12.10.2023 13:49
Ölüm yatağında etiraf - Hekayə
Yoxsa siz elə fikirləşirsiniz ki, mən öləndən sonra cənnətə gedəcəm? Fikirləşirsiniz ki, vaxtımı, pulumu kasıblara sərf etdiyim üçün mənim yerim cənnətdir? Bəli, əgər bu dünyaya yenidən gəlsəydim yenə də belə edərdim. Ancaq günahlarımı yumaq üçün bunlar kifayət deyil. İnanmıram ki, Allah mənim günahlarımı bağışlayar. Əgər desəm ki, mənim günahlarım boyda Allahın mərhəmətinin olmağına da inanmıram, yəqin o da məni bağışlayar.
Siz keşişsiniz, belə şeyləri bilərsiniz. Hərdən mənə elə gəlir ki, o vaxt qəddar olmağıma səbəb şeytandır, ya da elə bilirəm, mən umumiyyətlə, şeytanın övladıyam, öləndən sonra şeytanın yanına qayıdacam. Cənab, mənə belə təəccüblə baxmayın! Əlbəttə, belə deməyimə baxmayın, sözlərimə heç özüm də inanmıram. Ancaq hərdən gecələr otağımda tək qalıb dərindən fikirləşəndə dediklərimə inanacağımdan qorxuram.
Mənim bu qoca halımı, başımdakı şlyapanı, dama-dma şərfimi görəndə heç ağlınıza da gəlməz ki, bir vaxtlar Saut Daunsda ən gözəl iki qızdan biri olmuşam. Bəli, mən gözəl idim, o biri gözəl qız isə mənim xalam qızı Lillian idi. Biz Vaytkroftda , xalam qızı ilə birlikdə dayımgildə yaşayırdıq. Dayım çox varlı bir fermer idi, çoxlu torpaq sahələri vardı.
İnsanlar yanımda vətən, ev deyəndə mən Vaytkroftu düşünürəm. Balaca pəncərələri, saman döşənmiş damı olan evlər və fermalar gözüm önünə gəlir. Ağaclar az idi, dənizdən külək əsəndə ağacların budaqlarının necə əsməyi hələ də yadımdadır.
Vaytkroft Daunsun təpəsindədir. Günəşli günlərdə ordan baxanda bağlar, kilsə açıq -aydın görünürdü. Sanki bağlar dənizdən əsən küləkdən qorunmaq üçün dərədə gizlənmişdilər. Gecələr Lillian ilə mən çarpayıda uzanıb pəncərəmizi döyəcləyən küləyin səsini dinləyirdik. Həmin anlarda bilirdik ki, külək evimizin tüstü bacalarını da silkələyir, az qala evimizi beşik kimi yırğalayırdı.
Biz hələ balaca olanda bura gəlmişdik, bizi dayımız böyütmüşdü. Bir-birimizi bacı kimi çox istəyirdik- həmin hadisə baş verənə qədər. Bu hadisə haqda heç bir insana bir kəlmə də deməmişəm. Siz yeganə insansınız ki, sirrimi açıram.
Nə qədər peşman olsam da faydası yoxdur, peşman olmaqla günahı yumaq olsaydı nə vardı ki...
Bir küləkli, yağışlı gecə idi, sanki tufan qopmuşdu. Əgər qapını bircə qarış aralı qoysaydın evin içində nə varsa alt-üst olardı. Dayım, Lillian və mən odun sobasının yanında oturmuşduq. Biz əlimizdə mil nəsə toxuyur, dayım isə qəzet oxuduğu yerdə yuxulamışdı. Heç kim belə havada yuxuya gedə bilməzdi, yalnız dayım kimi, bu yerlərdə doğulan adamın gözlərinə yuxu gedərdi. Lilllian ilə mən dayımın bizə aldığı qış paltarlarından söhbət edəndə qapını kimsə döydü. Düzdür, taqqıltı səsi küləyin səs-küyündən möhkəm deyildi, ancaq hiss etmək olardı ki, bu fərqli taqqıltıdır, külək səsi deyil. Dayım səsə oyanıb bizə dedi:
– Sakit durun! Qulaq asın!
Bir an sonra yenə də taqqıltı səsi gəldi. Mən ayağa durub qapını azca araladım. Qapının ağzında bir cavan oğlan durmuşdu, mən qapını aralayanda işıq görən kimi həmin adam nəsə deməyə başladı, küləyin nəriltisindən onun nə dediyini eşitmədim, yalnız ağacların şaqqıltısı gəlirdi.
– Qapını ört! Hər kimdirsə de içəri girsin, sözünü evin içində desin, – dayım mənə dedi.
Beləcə, həmin adam içəri girəndən sonra qapını örtdüm, bundansa tabutumun qapağını örtmək daha yaxşı olardı.
İçəri girən adamın pal-paltarı su idi, Sout Daunsda küləklə mübarizə aparmaq şirlə döyüşməyə bənzəyir. Əgər küləklə çox vuruşsan külək səni öldürər.
İçəri girən kimi cavan oğlan divara söykənib dedi:
– Mən yolumu azmışam, yıxıldım, deyəsən qoluma nəsə olub, bəlkə dı sınıb. Sizdən xahiş edirəm, mənə kömək edəsiniz. Əminəm ki...
O sözünü sonacan deyə bilmədi, huşunu itirib yerə yıxıldı. Ayaqlarımın yanına.
O yerə yıxılanda mən qışqırdım, dayım tez onun yanına gəldi, biz köməkləşib onu sobanın yanındakı yekə çarpayıya uzatdıq. Dayım onun qoluna baxıb dedi:
– Sınıb, pis sınıqdər. Qızlar, hansı biriniz arabaçı ilə birlikdə Felskombe həkimi çağıra bilərsiniz?
Mən tez diləndim:
– Mən gedərəm.
Ancaq evdən çıxmazdan qabaq bir şüşə arağı Lilliana verib dedim ki, oğlanın əllərini araqla ovuşdursun, o ayılanda vəziyyətinin pis olduğunu görüb qorxmasın.
Niyə belə etdim? Heç bilmirəm. Yəqin Allah məni çox axmaq yaradıb. Belə etmişəm ki, oğlan gözlərini açanda birinci Lillianın gözəl üzünü görsün.
Mən o cavan oğlanın ağrısını az da olsa yüngülləşdirmıək üçün belə etmişdim. Bəli, mən evdən çıxdım, qərara aldım ki, arabaçıları oyatrmaqdansa özüm Braun Bess adlı atı minib gedib həkimi çağırım. Bilirdim kiI, belə vaxtlarda arabaçılar dərin yuxuda olur. Yorğun olduqlarından arabanı da yavaş sürürlər.
Mən Braun Bessi yəhərləyib yola düşdüm.
Həkim çox da uzaqda yaşamırdı. Təpəni keçəndən sonra kəndə çatacaqdım.
Bəlkə də arabaçılarla getsəydim belə tez çatmazdım kəndə. Həkim mənimlə gəldi, bir əlini atın yəhərinə qoyubo piyada , mən də atın belində gəldik.
Həkimi mən gətirmişdim, istəsəydim mən o cavan oğlanla evlənərdim, buna mənim daha çox haqqım vardı.
Biz həkimlə evə girəndə gördük ki, Lillian çarpayının qırağında oturub araqla oğlanın əllərini ovuşdurur, mən dediyim kimi....Oğlanın gözləri açıq idi, yanaqları bir az qızarmışdı. O Lilliana elə sevgiylə baxırdı ki.. Əlbəttə, ən axmaq adam da bilir ki, gözlərini açanda belə qəşəng qızın yanında oturub qollarını ovuşdurduğunu görən hər kişi belə edərdi. Həkim cavan oğlanın Lilliana necə baxdığını görəndə üzümə baxıb qımışdı. Əgər mən Allah olsaydım bu, həkimin son qımışmağı olardı.
Bəli, həkim cavan oğlanın sınmış qolunu yerinə saldı, o bir az özünə gələndən sonra hamımz sobanın yanında oturduq. Cavan oğlan adının Edqar Linley olduğunu, rəssam olduğunu, tufan qopmazdan qabaq qürub edən günəş şəkli çəkdiyini dedi. Tufan qopanda o yolunu azıb, Daunsda bu çoxlarının başına gəlir. Ancaq hər adamın onun kimi bəxti gətirmir ki, işıq gələn evi görüb ora pənah apara.
Cənab Linley başqalarından fərqli idi. O nəinki qadınlarla, hətta kişilərlə də xoş rəftar edib onlarla dil tapa bilirdi.
O vaxtacan heç vaxt dayımın yad adama görə bu qədər narahat olduğunu görməmişdim. Ancaq o cənab Edqarla xoş rəftar edirdi. Edqar Linley bizim evdə bir ay qaldı, biz Lillianla birlikdə ona qulluq etdik. Ay sona çatanda bir gün onun Lilliana necə həsrətlə baxdığının şahidi oldum, onlar o vaxtacan çoxdan “ alış-veriş” etmişdilər.
Bir axşam isə mən yataq otağımın pəncərəsindən baxanda onların ay işığında cığırla yanaşı gəldiklərini gördüm. Onları görən kimi qonaq otağına getdim, dayım yenicə evə girib çəkmələrini soyunurdu. Qonaq otağında oturdum, gözlədim ki, onlar dayıma nə deyəcəklər. Halbuki onlar deməzdən qabaq da nə deyəcəklərini bilirdim. Bir neçə dəqiqə sonra onlar evə girdilər.
– Cənab Verinder, – Edqar utana-utana dayıma dedi. – Lillianla evlənməyə qərar vermişik. Sizin razılığınızla...
Dayım onun sözlərindən çox məmnun qalmışdı, o ki qaldı mənə, mən o vaxtlar Allaha inanmırdım, yoxsa Allaha dua edərdim ki, onların ikisi də durduqları yerdə öllsün.
Mən onlara niyə nifrət edirdim? Siz də insansınız, keşiş, hər halda, niyə onlara nifrət etdiyimi başa düşərsiniz. Niyə nifrət edirdim? Çünki mən Edqarı elə sevirdim ki, heç bir qadın onu elə sevə bilməzdi. Bəli, cənab, siz min il yaşasanız onda mənim sözümün həqiqət olduğuna inanarsınız.
Mənə elə gəlirdi o mənim onu sevdiyimi hiss etmişdi. Çünki hərdən mənə qarşı çox nəzakətli, mərhəmətli davranırdı. Mən onun yanında olanda o Lilliana çox da diqqət yetirmirdi. Lillian xoşbəxt idi, ancaq o Edqarı başqa qadınlar sevdiyi kimi sevirdi, mənim kimi yox.
Edqar yetim idi, ancaq kasıb deyldi. Ona görə də nəyisə gözləməyə ehtiyac yox idi onlar toyun tarixini planlaşdırdılar, yeni ilin əvvlində. Mən isə bu əllərimlə Lilliana təzə donlar tikdim, barmaqlarım qabar ola-ola.
Mən deyəndə ki, Lillianı ürəyimdə çox istəyə-istəyə həm də onu nifrət edirdim, normal düşüncəli insan məni başa düşər. Bəlkə də həmin hadisə baş verən gün şeytan ürəyimi oğurlayıb aparmışdı, Lilliana nifrətim isə qalmışdı.
Milad bayramından bir neçə gün qabaq şaxtalı bir gündə dayım Levesdən evə çox hirsli qayıtdı, sanki onu ildırım vurmuşdu, rəngi qapqara qaralmışdı. Gözlərindən od yağırdı. O birbaşa mətbəxə girmişdi, Lillian, Edqar və mən həmin vaxt çay içirdik. Onu deyim ki, həmin günlərdə Edqar da bizim ailənin bir üzvü kimi idi, bacardığı işlə də məşğul olurdu. Dayım içəri girən kimi üzünü Edqara tutub dedi:
– Cavan oğlan, evimi bu dəqiqə tərk et! Mən evimi halal yolla tikmişəm, çörəyimi vicdanla qazanmışam, günahkar donuzların yeri bura deyil. Çıx bu evdən! Özün çıxmasan itləri üstünə qısqırdacam!
Dayım belə deyib tərbiyədən, insanlıqdan uzun-uzadı “ mühazirə “ oxudu, onun sözlərini təkrar edib vaxtınızı almaq istəmirəm. Edqarın rəngi ağappaq ağarmışdı.
– Allaha and içirəm ki, günahkar deyiləm, – o dedi.– Mən bilirəm siz nə eşitmisiniz. Ancaq mən heç vaxt məni sevənlərə yalan demərəm.
O belə deyib Lillianın və mənim üzümə baxdı. Bəli, o mənim üzümə baxdı.
Lillian ağlamağa başladı, biz bundan sonra nə olacağını fikirləşməyə macal tapmamış o şlyapasını başına qoydu , Lillianın üzündən öpdü və otaqdan çıxdı, bir an sonra geri qayıdıb dedi:
– Sənə məktub yazacam, ancaq dayın sözünü geri götürməyincə mən bir də bu evə ayaq basmayacam.
O son sözünü deyib getdi.
Edqar çıxıb gedəndən sonra dayım şəhərdə onun haqda eşitdiyini bizə də danışdı. Dayımın dediyinə görə, şəhər camaatı yayılan şayiənin həqiqət olduğuna inanır.
Edqar kirayədə qaldığı evin qonşuluğunda bir evli qadını sevirmiş. Onunla görüşürmüş. Nəticədə bir gün qadın özünü yaxınlıqdakı gölə atır, məktub yazıb Edqarı günahlandırır.
Mənə məlum oldu ki, heç də hər şey dayımın və Leves sakinlərinin dediyi kimi deyil. Sən demə, mən Edqar Linleyi ümisdsizcəsinə sevən yeganə qadın deyiləm. Deməli, o qadın da Edqarı dəlicəsinə sevirmiş, hətta həyatını da onun yolunda qurban verib.
Dayım bütün bunları bizə danışanda da rəngi qapqara idi hirsindən. O bizə dedi:
– Qızlar, özünüz də bilirsiniz ki, mən təmiz həyat yaşamışam, sizi Allah qorxusu ilə böyütmüşəm. Heç kimi mühakimə etmək fikrində deyiləm. Lillian, sən elə yaşdasan ki, sənin əvəzinə qərar verə bilmərəm. Ancaq öz sözümü deyirəm, əgər sən o vicdansızla, yaramazla ailə qursan sənə xeyir-dua verməyəcəm, həmişə sənə lənət oxuyacam! Və var-dövlətimdən sənə bir qəpik də pay düşməyəcək!
Dayımın sözləri bizi çox məyus etdi. İki gün sonra Edqardan Lilliana məktub gəldi, Lillian mktubu oxuyandan sonra mənə baxıb dedi:
– İzabel, mən nə edəcəyimi bilmirəm. Əziz dayımın razılığı, xeyir-duası olmadan Edqarla evlənə bilmərəm.
Mən üzümü çevirib getdim, onun mənim fikrimi öyrənməsinə dözə bilmirdim.
O biri həftə o bütün günü ağladı, ən çox da gecələr. Dayım Londona getdi, mən belə başa düşdüm ki, o Lillianın halını görüb fikrini dəyişib, onun Edqarıla evlənməyini istəyir. Dayım gecəni Londonda qalacaqdı, fermadakı xidmətçi qızlar bizimlə eyni evdə yatmırdılar, həmin vaxt Vaytkroft kəndindəki evdə Lillianla məndən başqa heç kim yox idi.
Lillianla mən son vaxtlar eyni otaqda yatmırdıq, mən bəhanə gətirib evin o biri başındakı otaqda yatırdım. Çünki hər səhər yuxudan oyananda onu görmək istəmirdim, o yataqda çox gözəl görünürdü, ağ gecə köynəyində, sarışın saçları üzünə dağılırdı. Hər dəfə səhərlər onu görəndə düşünürdüm ki, tezliklə Edqar da onu yataqda görəcək. Həmin gecə hər tərəf çox sakit idi. Lillian şamı götürüb öz otağına gedəndən sonra mən də dayımın adət etdiyi kimi bütün otaqlara girib baxdım. Balaca anbarda ocaq yandırmaq üçün kiçik odunları görəndə elə bil nəfəs alanda şeytan girdi ürəyimə. Mən yuxarı mərtəbədə öz otağında yatan Lillianı fikirləşdim, tezliklə onun ərə gedəcəyini, ərinin onu ağ gecə köynəyində görəcəyini düşündüm. Öz -özümə dedim: “Yox, bu heç vaxt olmayacaq, əgər yanıb ölsəm də buna yol vermərəm.”
Ümid edirəm ki, siz məni düz başa düşürsünüz, keşiş!
Həmin gecə nə etdiyimi indi sizə deyəcəm. Deyəsən həmin anlarda dayımı nə qədər çox istədiyimi, Vaytkrofu necə sevdiyimi, Lillianı özümə bacı hesab etdiyimi unutmuşdum. ( mən onu sonralar da çox istəyirdim, ancaq bilirəm siz mənim nə üçün belə dediyimi başa düşməyəcəksiniz)
Anbarda olan quru odunları, ocaq qalayarkən istifadə etdiyimiz xırda çör-çöpləri daşıyıb mətbəxə gətirdim. Bir qucaq odunu aparıb qonaq otağına yığdm, bir topasını ən yaxşı çini qabları yığdığımız şkafın yanına qoydum. Sonra anbardakı odunların üstünə neft töküb yandırdım.
Belə edəndən sonra şlyapamı başıma qoydum, paltomu geyindim, evdən çıxa-çıxa düymələrini bağladım. Guya mağazaya şam almağa gedirdim.
Bir az gedəndən sonra təpənin üstünə çıxıb evin yandığına tam arxayın olmaq istədim.
Əvvəlcə yanğın görünmədi.
Ancaq sonra hər şeyi gördüm. Bilirdim ki, əvvəlcə pərdələr od tutub yanıb.
Sonra Lillianın yataq otağını alov bürüdü. Evin yanmış pəncərələri hələ də gözlərim önündədir.
Hə, mən yanan evı baxırdım, birdən şeytan içimdən çıxıb getdi. Bir də gözlərimi açanda gördüm ki, oturmuşam. Mənə əziz olan ev yanırdı, Lillian da bu evin içindəydi. Düşünürdüm ki, o yanıb ölüb, mən isə onun qatliyəm.
Evimizə sarı elə qaçdım, həyatım boyu heç vaxt elə sürətlə qaçmamışdım. Pilləkənlərlə yuxarı qalxmağa başladım, bilirdim ki, pilləkənlər də artıq yanırdı. Hər yan mis rəngli tüstüyə bürünmüşdü.
Heç bilmirəm, mən pilləkənləri necə qalxdım, çünki pilləkənlər də yanmağa başlamışdı.
Qapını açdım, ev sanki təndir idi. Lilianın otağına girmək istıdim, çünki fikrim onu xilas.etmək idi. Əgər özüm yanmış olsam belə, onu xilas etmək istəyirdim. Çünki biz kiçik vaxtlarımızdan bir yerdə böyümüşdük, çünki mən onu özümə bacı hesab edirdim. Əynimdəki paltonu çıxartmaq istəyəndə nə oldusa sanki mən cəhənnəmin içinə düşdüm.
Çox pis yanmışdım, üzümdə olan bütün gözəllik yox olmuşdu, mənim isə bundan xəbərim olmamışdı. Özümə gələndə gördüm ki, mənim bədənimi yağlayırlar, əynimə yumşaq şeylər geydiriblər. Ancaq mın çarpayıda oturdum, əynimdəki paltarları cırıb əynimdən çıxartmaq istıdim.
– Belə etmə, özünü öldürərsən, – tibb bacısı dedi.
– Bundan başqa yolum yoxdur, Lillian ölübsə mən də ölmək istyirəm, – dedim.
Tibb bacısı sözümü eşidəndə gülüb dedi:
– Ah, sən buna görə belə edirsən? Sən elə bilirsən Lillian ölüb? Həkim dedi ki, xanım Lillian həmin gecə sevdiyi oğlanla qaçıbmış. Bəxti gətirib! Sənin bəxtin gətirməyib, yazıq qız! Onlar evləniblər və Briqtonda kirayədə yaşayırlar.
Həmin gün Lillian mənə baş çəkməyə gəlmişdi. Ona heç nə demədim, o mənə təşəkkür etdi ki, onu xilas etmək üçün özümü oda atmşam.
Məlum oldu ki, fermada yaşayanlar evin yandığını görüb tez gəliblər, mən pilləkənlə qalxanda qolumdan dartıb alovdan çıxarıblar.
Lillian inanır ki, o gecə evdə baş verən yanğın bir qəza imiş, mən isə onu xilas etmək üçün özümü oda atmışam. O haqlıdır, mən özümü qurban verərdim onu xilas etmək üçün.
Əsl həqiqəti ona deyib onun qanını qaraltmaq istmədim heç vaxt, o məni doğrudan da , çox istəyirdi, elə mən də onu bacı kimi istəyirəm. O xoşbəxt bir ömür yaşayır, o buna layıqdir.
O ki qaldı mənə, mən dayım ölənə qədər onunla birlikdə fermada yaşadım. Dayım bronxitdən öldü. Evin yanan hissəsi yenidən tikildi. Sonradan tikilən o evin üstünü indi mamır basıb. Heç kim inanmaz ki, bu evin tikilməyindən cəmi 40 il keçib.
Dayım öləndə bütün pulunu, var- dövlətini mənə miras qoydu, Vaytkroftdakı ferma isə uzaq bir qohuma verildi. Ondan sonra mən bura gəlib bacardığım qədər yaxşılıq etmək istədim.
Mən bu həqiqəti sizdən başqa heç kimə deməmişəm. Bilirdim ki, kimə desəm başqasına deyəcəkdi. Bilirəm ki, siz heç kimə danışmayacaqsınız dediklərimi. Bu da məni arxayın edir.
Ralf Henri Barbour
İngiliscədən tərcümə: Sevil Gültən
Xəbər 5452 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|