Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.
Xəzərnews.az xəbər verir ki, tədbiri giriş sözü ilə Türkiyə səfirliyinin Dini İşlər üzrə üşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu, Qarabağ, 20 Yanvar, Xocalı və Vətən Müharibəsi şəhidlərini rəhmətlə anıb və tədbirdə iştirak edən şəhid ailələrinə belə dəyərli övladlar yetişdirdikləri üçün öz təşəkkürünü bildirib. Artıq dördüncü Quran ziyafətinin keçirildiyini, bu ay içərisində şəhidlərimiz üçün xətmlər oxunduğunu və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. O bütün şəhidlərimizi unutmayacağıq deyib və qazilərimizə Allahdan acil şəfalar diləyib. Son günlər dünyada baş verən hadisələr zəminində Fələstində şəhid olan məzlum müsəlmanları anıb və onlar üçün dualar edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına və Türkiyədən təşrif buyuran qonaqlara öz təşəkkürünü bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin Suraxanı rayonu üzrə səlahiyyətli nümayəndəsi, Qaraçuxur məscidinin imamı Qurban Əliyev öz çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Natiq öz çıxışında şəhidlərin ölü olmadığını, hər zaman diri olduğunu qeyd edib.
Rəsmi çıxışlardan sonra Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvləri Musa Coşkun, Salih Akyüz, Müşfiqabad məscidinin imamı Sadiq Məmmədov və ilahiyyatçı Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər.
Bütün qiraətlərdən sonra Şəhidlər məscidinin imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində tərcüməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda məşhur qarilər tərəfindən sala oxunub və Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Musa Coşkun tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib və xətm duası oxunub.
Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsanlar paylanıb və Qurani-Kərimin Azərbaycan dilinə məali hədiyyə edilib.
Xəbər 9532 dəfə oxunub.