05.07.2022 11:23
Bakıda yolu kəsib satlıq qəbir yeri hazırlayırlar
Babək prospektindən Yeni Günəşli qəsəbəsinə gedən yolun sağ tərəfi ilə istinad divarı çəkilir. Gözəl iş görürlər, alqışlansın. Hələ bir az da gecikmiş addımdır.
Həmin ərazinin relyefi elədir ki, orada belə bir divar mütləq lazım idi. Yəni çəkilən divar heç də “Potyomkin hasarı” deyil. Yol Günəşli qəbiristanının lap altından keçir – məzarlıq təpənin üstündədir, yol isə düz ətəyində. Yağıntı bol olanda torpaq quzulayıb yola tökülür. Bu isə həm təhlükə deməkdir, həm də avtomobillərin intensiv hərəkətinə (Yeni Günəşliyə aparan əsas yol məhz budur) mane olan ciddi əngəl. Üstəlik, lap kənardakı qəbirlərin uçulub yola tökülmək təhlükəsi var. Razılaşın ki, heç də estetik deyil.
Bu divar çəkiləndən sonra daha belə problemlər olmayacaq. Təqdirəlayiq işdir. Amma...
İşin “əmma”sı da budur ki, həmin divar yolun daraldılması hesabına çəkilir. Daha konkret deyək: divarın çəkilişi qəbiristanın sahəsinin genişləndirilməsi məqsədinə xidmət edir. Özü də birbaşa! Belə görünür ki, bu layihəyə əl bulayan iti zəkalı (pul məsələsində) məmurlar hər şeyi zərgər dəqiqliyi ilə hesablayıb: həm “divar çəkib səliqə yaratdıq” deyə biləcəklər, həm də pul qazanacaqlar. Özü də xırda pullar yox...
Kimlərinsə “divarın o üzündə” gizlənən maraqlarına keçməzdən öncə başqa bir vacib məqama toxunaq. Uzunluğu təxminən 600 metr (rəqəmdə səhv edə bilərəm, gözəyarı deyirəm) olacaq divarın çəkilişinə 2021-ci ilin martında başlanıb. O vaxtdan bəri onun yarısından da azı çəkilib. İşlərin ləng getməsinin sadə səbəbi var: burada il uzunu 3-4 usta-fəhlə işləyib. Cəmi bu qədər! Bu qədər az! Bu səbəbdən də Yeni Günəşli sakinləri ötən ilin martından zillət çəkir. Çünki onsuz da dar olan bu yolda həmişə iş gedir; məlum məsələdir – bu da il uzunu tıxac deməkdir.
Burada ortaya xeyli sual çıxır. Orada niyə lazımi sayda işçi heyəti və texnika yoxdur? İşlər niyə bu qədər uzadılır? Qəsdənmi? Bəs onda maraq nədir? İşlərin acı bağırsaq kimi uzanmasının səbəbi vəsait çatışmazlığıdırmı? Əgər müvafiq dövlət qurumları tərəfindən hərtərəfli ölçülüb-biçilmiş və təsdiqlənmiş (şübhəsiz ki, belədir, ayrı cür ola da bilməz!) bu layihəyə dövlət büdcəsindən tam həcmdə vəsait ayrılıbsa, işlər niyə yekunlaşmır?
Yox, ayrılmayıbsa, onda indiyə qədərki işlər hansı vəsait hesabına görülüb?
Qayıdaq əsas məsələyə – yolun daraldılmasına.
Burada yolu göz görə-görə daraldıb qəbiristanın sahəsini genişləndirirlər. Yol hamının, o cümlədən dövlət qurumlarının gözü qabağında iki metrədək daraldılıb. Hətta yolun qırağındakı işıq dirəkləri də artıq divarın o tayında qalıb. Halbuki burada işlər təzə başlayanda istinad divarı üçün özül ayrı yerdə – yoldan kənarda, təpənin düz ətəyində qazılmış, divarın yeri müəyyən edilmiş, karkas üçün metal çubuqlar basdırılmış, yer manşırlanmışdı. Sonra kimlərsə nə düşündülərsə, həmin yeri torpaqla doldurub, iki metr bu yana keçib yolu qazmağa başladılar. Əvvəlki layihənin son izlərini – yerə basdırılımış metal çubuqları 2021-ci ilin dekabrında çıxarıb atdılar və bildiklərini eləməkdə davam etdilər.
İşin maraqlı tərəfi odur ki, bu layihəyə məsul olan məmurlar yolu nümayişkaranə şəkildə kəsir. Belə ki, həmin divarın əvvəli – 30-40 metrlik hissəsi bu ərazidə yeni mağaza açan “Araz” supermarketlər şəbəkəsi tərəfindən çəkilib. Amma “Araz” yolu nəinki daraltmayıb, hətta əksinə, divarı mümkün qədər arxada tikərək bir az da genişləndirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən (hər halda bildiriş lövhəsində belə yazılıb) divarı isə “Araz”ın çəkdiyi divardan iki metr qabağa, yola tərəf “sürüşdürməklə” əksini ediblər.
İşin daha bir ilginc tərəfi var: divarı hələ axıra qədər çəkib qurtarmamış onun arxası tələm-tələsik torpaqla doldurulur. Uşaq da bilir ki, bununla yeni məzar yerləri hazırlanır. Burada bir qəbir yerinin qiyməti isə 10-12 min manatdır. Yolun belə həvəslə daraldılmasının səbəbi məlum oldumu?
Qaranlıq qalan isə budur: xalqın yolunu kəsib satlıq qəbir yeri düzəltmək kimi qansız bir əməl hamının, bütün müvafiq dövlət qurumlarının gözü qarşısında baş verdiyi halda niyə heç birinin səsi çıxmır? Bakı Şəhər İcra Hakimiyyətinin başı çoxmu qarışıqdır? Bəs nəyə?
Ola bilsin ki, hansısa əlaqədar qurumdan bu yazıya bərli-bəzəkli cümlələrlə təkzib gələcək, kimlərsə divarın məhz həmin yerdən çəkilməli olduğunu əsaslandırmağa çalışacaq. Halbuki danışılacaq bu nağılın elə nağıl olduğunu göstərən sübut yerindədir – “Araz”ın çəkdiyi divar sökülməyib. Gedib baxa bilərlər.
Bu yaxınlarda Bakıda xalqın yolunu kəsib parklama yeri düzəltmişdilər. Mətbuat bu eybəcər özbaşınalığı işıqlandırdı, ölkə başçısı işə qarışdı və yol xalqa qaytarıldı. Ümid edək ki, Yeni Günəşlinin yolunu kəsənlər də hansısa formada cəzalandırılacaq. Bu cəza çəkilən divarı onu çəkənlərə sökdürülüb elə onların “daxili imkanları” hesabına yenidən və öz yerindən çəkdirmək də ola bilər, divarın o tayında qalan satlıq ərazini yaşıllaşdırıb gül-çiçək əkdirmək də. Yol kəsilir kəsilir, dar olsa da barı estetik olsun...
P.S. Bu yolkəsənliyi əks etdirən şəkilləri qəsdən paylaşmıram. Aidiyyəti qurumların məsul şəxslərinə bir zəhmət, gedib özləri baxsın.
Famil Cəfərli
Xəbər 1685 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|