02.02.2023 13:58
AQTA yüzminlərlə vəsaiti öz işçisinə bağlı olan şirkətə ödəyib
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Duohıve” MMC (VÖEN - 1503672811) olub.
Qida Təhlükəsizliyi İnstitutu “Duohıve” MMC-dən AQTİS-də (Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi) müvafiq uyğunlaşdırmanın aparılması, təkmilləşdirmə və yeni funksionallıqların hazırlanması işlərini satın alacaq.
MMC görüləcək işlərin qarşılığında Qida Təhlükəsizliyi İnstitutundan 149 min 34 manat alacaq.
Məlumat üçün bildirək ki, “Duohıve” MMC 10.07.2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov, ev 22 C, m. 14-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Zəka Vəlixan oğludur.
“Duohıve” MMC barəsində açıq internet resurslarda geniş məlumat mövcud deyil. Məlum olan odur ki, bu MMC yalnız AQTA və Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tenderlərdə qalib olur.
“Duohıve” MMC 2020-2023-cü illərdə AQTA və Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi ümumi dəyəri 591 min manat olan 6 tender müsabiqəsinin qalibi olub.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Duohıve” MMC təsis olunan zamanın onun qanuni təmsilçisi Rəşad Məmmədağa oğlu Xalıqov olub. Rəşad Xalıqov 2020-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına kimi Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub.
Rəşad Xalıqov AQTA-da yüksək vəzifə tutduğu zaman – 2020-ci ildə “Duohıve” MMC bu qurumun informasiya texnologiyaları ilə bağlı keçirdiyi 3 tender müsabiqəsinin qalibi olub.
“Dövlət Satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.
Qanunun tələbindən də göründüyü kimi, tender keçirilən zaman (2020-ci ildə) satınalan təşkilatın, yəni AQTA -nın təmsilçisi (İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri) 3 il əvvəl – 2017-ci ildə iddiaçının, yəni “Duohıve” MMC -nin vəzifəli şəxsi (qanuni təmsilçisi) olub.
Onu da bildirək ki, 2017-ci ildə “Duohıve” MMC-yə, 2020-ci ildə isə AQTA-nın İnformasiya texnologiyaları və innovativ həllər sektoruna rəhbərlik edən Rəşad Xalıqov "2007-2015 Dövlət Proqramı" çərçivəsində 2007-2012-ci illərdə bakalavriat və 2012-2013-cü illərdə magistratura səviyyələri üzrə Fransada "Université de Franche-Comté Besançon" ali təhsil müəssisəsindən məzun olub. Xalıqov hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsini icra edir.
Diqqət çəkən məqamlardan biri də odur ki, açıq internet resurslarında “Duohıve” MMC ilə bağlı olan azsaylı məlumatlardan biri AQTA sədri Qoşqar Təhməzlinin qardaşı oğlu Şahbaz Təhməzlinin rəhbərlik etdiyi “İPE Group” MMC-yə məxsus “rahatyasam.az” saytının bu şirkət tərəfindən hazırlamasıdır.
Məsələyə aydınlıq gətirilməsi üçün AQTA-nın mətbuat xidmətinə müraciət ünvanlasaq da, heç bir cavab ala bilmədik.
Xəbər 1219 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|