilmişəm”. Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın vaxtilə söylədiyi bu fikirlər böyük sənətkarın təkcə çox sevdiyi musiqi sənətinə deyil, həm də vətəninə xidmətini əks etdirmək baxımından dəyərlidir.
Azərbaycanın ilk professional qadın müğənnisi olan Şövkət Məmmədovanın adı (lirik koloratur soprano) musiqi tariximizə yazılıb. Azərbaycan opera sənəti tarixində silinməz izlər qoyan müğənninin açdığı cığırla istedadlı Azərbaycan qızları irəliləyib, səhnəni fəth ediblər. Görkəmli opera ifaçısı və müəllimi kimi şöhrət qazanan Ş.Məmmədova 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub, iki dəfə "Lenin”, iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı” ordenləri ilə təltif edilib.
Onu ölümdən Üzeyir Hacıbəyov xilas edib
Ş.Məmmədova 18 aprel 1897-ci ildə Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəs göstərən Şövkətin qabiliyyətini görən valideynləri ona pulunu hissə-hissə ödəmək şərtilə bir pianino alırlar. Yarım il sonra musiqi məktəbinə daxil olan Şövkət 12 yaşına qədər orda oxuyur. Görkəmli italyan müğənnisi Aida Qonzaqa o vaxt Tbilisidə qastrol səfərində idi. C.Verdinin "Riqoletto” operasında Cilda rolunu oynayan müğənninin ifası balaca Şövkəti necə ovsunlamışdısa, evə gələndən sonra da yadında saxladığı musiqini oxumağa başlayır. Balaca qızın musiqi qabiliyyəti haqqında söz-söhbət dillərə düşür. Tbilisidə xeyriyyəçi qadın, qrafinya Vorontsova-Daşkova axşam ziyafətində oxumaq üçün general Kazım Mirzə Qacara bir müsəlman qızı tapmasını tapşırır. Həmin müsəlman qızı 13 yaşlı Şövkət olur. O, ziyafətdə A.Rubenşteynin "Əzra” romansını, Azərbaycan xalq mahnısını və bir italyan romansını necə məlahətlə oxuyursa, qrafinya ona mütləq Peterburqa gedib musiqi təhsili almağı məsləhət görür. Şövkət isə məktəbi qurtarıb 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. 14 yaşlı müsəlman qızı İtaliyanın Milan şəhərində keçmiş opera müğənnisi Dotti Ambrozionun sinfində dərs keçməyə başlayır. Lakin 1912-ci ildə ona edilən yardım kəsildiyindən, ödəniş edə bilmir və Şövkət Bakıya qayıtmalı olur. O, həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Ü.Hacıbəyov başda olmaqla o dövrün ziyalıları, incəsənət xadimləri Şövkətə maddi yardım məqsədilə Tağıyev teatrında bəstəkarın "Ər və arvad” operettasını səhnəyə qoyurlar. Toplanan vəsait Şövkətin təhsilinin davamına sərf edilməli idi. Tamaşadan sonra Şövkət səhnəyə çıxıb oxumağa başlayır. Şaqraq və məlahətli səs əvvəlcə zalda sükut yaratsa da, az sonra sanki yuxudan ayılan Bakı qoçuları səhnədə örtüksüz oxuyan balaca qızcığazı ölümlə hədələyərək təhqiramiz sözlər yağdırmağa başlayırlar. Mirzəağa Əliyevlə Üzeyir bəy gizli yolla Şövkəti teatrdan qaçırırlar. Tamaşadan toplanan 1500 manat pul müsadirə olunur və Şövkət Tbilisiyə qayıdaraq orta məktəbi bitirir.
Tədqiqatçılar yazır ki, 1915-ci ildə Ş.Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur və A.Şperlinqin sinfində təhsilini davam etdirməyə başlayır. 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Kiyev Konservatoriyasında oxuduğu illərdə görkəmli bəstəkar R.Qliyerlə görüşür və yaradıcılıq əlaqələri yaranır. "Gəl, gəl, ey mənim maralım”, "Küçələrə su səpmişəm”, "Yeri, yeri küsmüşəm səndən” və s. Azərbaycan mahnılarını Qliyer ilk dəfə Şövkətin ifasında eşidir və Azərbaycan musiqisinə heyran olur. Sonralar bəstəkar "Şahsənəm” operasını yazarkən, Azərbaycan musiqi nümunələrindən bəhrələnir. Qliyer "Şahsənəm” operası üzərində işləyərkən bir sıra çətinliklərlə üzləşir. Bəstəkarın əlində heç bir musiqi materialı yox idi. Şövkət xanım milli musiqi parçalarının araşdırılmasında və operada yerli-yerində istifadə olunmasında Qliyerə yaxından köməklik göstərir. Məhz Şövkət xanımın səyi nəticəsində belə gözəl bir opera yaranır. "Mən Rusiyada böyümüşəm. Demək olar ki, Şövkət xanım Məmmədova ilə ilk tanışlığa qədər Azərbaycanı tanımırdım. Azərbaycanı ilk dəfə Şövkətin oxuduğu xalq mahnıları ilə kəşf etmişəm” – deyə R.Qliyer söyləyirdi.
Musiqişünaslar "Şövkət Məmmədova Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib” yazaraq, onun yaradıcılığını yüksək fikirlərlə tədqiq edirdilər.
Opera sənəti tarixində yeni səhifələr
1920-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasını bitirib Bakıya gələndə artıq püxtələşmiş bir müğənni idi. Onun yeni formada, yeni çalarlarla oxumağını çoxları qəbul etmir. Ancaq Şövkət başa düşürdü ki, yenilik asanlıqla qəbul olunmur. O isə uşaqlıqdan maneələrə və qalibiyyətə öyrəşmişdi. Ş.Məmmədovanın bir müğənni kimi yetişməsində Ü.Hacıbəylinin böyük xidməti olur. "Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olubdur. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban veribdir ...” - deyə dahi bəstəkar yazırdı.
1921-ci ildən başlayaraq Şövkət xanım Rusiya, Fransa, İtaliya, İran, Gürcüstan, Daşkənd, Paris və Təbrizdə uğurla çıxış edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və orada sona çatdırılmamış təhsilini tamamilə başa vurur. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə o təhsil ocağının direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.Azərbaycanda ilk not nəşriyyatı məhz Şövkət Məmmədovanın təşəbbüsü ilə yaradılır. Burada Ü.Hacıbəyovun, M. Maqomayevin redaktəsi və tərtibi ilə Azərbaycan xalq mahnıları nəşr olunurdu. İndiki Teatr Xadimləri İttifaqı da ilk dəfə Azərbaycan Teatr Cəmiyyəti kimi məhz Şövkət xanım tərəfindən yaradılır və ilk direktoru da sənətkarın özü olur.
1925-ci ildə Parisdə məşhur bir Fransa bəstəkarı onun ifasından heyrətlənərək "Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır” deyir. Fransız qəzetlərindən biri isə yazırdı: "Şövkət Məmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti ancaq avropalıların qisməti deyil”.
Ş.Məmmədova ilk azərbaycanlı müğənnidir ki, 1925-ci ildə Fransada səsi yazılmış valı buraxılıb.
Şövkət xanım müxtəlif illərdə musiqi folklorumuzun toplanmasında iştirak edib. Bununla bağlı hətta Parisdə də araşdırmalar aparıb. Ş.Məmmədova konservatoriyanın vokal kafedrasının müdiri və vokal fakültəsinin dekanı kimi milli kadrların yetişməsində böyük xidmətlər göstərib. O, 1949-cu ildən konservatoriyanın professoru idi. SSRİ xalq artistləri F. Əhmədova, M. Maqomayev, V. Kərimov, A. Əliyeva, RSFSR xalq artsiti L.Platonova, Ukrayna SSR xalq artisti C. Koçarova, Tacikistan SSR xalq artisti O.Orifov, Stanislavski və Nemiroviç - Dançenko adına Moskva Teatrlarının solistləri M. Karlova, L. Şerbaçova, Azərbaycan müğənniləri A.İbrahimova, T.Mirzəyeva kimi ifaçılar Şövkət xanımın tələbələri olmuş, vokal ifaçılığının sirlərini ondan öyrənmişdilər.
Rus ifaçılıq sənətinin görkəmli nümayəndələri L.Sobina və A.Nejdanova ilə Şövkət xanım ailəvi dost idilər. V. Gess, S.Stolerman, A.Klibson və b. ilə yaradıcılıq dostluğu yaranmışdı. Dahi müğənni Bülbüllə hələ İtaliyada təhsil aldığı illərdən mehriban dost idilər. Mehriban, səmimi xasiyyəti onu insanlarla dostlaşdırırdı.
Düşüncə ilə duyğu vəhdəti
Azərbaycan musiqi folklorunun gözəl ifaçısı olan müğənni başqa xalqların mahnılarını da sevə-sevə oxuyub. O, Şubert, Şuman, Qriq, Brams, Qlinka, Rubenşteyn, Çaykovski, Rimski-Korsakov, Qliyer kimi görkəmli Avropa və rus klassik bəstəkarlarının vokal musiqisini də öz repertuarına daxil etmişdi. Ş.Məmmədovanın ifa etdiyi Rozina ("Sevilya bərbəri”, C.Rossini), Lakme ("Lakme”, L.Delib), Cilda ("Riqoletto”, C.Verdi), Olimpiya ("Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua ("Hugenotlar”, C.Meyerber), Qar qız ("Qar qız”, N.Rimski-Korsakov), Antonida ("İvan Susanin”, M.Qlinka) və s. partiyalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb. Opera müğənnisinin yaradıcılığında həmçinin Şahsənəm ("Şahsənəm”, R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz”, "Şah İsmayıl”, M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan”, Ü.Hacıbəyov) partiyaları xüsusi yer tutur.
Ş.Məmmədova 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Şahsənəm və Nərgiz obrazlarını elə məharətlə ifa etdir ki, həmin ildə SSRİ xalq artisti fəxri adına layiq görülür. Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Şövkət xanım tamaşaçını təkcə səsi ilə deyil, obrazın daxili aləmini, xarakterini ustalıqla açması ilə də heyrətə gətirirdi. Onun yaradıcılığında düşüncə ilə duyğu vəhdət təşkil edirdi.
Görkəmli müğənni Rəşid Behbudov sənət dostunun peşəkarlığından ilhamlanaraq "Şövkət xanımı mən Azərbaycan opera teatrı səhnəsinə gələn ilk qadın müğənni kimi tanıyıram. İtaliya və Kiyevdə mükəmməl musiqi təhsili almış bu müğənni ilk gündən Azərbaycan musiqisinin ağırlığını çiynində daşımışdır. Onun gözəl ifaçılıq manerası oxuyanlarımız üçün örnək olmuşdur” deyirdi.
Prezident İlham Əliyevin Şövkət Məmmədovanın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı da böyük sənətkarın sənətinə verilən qiymətdir. Bu gün Bakıda görkəmli müğənninin adının əbədiləşdiyi küçə var. Opera sənətçisinin adını daşıyan studiyada gənc vokalçılar məşğul olur, təcrübələrini artırırlar. (artkaspi.az)
Xəbər 6041 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|