05.12.2023 12:11
Babəkdən Baboşadək... - Niyə bu günə qaldıq?
Dünən sosial şəbəkədə Baboş fırtınası əsirdi. Bir xeyli adam bu mövzuda status yazmışdı. Hələ mənim dostluğumda lotu-bambılı, qeyri-ciddi, mırt adamlar yoxdur (varsa da, azdır), görün, elələrinin toplaşdığı səhifələrdə nə pəstəhalar olub.
Baboş addır, Babək adlı sosial şəbəkə fenomeninin (bu sözü dəb salanan ulu məzrəsinə ta deyim) qısaldılmış adıdır, onu əzizləyərək belə deyirlər.
İndi elə çıxa bilər ki, bu fenomen soydaş nəsə incəsənət adamıdır, nə bilim, gözəl rəqs edir, mahnı oxuyur, dombalaq aşır və bütün bunları videokameraya çəkərək paylaşır, bu sayədə fenomen olur.
Yox, Baboş eləcə videokamera qarşısında söhbətlər edir. Yenə də bilməyən adam düşünər ki, o, politoloq Şevçenko kimi siyasi analizlər verir və ya Cem Yılmaz kimi məzəli şeylər danışır. Elə də deyil.
Hərçənd Baboşun söhbətlərinin məzmunu məzəli olmasa da, ifa tərzi gerçəkdən məzəlidir, bəzən adamı güldürür də.
Məsələn, onun bir videosu var, canlı yayım açaraq xanım-xatın qadınlar kimi ordan-burdan danışdığı yerdə o biri telefonuna zəng gəlir, bu da açır. Xəttin o başındakı oğlan qız kimi əzilib-büzülərək deyir, Baboş, canım, necəsən, aşkım. Baboş ciddiləşir və ona deyir ki, ay oğlan, sən niyə qız kimi danışırsan. Oğlan deyir, Allah məni belə yaradıb. Xüləs, tərəflər sağollaşırlar. Bu dəfə Baboş zənənə təhkiyə ilə ekrana deyir: “Bu niyə qız kimi danışır? Səylərin qırılsın”.
Baboş belə Baboşdur. Pozitivdir, koloritlidir, səmimidir, danışığı cinsi orientasiyası haqqında şübhə yarada bilər, amma o demək deyil ki, o elə biridir. Görünür, ulu təbiət də Baboşu belə yaradıb.
Ancaq dünən onun adını dillərdə dastan edən məsələ sözgedən istiqamətdə əlavə söz-söhbətlərə səbəb ola bilər. İnternet resurslarında yayılan xəbər beləydi ki, bir iş adamı Baboşa bahalı ev bağışlayıb. Ev də elə-belə ev deyil, qiyməti 1 milyon civarında olan villadır, guya.
Bu xəbər ictimaiyyətin məsələdən hali olan qruplarını həyəcanlandırıb və belə bir sual qarşısında qoyub: “Baboş kimdir, nəçidir, hansı fenomenal istedadın, qabiliyyətin, yaradıcılığın yiyəsidir ki, ona belə bahalı hədiyyə bağışlanır?”
Bu sualda qəribə bir sadəlövhlük də var. Elə çıxır ki, lüks maşın, komfortlu ev bağışlanan zənən sənətçilər o cür bahalı hədiyyələrə öz istedadları, yaradıcılıqları ilə nail olurlar. Bilən bilir ki, elə deyil. Bizdə sadəcə, şöhrətli, adı tanınan adamlarla oturub-durmaq şakəri var. Ona görə də elələrindən heç nə əsirgəmirlər. Gözəllik və cazibədarlı da şərtdir, əlbəttə. Rəhmətlik Monserrat Kabalye o fenomenal səsi və bildiyiniz fizionomiyası ilə Azərbaycanda olsaydı, ya acından ölərdi, ya da birtəhər prezident təqaüdü düzəldərdilər ki, acından ölməsin. Əvəzində dənizdə boğulsa, adam çağırmağa səsi olmayan gənc və gözəl müğənni qadınlar var, öz lüks avtomobillərində tv-tv gəzirlər, sonra da sürücüsü və mühafizəçisi ilə villalarına yollanırlar.
14-15 il qabaq gərək ki, “Maşın-şou”da belə bir əhvalat oldu. Yarışmaya qatılmış Furkan adlı, Ahıska türkü olan yaraşıqlı gənc (bir suyu futbolçu Bəhlul Mustafazadəyə oxşayan oğlan idi) üçün studiyaya zəng gəldi. Aparıcı elan etdi ki, adının çəkilməsini istəməyən bir iş adamı Furkana ev və maşın bağışlayır, üstəlik, onu öz yanında işə də dəvət edir.
Bir az şokedici yenilik oldu. Furkan özü də şoka düşdü. O, sənət adamı, gənc rejissor, aktyor, yazıçı-filan olsaydı, deyərdik, iş adamı mesanatlıq edir. Zəng edən iş qadını olsaydı, düşünərdik ki, xanım Furkana göz qoyub, ona ərə getmək istəyir.
Ertəsi gün redaksiyada bu barədə söhbət düşəndə itoynadan dostlardan biri dedi ki, Furkana ev, maşın və iş verən biznesmenin niyyəti ortadadır, əsas odur ki, gənc adam bu təklifi qəbul edərək kasıbçılığın daşını atacaq, yoxsa “mən siz deyən oğlanlardan deyiləm” deyə imtina edəcək.
O məsələnin axırı necə oldu, ictimaiyyətə əlavə informasiya verilmədi. Amma Baboş sosial şəbəkə fenomeni olduğu üçün yəqin ki, sosial şəbəkələrdə onun bahalı hədiyyəni qəbul edib-etmədiyi barədə əlavə məlumat olacaq.
Qoy hamının işi avand olsun. Mömin qardaşlar demişkən, Allah hərəni bir cür yaradıb, hamının da rızqını verir.
Babəklərin erası gedib, həmvətənlər, indi baboşların erasıdır.
Samir Sarı
Musavat.com
Xəbər 4794 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|