12.05.2023 17:25
Bu qədər də haqsızlıq olar? - Şikayət
Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 2019-cu ilin noyabrında 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar həbs olunmuş İlkin Süleymanovun ailə üzvləri - atası, anası və qardaşı Baş Prokurorluğun binası önünə gəliblər.
XəzərNews.az musavat.com-a istinadla xəbər verir ki, onlar Baş prokuror Kamran Əliyevlə görüşmək istəyiblər. Lakin K.Əliyev onları qəbul etməyib. İlkin Süleymanovun atası İbrahim Süleymanov binanın önündə jurnalistlərə açıqlamasında bildirib ki, oğlunun təqsirsizliyinə dəlalət edən bütün faktları Kamran Əliyevin diqqətinə çatdırmaq niyyətindədir:
"Baş prokurorun işdə yol verilən saxtakarlıq hallarından xəbəri olsaydı, qarşısını vaxtında alardı. Belə bir ittihamlarla, belə bir insanı həbs etmək olarmı? Mənim, oğlumun günahı nədir? Əsl cinayətkar özlərinə məlumdur. İstəyirlər ki, onu azadlıqda saxlasınlar, mənim oğlumu əvəzində tutsunlar. Mənim oğlumun heç bir günahı yoxdur. Cinayətkar isə azadlıqda gəzir. İşdə şahid ifadələri var ki, bu cinayət necə qurulub”.
İlkin Süleymanovun qardaşı da deyib ki, cinayət işinin içində əsl cinayətkarın kimin olmasını ortaya çıxaracaq yetərincə ipucları var: “Çox təəssüflər olsun ki, məhkəmə həmin ipuclarını araşdırmağa icazə vermədi. Onlarla fakt vardı. Polis əsl cinayətin necə qurulması barəsində prokurorluğa şahid təqdim edib. Altay Ələkbərov 3 ifadə verib, üçü də ziddiyyət təşkil edib. Həyat yoldaşı Gülmirə xanım deyir ki, axşam işdən gəlib, bu adam da deyir ki, evdə olmuşam. Bunları araşdırmaq istəmirlərsə, özləri bilərlər. Biz sadə vətəndaşlarıq. Biz nə etməliyik? Biz ölkəmizdə sərbəst, qanunlar çərçivəsində yaşamaq istəyirik. Biz 4 ildir ki, dövlətin verdiyi imkanlar çərçivəsində özümüzü müdafiə etməyə çalışırıq. Biz Prezidentə müraciət edirik. Bəzi məmurlar bizə yaşamağa imkan vermir. Bu qədər də haqsızlıq olar? Biz İlkinin günahsız olmasına dair sübutlar göstəririk, amma İlkini buraxmırlar. Biz bu cinayətin kimin tərəfindən törədilməsinə dair sübutlar göstəririk, amma araşdırmırlar. Bizim günahımız nədir?”
Qeyd edək ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, təxminən ay yarım sonra qətlə yetirib. İlkin Süleymanov isə azyaşlının oğurlanıb öldürülməsylə bağlı ittihamı qəbul etmir. O, təqsirləndirilən şəxs qismində ilkin ifadəsindəki etirafı ağlasığmaz işgəncələrə məruz qalmasıyla izah edir.
Dövlət ittihamçısı onun 20 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Xəbər 4538 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|