26.04.2019 15:49
Azərbaycanda sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanıb
Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı “Aqrar sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb.
XəzərNews.az xəbər verir ki, layihə 4 fəsil və 24 maddədən ibarətdir.
Adıçəkilən sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri tərəfindən hazırlanıb.
I fəsil ümumi müddəalara həsr olunub. Burada qanunun məqsədləri üçün istifadə olunan anlayışlar, aqrar sığorta sahəsində dövlətin vəzifələri, sığortanın predmeti, sığorta üzrə təminat verilən risklər, sığortanın tənzimlənməsi və sığorta haqqı verilmişdir. Aqrar sığorta sahəsində dövlətin vəzifələri aqrar sığorta predmetlərini və sığorta risklərini müəyyənləşdirmək, sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərməkdir. Aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aid edilir. Aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar. Bu fəsildə aqrar sığorta haqqının ödənilməsi qaydası və forması, sığorta haqqı üzrə güzəştlər və əlavələr, qismən sığorta, azadolma və gözləmə müddəti, sığorta müqaviləsinin forması, sığorta müqaviləsinin bağlanılması müddətləri və digər hallar müəyyən olunub. Qeyd olunur ki, aqrar sığorta haqqı sığortalı tərəfindən ödənilməli olan hissədən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarətdir. Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. II fəsil aqrar sığorta sisteminin subyektlərinə – Aqrar sığorta orqanına, İdarəedici quruma, müstəqil ekspertlərə, üzv aqrar sığortaçılara və aqrar sığortalıya həsr olunub.
Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. O, aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanaqlığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, sistemin idarəedilməsini və informasiya sisteminin aparılmasını isə idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin ekspertlərin bir-birindən fərqlənən rəylərinə baxılması üçün aqrar sığorta orqanı daxilində fəaliyyət göstərən Apellyasiya Şurası yaradılır. Aqrar sığorta orqanı öz mənfəətini uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına, nizamnamə kapitalının artırılmasına, sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə və dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə yönləndirir. Aqrar sığorta orqanının aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. İdarəedici qurum ölkə ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərməyə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir. Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq qaydada imtahandan keçərək sertifikat almış və reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Üzv aqrar sığortaçılar aqrar sığorta ilə bağlı münasibətlərdə aqrar sığorta orqanı və aqrar sığortalı arasında aqrar sığortanın tətbiqi üzrə sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirir.Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün üzv aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.
III fəsildə aqrar sığorta ilə bağlı subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta informasiya sisteminin yaradılması, müstəqil ekspertlərin müqavilə bağlanmamışdan əvvəl sığorta predmetinə baxış keçirməsi və risklərin aqrar sığorta informasiya sisteminə daxil edilməsi əks olunmuşdur. Burada aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin şərtləri, sığorta hadisəsinin araşdırılması, aqrar sığorta ödənişi haqqında qərarın qəbul edilməsi və təkrarsığorta verilmişdir.Layihənin IV fəsli aqrar sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət, keçid və yekun müddəalara həsr olunub.
Xəbər 1122 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|