06.02.2020 12:10
Bu dairənin favoriti kimdir?
Azərbaycan ötən illərdən fərqli və qaynar parlament seçkiləri dövrünü yaşayır. Ölkənin hər yerində namizədlərin aktiv təbliğat-təşviqat kampaniyasını müşahidə edirik. Sosial şəbəkələr və internet medianın trendi əsasən namizədlərin təbliğat materialları ilə zəngindir. Müxtəlif dairələr üzrə ən azı 10-12 namizəd mübarizə aparır. Onların sırasında keçmiş parlament üzvləri ilə yanaşı, dəfələrlə məğlubiyyətin acısını yaşayanlar, həmçinin həvəskar yeni simalar da var. Bu namizədlərin mübarizə apardığı dairələrdən biri də 10 saylı Binəqədi üçüncü Seçki Dairəsidir.
Müşahidələr və namizədlərin seçki təbliğatı prosesi onu deməyə əsas verir ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin favorit namizədi Azərbaycan ictimaiyyətinin Hacı Madər kimi tanıdığı Madər Musayevdir. “Danışmaqdan daha çox çalışmağa” üstünlük verən Madər Musayevi favorit namizəd edən həm də onun elə öz rəqibləridir. M.Musayevin sakit, təmkinli və uğurlu seçki təbliğatı fonunda rəqiblərinin yersiz atmacaları onların real gücü haqqında ilkin təəssürat formalaşdırır.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Binəqədi rayonu ərazisində yaşayır. Onun yaşadığı ərazidə namizdəliyini irəli sürdüyü dairənin 5 mindən bir az çox seçicisi olan 4 məntəqəsi fəaliyyət göstərir. Daha çox seçicisi olan Biləcəri və Binəqədi qəsəbələri Gülağa Aslanlı üçün əlçatan görünmür. Müşahidələr onu deməyə əsas verir ki, G.Aslanlı nə özü, nə də Seçki Qərargahı seçicilərlə görüşlərdə maraqlı deyil. Nə mediada, nə də sosial şəbəkələrdə G.Asanlının təbliğatı demək olar ki, aparılmır. Görünür, G.Aslanlı 9 fevralda keçiriləcək seçkilərin nəticələri ilə çoxdan razılaşıb. O daha çox başqanı Arif Hacılı və öndəri İsa Qəmbərin təbliğatına köklənib.
Xocəsən Bələdiyyəsinin üzvü, YAP Binəqədi rayon Gənclər Təşkilatının sədri Anar Əliyev hakim partiyanın 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə vahid namizədidir. Lakin görünən odur ki, hakim partiya Anar Əliyevlə yanaşı, həm də bitərəf namizəd Madər Musayevi dəstəkləyir.
Aydınlar Partiyasının sədr müavini olmasına baxmayaraq, öz təşəbbüsü ilə namizədliyini irəli sürən biznesmen-QHT-şnik İbrahimli Qorxmaz Əbülfəz oğlu 2005 və 2010-cu illərdə 10 saylı Binəqədi üçüncü Seçki Dairəsində Hacı Madərə rəqib olub. “Seçki rinqi”ndə iki dəfə Madər Musayevin “nakaut”a saldığı Qorxmaz İbrahimli 2015-ci ildə taum-aut götürərək seçkilərdə iştirakdan imtina edib. Beş il fasilədən sonra, fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən iştiraka qərar verən Q.İbrahimlinin təbliğat kampaniyasının gedişi onu deməyə əsas verir ki, biznesmen namizədin uduzacağı qaçılmazdır. Seçkilərə 3 gündən də az vaxt qalmasına baxmayaraq Q.İbrahimli əsas rəqibi M.Musayevin Seçki Qərargahı qədər fəal görünmür. 15 min seçicisi olan Binəqədi qəsəbəsində 15-20 nəfərin iştirakı ilə ayrı-ayrılıqda iki görüş keçirən (bax: Q.İbrahimlinin facebook profili:
https://www.facebook.com/qorxmaz.ibrahimli) Q.İbrahimlinin Madər Musayevin doğulduğu və yaşadığı kənddən səs qazanacağı utopiyadan başqa bir şey deyil. Q.İbrahimli hazırkı mərhələdə özünə yaxın QHT internet resurslarında keçirilən və heç bir hüquqi əsası olmayan, cəmiyyətdə ironiya ilə qarşılanan virtual səsvermələrdə “lider” elan olunur. Və yaxud da bəzi jurnalistlərin “bəy tərifli” ilə feyziyab olur.
Müasir Müsavat Partiyasının İdeoloji məsələlər üzrə sədr müavini Könül İsmayılovanın təmsil olunduğu partiyanın cəmiyyətdə hansı nüfuza malik olduğunu şərh etməyə ehtiyac duymuruq. Belə olan halda K.İsmayılovanın da onun üçün tanış olmayan bir dairədə (dairənin ərazisində yaşamır) seçicilərin səsini qazanacağı ağlabatan görünmür. Xanım iddia edir ki, (Kanal 13-ə müsahibəsində) təbliğat-təşviqat zamanı Binəqədi və Biləcəri qəsəbələrini bütövlükdə əhatə edib. Əgər bu doğrudursa, buyursun, bir foto, bir video təqdim etsin ki, Binəqədi qəsəbəsində 20-50 nəfərin iştirakı ilə 1, 2, 5 görüş keçirib. Bəlkə də K.İsmayılova adlı bu xanım namizəd ümumiyyətlə Binqədi qəsəbəsinin harada yerləşdiyini bilmir. Xanım namizəd yalnız Biləcəridə bir-iki görüşlə kifayətlənərək seçkilərin taleyi ilə razılaşmaq məcburiyyətindədir.
Dörd-beş ildir Binəqədi qəsəbəsində yaşayan Rəbiyyə Məmmədova da nüfuz baxımından qadın alternativi K.İsmayılovadan çox-çox geri qalır. K.İsmayılovanın proseslərə təmkinli, diplomatik və politoloji yanaşması fonunda R.Məmmədovanın təxribata meyilli hərəkətləri çox şeydən xəbər verir. Heç bir yerdə işləmədən yaşayanlar sinifinə aid olan R.Məmmədova Binəqədi qəsəbə Bələdiyyəsinə keçirilən seçkilərdə iştirakdan dərhal sonra parlament seçkilərinə namizədliyini irəli sürüb. Sosial şəbəkə hesabını izləyəndə aydın olur ki, R.Məmmədova təbliğatda toplu görüşlərə deyil, daha çox fərdi söhbətlərə üstünlük verir. Seçicilərlə fərdi söhbətlərini telefonunun yaddaşına, oradan da sosial şəbəkələrə ötürən R.Məmmədovanın gün ərzində 25-30-dən artıq seçici ilə təmas qurma ehtimalı fiziki cəhətdən mümkün deyil. R.Məmmədova statuslarında tez-tez “oliqarx namizədi” ifadəsini işlədərək özünün “güclü”, lakin özündən də güclü namizədin Madər Musayev olduğunu gizlətmir. R.Məmmədova həm də sosial şəbəkələr üzərindən (https://www.facebook.com/reme.reme.9279) təbliğat apararaq özünə qarşı təzyiq olduğunu, posterlərinin qəsdən cırıldığını iddia edir. Bu cür yanaşma ilə həm də diqqəti özünə cəlb etməyə çalışan R.Məmmədova dairə üzrə bütün namizədlərin əsas rəqibinin Madər Musayev olduğunu gizlətmir. R.Məmmədova bəzi məqamlarda rəqibinə qarşı seçki prosesinə zidd olan iddialarla da çıxış edir. Lakin nə M.Musayevin Seçki Qərargahı, nə də Dairə Seçki Komissiyası R.Məmmədovanın bu hərəkətlərindən narahat deyil. Görünür M.Musayev R.Məmmədovanı ciddi rəqib kimi qəbul etmir və bəlkə də heç onu tanımır. Əslində tanımamağında qəbahətli bir şey yoxdur, nədən ki, 5-6 aydır proseslərə qoşulan R.Məmmədova başqalarının illər sərf etdiyi məqamlara daha tez və qeyri-ənənəvi yollarla çatacağını düşünür.
Binəqədi qəsəbəsində yaşayan namizədlərdən biri də İltifat Hacıxanoğludur. İ.Hacıxanoğlu təbliğat-təşviqat prosessini elə də güclü qura bilməyib. Lakin buna baxmayaraq seçki prosesində bütün etik qaydalara riayət edir. İstisna deyil ki, o da digərləri kimi dairənin əsas favorit namizədinin M.Musayev olduğunu yaxşı bilir.
10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Qaryağdı Əsgərov, Bünyamin Qəmbərli, Kəramət Zeynalov və Müşviq Əliyevin ismi-şərifi heç bir yerdə zikr olunmur. Yəni bu dörd namizəd “tutar qatıq, tutmaz ayran” prinsipilə seçkilərə qatılanlardandır. Bu adamları nə cəmiyyət tanıyır, nə də özlərini seçiciyə tanıtmaq üçün həm Q.İbrahimli, həm də R.Məmmədova kimi qaraguruh metodlardan yararlanmır, seçicilər arasında fəal təbliğat aparmırlar.
Yuxarıda adlarını çəkdiyimiz namizədlərdən fərqli olaraq M.Musayevin Seçki Qərargahı (bax: Madər Musayevin rəsmi facebook səhifəsi: https://www.facebook.com/MaderMusayevofficial/?epa=SEARCH_BOX) arxayınçılıq etmir, namizədin öz kəndində belə hər gün 2-3 məhəllə görüşü keçirərək müxtəlif informasiya vasitələri ilə ictimailəşdirirlər. Bununla da kifayətlənməyərək M.Musayevin təbliğat-təşviqat materiallarını evbəev yayırlar.
Belə bir məqamda ortaya maraqlı sual çıxır: seçici tanıdığı namizədə səs verəcək, yoxsa 5 ildən bir “zuhur” edən həvəskarlara? Bu suala yəqin ki, fevralın 9-da cavab tapacağıq.
Xəbər 1887 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|