Proqramçılığı məktəb vaxtı özü araşdırıb öyrənir. İlk saytlarını da elə məktəb vaxtı yığır. Universitet dövründə dərslərlə yanaşı, iş cəhətdən də aktiv olur. 4-cü kursda artıq şöbə müdiri olur. Bakalavr təhsili başa vurandan sonra “NAR”da işləyir və paraleldə dostu ilə bir yerdə şirkət qurur. Bir müddət çalışdıqdan sonra iş təklifi alır və Ukraynaya köçür. Daha sonra Almaniyadan iş təklifi alır və 7 ilə yaxındır bu ölkədə mühəndisliklə bağlı idarəedici vəzifələrdə çalışır.
Valyuta.az-ın müsahibi Almaniyada “Monks” şirkətində mühəndislik şöbəsinin müdiri olan azərbaycanlı İlkin Əlibəylidir.
Qeyd edək ki, İ.Əlibəyli 1992-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində informatika və menecment üzrə bakalavr, Azərbaycan Dövlət Texniki Universitetində isə kompüter arxitekturası və idarəetmə üzrə magistr təhsili alıb.
Azərbaycanda “Safaroff” Agentliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Milli Kitabxanada və “Nar”da (Azerconnect) çalışıb.
- İlkin bəy, məktəb vaxtı riyaziyyata xüsusi marağınız olduğunu demisiniz. Necə bir maraqdan söhbət gedir?
- Məktəb vaxtı ən çox sevdiyim fənnlər riyaziyyat, fizika, kimya idi, amma ən çox riyaziyyata maraq göstərirdim. Məktəbin ilk illərindən artıq bunu müəllimlərim hiss etmişdilər. 5 yaşım olanda, biz Rusiyaya köçmüşdük. Orta məktəbin ilk illərini Moskvada oxumuşam. Əsasən riyaziyyat biliklərimə görə 1-ci sinifdən 3-cü sinfə keçirmişdilər, 3-cü sinifdən sonra isə 5-ci sinfə keçdim. Bunun üçün təbii ki imtahan verirdim. Sonra artıq Bakıya qayıtdıq və Azərbaycanda təhsil aldım. Anam riyaziyyat müəllimi olduğu üçün həmişə məndən yüksək siniflərin tapşırıqlarını bir yerdə həll edirdik. 6-cı sinifdə oxuyurdumsa, 8-ci sinfin tapşırıqlarını həll edə bilirdim. Mənə maraqlı gəlirdi. Oyun kimi qəbul edirdim.
- Bəs proqramçılıqla tanış olmağınız, bu sahəni seçməyiniz necə oldu?
- 8-9 yaşım olardı, evə kompüter alındı. Böyük kompüter idi, otağın yarısını tuturdu (Gülür). İlk olaraq kompüterdə oyunlar oynamağa başladım. Kompüterin imkanlarını kəşf etdikcə, marağım daha da çoxaldı və bu sahədə texniki biliklərim artdı. Bir də gördüm ki, bütün dost-tanış kompüter, telefon formatı, ofisdə şəbəkə məsələləri ilə bağlı mənə müraciət edir. 7-ci sinifdə oxuyanda o bacarığımdan pul da qazana bilirdim. Telefonlara proqram yazırdım, mənə pul ödəyirdilər. İşin içinə düşdükcə gördüm ki, daha dərin məlumatlar, daha maraqlı sahələr var. Araşdıra-araşdıra proqramlaşdırma ilə tanış oldum və sonra texniki işlərdən uzaqlaşdım, artıq beyin tələb edən tərəfə yönəldim.
- Azblok.net saytınızı məktəb vaxtı yaratmısınız. Proqramçılığı necə öyrənmişdiniz?
- Mən rus sektorunda oxumuşam, rusca axtarış edib sayt qurmaqla bağlı məqalələr və 2 kitab oxudum. Sonra nələrsə düzəltməyə başladım. Birincilər təbii ki elə də yaxşı deyildi, zamanla öyrəndim. Bir müddət özüm üçün saytlar yığırdım. 11-ci sinfi bitirən kimi artıq başqa adamlardan və şirkətlərdən sayt yığılması ilə bağlı sifarişlər almağa başladım.
Azblok.net-ə gəlincə, onu 11-ci sinfin sonunda (2009-cu ildə) yaratmışdım. Hələ “Facebook” Azərbaycana tam gəlib çıxmamışdı, mənim saytım Azərbaycanda populyar olmuşdu. O vaxt üçün böyük əyləncə portalı idi. Gündəlik 20-30 min istifadəçi daxil olurdu. Məktəb vaxtından o layihədən pul qazanırdım. Universitet vaxtı sayt pik hala gəldi və daha çox qazandırdı.
//youtube.com/@ilkinalibayli
- Hansı məbləğdə qazancdan söhbət gedir?
- Orada heç bir investisiya yox idi. Özüm sıfırdan sayt qurdum, işləyə-işləyə öyrəndim, təkmilləşdirdim və gəlir də gətirirdi. 2011-ci ildə layihəmiz pik nöqtəsinə çatmışdı və aylıq daha yaxşı gəlir gətirməyə başladı. O saytdan qazandığım pulla tələbə vaxtı özümə maşın aldım. Pik vaxtda ayda 1000 dollara yaxın qazanırdım. Bəzən 400, 500, 700 və s. də olub, amma pik vaxtda 1 il davamlı 1000 dollar qazandım.
- Birinci kursda iş tapmağınız da çətin olmayıb...
- (Gülür) Məktəbi 2 sinif atladığım üçün 15 yaşımda universitetə qəbul olmuşdum. Birinci kursda Azblok.net layihəmi, saytın proqram tərəfini “Safaroff” şirkətinə göstərdim. Bir-iki tapşırıqdan sonra məni işə qəbul etdilər. Tələbə vaxtı həm oxuyurdum, həm işləyirdim, həm də öz layihəmi davam etdirirdim. 2-ci kursda oxuyanda, universitetdə 4-cü kursda oxuyanlara veb texnologiyalar üzrə dərs keçirdim.
- O zaman aktiv tələbəlik dövrü keçirmisiniz.
- Məktəb vaxtı öyrəndiyim biliklər sayəsində, universitetdə də kompüterlə bağlı işlərə məni cəlb etdilər. Bir neçə qrup yoldaşımla bir yerdə universitetdəki kompüterlə bağlı işləri görürdük, laboratoriyalar quraşdırırdıq, veb platformalar düzəldirdik.
Universitet dövründə öz layihəmlə yanaşı, 3 işdə çalışdım. 4-cü kursda oxuyanda, 19 yaşımda Mərkəzi Kitabxanada avtomatlaşdırma şöbəsinin müdiri idim.
Bakalavr təhsilimi başa vurandan sonra “Nar” şirkətində işləməyə başladım. Paraleldə isə dostumla bir yerdə dizayn və kodlaşdırma sahəsində fəaliyyət göstərən “DPI” şirkətini qurmuşduq. Ofis tutmuşduq, işçilər götürmüşdük. O vaxt Bakı Bulvar İdarəsinin saytını biz yığdıq, Bakı Dövlət Universitetinin daxili interfeysini vebdə düzəltmişdik. Eyni zamanda, axşamlar kurslarda müəllim kimi çalışırdım.
- Başqa müəssisədə çalışa-çalışa biznes qurmaq və idarə etmək necə mümkün olurdu?
- Necəsə vaxt ayırırdım. Artıq evli idim, uşağım da var idi. İyirmili yaşlarda olduğum üçün gecə 3-4 saat yatmaq bəs edirdi. Gündə 12-15 saata yaxın işləyirdim. Maraqlı günlər idi, çox şey öyrənmişdim. İndiyə qədər də o öyrəndiklərimə zaman-zaman ehtiyac olur. Yaxşı ki o təcrübəni yaşamışam. 30 yaşı keçmişəm və artıq 7-8 saatdan artıq çalışa bilmirəm (Gülür).
- 19 yaşda idarəetmədə olmaq necə idi?
- Cavan idim, düşünürdüm ki, hər şeyi bilirəm (Gülür). Amma əlbəttə ki, bu, böyük səhv idi. Zamanla öyrəndikcə başa düşürsən ki, heç nə bilmirsən və hələ də öyrəniləcək çox şey var. Əməkdaşlarım 30 yaşdan yuxarı şəxslər idi, amma yenə də maraqlı idi.
- “NAR”da işləyirdiniz, paraleldə öz şirkətiniz də var idi. Ölkə xaricinə getmək səbəbiniz nə oldu?
- Bəli, öz şirkətimiz mən Ukraynaya gedəndə də işləyirdi, Almaniyaya gəldim, ortağım da xaricə köçəndən sonra onu bağladıq. Azərbaycanda işlərimiz yaxşı idi, sadəcə olaraq artıq Avropada işləmək qərarı vermişdik.
- Ukraynaya getməyiniz necə oldu?
- Ukraynada turizmlə bağlı bir startapdan iş təklifi aldım. Startap mühiti də mənə tanış idi deyə, təklifi qəbul etdim. Əvvəl tək getmişdim, sonra yoldaşımla övladım da yanıma gəldilər. Yaxşı bir mühit idi, 2 ilə yaxın orda işlədim.
- Almaniyaya da iş təklifi alıb köçdünüz?
- Bəli. Əvvəldən çalışmağı arzuladığım 2 ölkə var idi, onlardan biri Almaniya idi. Maraqlı təklif də olduğu üçün dəyərləndirdim.
- Almaniyada müxtəlif şirkətlərdə işləmisiniz.
- Bəli, fərqli şirkətlərdə proqramçı kimi çalışdım. Daha sonra data mühəndisliyin komanda rəhbəri, mühəndislik üzrə idarəçi (Engineering Manager” və mühəndislik şöbəsinin rəhbəri (Head of Engineering) vəzifələrinə yüksəldim. Hazırda “Monks” şirkətində çalışıram və avtomobil reklamları, xüsusilə BMW kimi müştərilər üçün GenAI texnologiyasından istifadə edərək yaradıcı reklamlar hazırlamaq üzərində işləyirəm. Burada hər şey avtomatlaşdırılır, insanlar yalnız böyük bir sistemin işlək vəziyyətdə olduğunu təmin edirlər, sistem isə müştərilər üçün iş görüb gözəl nəticələr verir.
- Almaniyada proqramçılıqdan çox idarəedici vəzifələrdə olmusunuz...
- Çünki Almaniyada da özümü idarəetmədə tapdım. Artıq idarəetmə təcrübəm olduğu üçün o işlərə cəlb edirdilər. Mənim indiki vəzifəm də tam idarəedici sahədir. Proqramçı olanda, sənə bir tapşırıq verilir və onu işləyirsən. Rəhbər vəzifədə isə 10 işi eyni vaxtda görürsən. Hamısını öz əlinlə görmürsən, işçilər vasitəsilə bunu edirsən. İT-də idarəetmənin önəmi çox böyükdür. Rəhbər kimi şirkətə daha çox xeyir gətirə bildiyimi düşünürəm. Ona görə İT-də menecment sahəsini seçdim. Əslində, iki sevdiyim işin birləşməsi olduğu üçün zövqlüdür.
- Bir az da İT-də idarəetmədən danışaq. Fərq nədədir?
- Bu sahədə idarəçilər ilk növbədə sırf məlumatların strukturlaşdırılması və İT işçilərin inkişafı ilə məşğul olmalıdır. Elə etməlidir ki, İT işçiləri davamlı inkişaf etsinlər. Bu sahədə inkişaf etmədinsə, gələcəyin olmur. Ya kadr olaraq lazımlı olmursan, ya da köhnə stildə çalışan şirkətlərdə işləməyə məcbursan. Ona görə idarəçilər hər şeyə cavabdehdirlər. İdarə etmək işçilərə “işlə” demək deyil. İşçilərin gördüyü işi asanlaşdırıb daha təhlükəsiz etmək deməkdir. Sistem düzgün qurulubsa, işçilərin səhv etmə ehtimalı qat-qat azalır.
Yəni, rəhbər şirkəti hara aparmaq istədiyini dəqiq bilməli, bunu işçilərə doğru çatdırmalı və hər kəsin o məqsəd arxasınca getməsini təmin etməlidir. Məqsədi biləndən sonra işçi lazımlı işlərin nələr olduğunu bilir və o yolda daha rahat irəliləyə bilirlər.
- Azərbaycanda da çalışmısınız, Ukrayna təcrübəsini də görmüsünüz. Maraqlıdır, Almaniyada idarəetmədə yanaşma bunlardan nə ilə seçilir?
- Almaniyada idarəetmənin əsas fərqi odur ki, burada idarəçi, rəhbər tam olaraq menecer kimi davranmır. “Boss” deyilən məsələ yoxdur. Burada hər şey daha mülayimdir. Müdirlə işçi arasında məsafə də Azərbaycandakı qədər çox deyil. Burada hamı bir-biriylə dost kimi işləyir. Önəmli olan məsələ liderlikdir. Əgər sən lidersənsə, artıq komanda üçün bir nümunəsən. Məsələn, mən qaydalara riayət edirəmsə, bütün işçilərim riayət edəcək. Əgər, qeydi-ciddi yanaşsam, onlar da etməyəcək. Hansı işlərə ciddi yanaşıramsa, işçilərim də o cür yanaşacaq. Lider o insandır ki, arxasınca komandasını apara bilir, lakin onlarla “mən müdirəm” kimi davranmır. Dostluq da edir, bir məsafə də saxlayır.
Digər önəmli məsələ odur ki, vəzifən yuxarı olsa, amma yaxşı işçi olmasan, o vəzifədə çox otura bilməzsən. İdarəetmədə olsan da, şirkətin sahibi kimi yanaşmalısan. Məsələn, mən şirkətdən heç bir bonus qazanmıram, maaş alıram. Amma düşüncən elə olmalıdır ki, biznes adamısan, bu sənin işindir. Bu düşüncə ilə daha çox qabağa gedə bilərsən. Hamı hiss edir ki, sən şirkətin qayğısına qalırsan. Şirkət inkişaf etdiyi halda sənin də vəzifən artır, başqa yerlərdən dəvət gəlir. Yalnız bu üsulla rəhbər kimi inkişaf etmək olar.
- Azərbaycanda da İT sektorunda çalışmısınız. Sizcə, bizdə bu sektorun inkişafı ilə bağlı hansı problemlər mövcuddur?
- Hər zaman inanmışam ki, uğurlu komandanın əsas sirri, insanların bir araya gəlib sinerji yaratmasıdır. Azərbaycanda İT icması sürətlə böyüyür, amma hələ də liderlik və soft skills (yumşaq bacarıqlar) sahəsində kifayət qədər inkişaf etmək olar. Bu sahədə təcrübəsi olan şəxslər də onu bölüşməkdən çəkinməməlidirlər. Mənim proqram təminatı sahəsində 17 illik təcrübəm var, Azərbaycanla yanaşı iki ölkədə də çalışmışam. Düşünürəm ki, bilik və təcrübəmizi bölüşməli, bu şəkildə də faydalı olmağa çalışmalıyıq. İllərlə yığılan təcrübəmi bölüşmək üçün “YouTube” kanalımda və “Udemy”də kompüter elmləri əsaslı kurslarda məlumat verirəm. Həmçinin, yaxın gələcəkdə Azərbaycan üçün idarəetmə kursu da keçirməyi planlaşdırıram. Bu cür təşəbbüslər vasitəsilə liderlik bacarıqlarını və effektiv ünsiyyət qurmağın vacibliyini vurğulamaq istəyirəm.
“Köçəri” kanalında da bilik və təcrübəmi paylaşmaq üçün dəvət etmişdilər, yaxşı suallar verildi və mən təcrübəmi bölüşməyə çalışdım.
//youtu.be/xnvtX5Zx-q0
Məsələn, zaman-zaman Bakıya səfərlər edərək biliklərimi paylaşa bilərəm. Daha yaxşı nəticə olması üçün hamımız çalışmalıyıq.
- Və hər kəs öyrənmək üçün davamlı çalışmalıdır. Dövrün tələbi budur.
- İnsanların özünü inkişaf etdirməsi və sürətli öyrənmə qabiliyyəti olduqca vacibdir. Mən də bu bacarıqları kitablardan, mənimlə çalışan kolleqalarımdan, mentorlarımdan və öz təcrübəmdən qazandım. Ailə məsuliyyəti, kiçik bizneslərim və digər işlərim olsa da, sürətli öyrənməyə və öz üzərimdə daimi işləməyə öyrəşmişəm.
- Yəni ailə, iş və digər öhdəliklər arasında özünüinkişafa vaxt çatdırmaq mümkündür.
- Ailə, iş və digər məsuliyyətlər arasında balansı saxlamaq çətin olsa da, mən bu prosesdə çox şey öyrəndim. Əsasən, özünüidarəetmə, zaman idarə edilməsi və sürətli öyrənmə qabiliyyətlərini qazandım. Bu bacarıqları əldə etmək üçün kitablar oxudum, mentorlardan dəstək aldım və ən əsası, öz üzərimdə işləməyi öyrəndim. Hər kəsin fərdi inkişafı üçün "sürətli öyrənmə" prinsipini mənimsəməsi vacibdir. Bu, həyatın müxtəlif sahələrində uğur qazanmaq üçün əsas amildir. Məsələn, hazırda süni intellekt sürətlə inkişaf edir və mən bu sahəyə aid olan xəbərlərə yazılıb onları izləyirəm. Yeni bir məqamlar çıxan kimi dərhal oxuyub praktikada yoxlamağa başlayıram. Bu, mənə zamanla bir sürətlə inkişaf etməyə imkan yaradır.
- Qarşıdakı dövr üçün nə kimi hədəfləriniz, planlarınız var?
- Hazırda “Youtube”dakı kanalım vasitəsilə biliklərimi böyük bir kütləyə çatdırmağa çalışıram. Bu, əsasən İT sahəsinə yeni başlayan mütəxəssislər, tələbələr, məktəblilər və hətta artıq təcrübəli mütəxəssislərə inkişaf etməkdə köməklik göstərən videolardır. Əsas məqsədim mürəkkəb məsələləri sadə dildə izah etməkdir.
Gələcəkdə həm İT icmasının inkişafına, həm də liderlik və idarəetmə sahəsində təlimlərin təşkilinə daha çox diqqət yetirəcəm. Yaxın gələcəkdə Azərbaycan üçün “Udemy”də yerləşdirilən xüsusi idarəetmə kursu keçirməyi planlaşdırıram. Bundan əlavə, həm onlayn, həm də oflayn tədbirlər vasitəsilə təcrübə və biliklərimi paylaşmağa davam edəcəm. Məqsədim, Azərbaycan İT icmasının daha da güclənməsi və dünyada öz yerini tapmasıdır. Bəzi ölkələr var ki, çox kiçikdilər, lakin onların İT sahəsi böyük uğurlara imza atıb. Biz onlardan əskik deyilik, sadəcə bir az sistematik yanaşma lazımdır.
//course.ilkinalibayli.com/DAaGLv
Azərbaycanlı proqramçılar əsasən texniki biliklər və məntiqli düşüncə ilə seçilir, lakin sistematik işləmək bizim problemimizdir. Bu, əsasən sırf bu sahə üzrə idarəetmə təhsilinin nisbətən təcrübəsiz olmasından əmələ gəlir. Bu yolda hər kəsin öz üzərində işləməsi və "sürətli öyrənmə" bacarıqlarını inkişaf etdirməsi çox vacibdir. Biz sahə üzrə liderləri böyütməliyik.
Xəbər 275 dəfə oxunub.