“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


01.01.2022  12:01 

Demişdim ki, ayağını yuyub suyunu içəcəyəm...





A+  A-

Yeni ili əvvəlcə dostlarla qarşıladıq. Çox deyildik, bir-biri ilə “simi tutan” beş-altı nəfər bir araya gəlib yemək yedik. Sonra çay içib söhbət etdik. Yola saldığımız ildən, gələcək planlarımızdan danışdıq. Arzular bizi öz qanadlarında xəyallarımzıdakı xoşbəxt gələcəyə apardı...

Həmişə olduğu kimi, hesabı verib qalxmaq istəyəndə müdir bizi “tanıdı”. Gec yaxınlaşdığı üçün üzrxahlıq elədi, dedi ki, əvvəldən tanısaydı, şəxsən özü qulluğumuzda durardı. Sonra da ürkək baxışlarını gənc ofisiantın üzündə gəzdirib, bizə tərəf döndü: “Vüqar sizə yaxşı qulluq etdimi?”

Həyatda gördüyümüz ən mədəni ofisiantlardan biri idi Vüqar. Üstəlik, qoçaq idi, ədəb-ərkan yeri bilirdi. O, qoçaq, biz abırlı adamlar olduğumuz üçün yaxşı yola getmişdik. Yekəxana, müftəxor müştərilərə rast gəlmədiyinə görə onun, belə tərbiyəli, qoçaq ofisiantla qarşılaşdığımıza görə də bizim bəxtimiz gətirmişdi. Odur ki, hamımız bir ağızdan onun ünvanına xoş sözlər söylədik.

Müdirin gözlərinin içi güldü. Əlini onun arıq çiyinlərinə qoyub belə dedi: “Vüqar elə-belə oğlan deyil. Vətən müharibəsində iştirak edib, Şuşaya qədər gedib. Üç medalı var”.

Yenə hamımız bir ağızdan ona Allahdan can sağlığı, uzun ömür arzuladıq. Və hamı onunla artıq-əskik danışmadığına, xətrinə dəymədiyinə görə ürəyində Allaha minnətdar oldu.

Yadımdadır, 2020-ci ilin oktyabrında Müzəffər Ordumuz Cəbrayıl şəhərini erməni işğalından azad etmişdi. Rayonumuzun şimal kəndləri də bir-birinin ardınca mənfur düşməndən təmizlənirdi. Əsgərlərimiz paralel olaraq Arazboyu ərazilərdə də sürətlə irəliləyir, işğal altında olan kəndlərimizi bir-birinin ardınca azad edirdilər. Qulağımız səsdə idi. Cəbrayıl şəhəri oktyabrın 4-də azad edilsə də, doğulduğum kənd, mənimçün dünyanın paytaxtı olan qədim Soltanlı hələ də düşmən tapdağı altında idi. Aradan düz 2 həftə keçirdi. Nəhayət, Ali Baş Komandan oktyabrın 19-da Soltanlı kəndinin ermənilərdən təmizləndiyini bəyan etdi. Sevincimin həddi-hüdudi yox idi. Həmin gün sosial şəbəkə hesabımda bu sözləri yazdım: “Əsgər, ayağını yuyub suyuniu içəcəyəm”.

Bu barədə əvvəllər də yazmışam. Onlar - bu Vətinin üzünü ağardan, Qarabağı Azərbaycan xalqına qaytaran oğlanlar hər yerdədir. Mən biri ilə ötən gün restoranda qarşılaşdım. Halal zəhməti ilə çörəyini qazanırdı. Bəlkə də səhər işə gəldiyim avtobusun sükanı arxasında əyləşən gənc də Qarbağ fatehidir. Ola bilsin ki, yolüstü qoğal almaq üçün döndüyüm marketdə piştaxta arxasında dayanan oğlan da müharibə veteranıdır. Nə bilmək olar, bəlkə də Zəngilana, Qubadlıya bayrağı o sancıb. Kim qarantiya verə bilər ki, axşam metroda Füzulidə düşmənə gözdağı verən hansısa igidimizlə yanaşı dayanmayacağam? Bəlkə də bədənində gəzdirdiyi qəlpənin sızıltısına məhəl qoymayıb yerini mənə verəcək...

Topçu Vüsalı xatırlayırsınız? O əzəmətli duruşu ilə qələbənin simvoluna çevrilən Vüsal məşhurlaşandan sonra çox adam onunla qohum olmasından, dostluq etməsindən danışdı. Ən azı 100 nəfər vaxtilə Vüsalla çəkdirdiyi şəkilləri paylaşdı. O vaxt yazmışdım ki, vaxtında bu adamların hərəsi beş-on manat versəydi, Vüsal təhsil haqqını ödəyib universitet tələbəsi olardı...

Biz indi fərqli cəmiyyət, fərqli adamlarıq. Qalib xalq olmanın qürurunu yaşadığımız kimi, məsuliyyətini də dərk etməliyik. Dedim axı, onlar - bu xalqa qələbənin sevincini yaşadan, alnımızdakı ləkəni təmizləyən adamlar hər yerdədir. Harda olmalarından asılı olmayaraq, başımızın tacı olmalıdırlar. Üzümüzü ağ, başımızı uca elədiklərinə görə...

Eşidirsən, dost? Indi sənin sükan arxasındakı sürücüylə, piştaxta arxasındakı satıcıyla acı danışmağa haqqın yoxdur. Bəlkə də qələbənin şirinliyini onun sayəsində dadmısan...

Seymur VERDİZADƏ

Xəbər 5406 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +