Ermənistan- İran münasibəti anlaşılmaz olur. İran ABŞ-la Ermənistan vasitəsilə dialoq qurmaq istəyir. İran hətta ABŞ-ın Ermənistan ərazisindən hərbi zirehli texnika ilə Ermənistan-İran ərazisinə gəlib, danışıqlar aparmaq prosedurunu reallaşdırmaq istəyir. Başqa variantda İranın Ermənistana artan hərbi marağı, müxtəlif tədbirlər keçirməsi fonunda böyük ehtimallardan biri ABŞ ali dini liderin üzərində hərbi casusluq əməliyyatlarını N.Paşinyanın vasitəsilə reallaşdırmasdır. ABŞ-da yerləşən bir qrup müxalifətçi iranlının İranın Ermənistana 500 milyon dollarlıq silah satması ilə bağlı məlumatı ER Müdafiə Nazirliyi tərəfindən kəskin, bəlkə də İran üçün təhqirli mənada təkzib olundu. İranın Ermənistandakı səfiri də bunu ER Müdafiə Nazirliyinin maraqlarına uyğun qaydada təkzib etdi. Belə bir dövrdə İranın qoşununu sərhədinə buraxmayan, silahın almayan Ermənistan bəhanə axtarır ki, N.Paşinyan ali dini liderlə görüşsün. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranın ali dini liderini 2-3 metr məsafədən görmək üçün Paşinyanın üzərində, saqqalında müəyyən cihazlar yerləşdirə bilər.
Hərbi proseslər ABŞ-ın Ermənistan üzrə siyasətində ən çox dəyişikliyin baş verdiyi sahədir. Bəlkə də dünyanın başqa bir dövlətində ABŞ belə hərbi quruculuq işləri aparmayıb.
ABŞ hərbçisi ER Müdafiə Nazirliyində təhlükəsizliyin təşkilinin idarəçiliyi üzrə mütəxəssis statusunda “rəhbərlik” edir.
Son hərbi təlimdə ABŞ və Ermənistan öz iştiraklarını ayrılıqda maliyyələşdiriblər. Birgə hərbi təlimin birgə büdcəsi olmayıb. ABŞ RF-in 102-ci hərbi bazasını Ermənistanın öz büdcəsindən maliyyələşdirməsini yadına salıb və əsas göstərib. ABŞ lazım olanda Ermənistanın hərbisindən istifadə edəcəkdir və yaxud ER hərbisi ilə birlikdə olacaqdır. ABŞ-ın Ermənistan istiqamətində siyasəti hətta qadınları orduya cəlb etməklə gücləndirməyi də əhatə edir. ABŞ Ermənistan qadınlarının hərbidə iştirakını təşviq edən
“Qadınların hərbi qüvvələrə inteqrasiyası” mövzusunda seminar reallaşdırdı və səfir bu proqramda iştirak etdi.
Etnik tərkib hissəsi var. ABŞ-dakı etnik ermənilər də ABŞ-ın Ermənistan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edir, bəlkə də bu vaxta qədər iştirak edirmiş. Sadəcə məlumat indi açıqlandı. Çünki ABŞ-da hərbi təlimləri Kanzas ştatının qvardiyası reallaşdırır və ilk növbədə də Kanzasdan olan erməniləri bu prosesə qatmışdılar. Etnik ermənilərin siyasətə qatılması Rusiya və İrandakı etnik ermənilər faktorunu da yada salır. ABŞ hansı qaydadasa Rusiyadakı erməniləri hərbi təlimlərə cəlb edə bilər. Ermənistandakı ermənilərdən bir qrupunu hərbi təlimə cəlb edib, çox asanlıqla Rusiyanın ərazisinə köçürdə bilər. Bir az çətin də olsa eynilə bu işi İran ərazisindəki etnik ermənilərlə də qura bilər. İran ərazisindəki erməni hərbi təlim keçərək ABŞ ordusunun bir hissəsi kimi İran ərazisində ola bilər. Rusiya vaqnerçilik mövzusunda ABŞ üçün böyük nümunə göstərdi. Ermənilərin adı nə qoyulacaq, bəlli deyil. Fakt budur ki, ABŞ Ermənistan hərbisini intensivləşdirir. Tək kişiləri deyil, qadınları da cəlb etdi.
Böyük Britaniya ilə Ermənistan arasında hərbi əlaqələr birdən-birə üzə çıxdı. Böyük Britaniyada quru qoşunların hərbi əməliyyatlar keçirməsi ilə bağlı konfrans ənənəvi olaraq hər il keçirilirmiş. Ermənistan bu konfransa dəvət olundu və Ermənistan da böyük məmnuniyyətlə iştirak etdi. Böyük Britaniya ərazisində Avropa siyasi icmasının tədbirində N.Paşinyan Böyük Britaniya Baş nazirinin iştirakı ilə Azərbaycan Prezidenti ilə görüşüb, normallaşma prosesini müzakirə etməkdən imtina edib. Britaniyanın iştirak ilə olan görüş Ermənistan üçün maraqlı deyil. Ermənilərin fikrincə, Britaniya Azərbaycanpərəstdir. Azərbaycanpərəst Britaniya ilə ermənilər hərbi əməkdaşlığa gedirlər. ABŞ, Böyük Britaniyanın anlayışları daha dəqiqdir ki, erməninin Azərbaycana hücum etmək arzusundan gedirsə, Azərbaycana qarşı hücuma keçmək üçün ABŞ, Böyük Britaniyanın qoşunlarına ehtiyac yoxdur.
ABŞ-a İran istiqamətində müəyyən prosesləri başlamaq üçün Ermənistan lazımdır. Qalan prosesləri böyük ehtimalla ABŞ Azərbaycan üzərində qurmaqla bağlı plana malikdir. Azərbaycan bu planları qəbul edəcək, etməyəcək, bu ayrı məsələdir. Faktdır ki, ABŞ İranın təbliğatını ciddi tədqiq edir və ABŞ bilir ki, İran üç ölkəni ciddi düşməni hesab edir. İran İsraillə düşməndir və İsraili də İrana qarşı dəstəkləyən iki böyük dövlət var. Bunlar Böyük Britaniya və ABŞ-dır. İran heç vaxt Böyük Britaniyanı ABŞ-dan ayırmayıb və məhz ABŞ və Böyük Britaniyanın da hərbçisi İranın qonşuluğuna gəlir.
ABŞ Ermənistanla hərbi əməkdaşlığı və onun gələcək strategiyası klaster prinsipi ilə qurulub. Hələki 4 və bəlkə də 5 klaster var:
I. Ermənistanın ordusu, əhalinin digər qisimlərini də bu orduya cəlb edilir. Xüsusilə qadınların iştirakını şirnikləşdirir. Bəlkə də klasterin özündə əlavə ikinci klaster də ola bilər.
II. ABŞ Rusiya və İranın daxilindəki erməniləri bura cəlb edə bilər. ABŞ-dakı etnik ermənilər Ermənistan ordusunun tərkib hissəsi ola bilərlər.
III. Ermənistanda yerləşmiş ABŞ hərbi strukturları və onun sayının artırılma mexanizmləri.
IV. Böyük Britaniya ilə əməkdaşlıq. Son günlərdə reallaşdırılan bu addım xüsusi diqqət cəlb edir. Çünki Böyük Britaniya Azərbaycanın neft və qaz yataqlarının ən böyük operatorudur. Britaniyanın hərbi iştirakı sanki Azərbaycana ümid yaratmaq məqsədi ilədir. Bəllidir ki, Böyük Britaniya hərbisi olan yerdə Ermənistan ərazisindən hansısa bir dövlət Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qarsa qarşı heç bir raket, bomba tuşlaya bilməz. Ermənilərin isə ən böyük arzusu məhz bu kəmərləri və Xəzər dənizində BP-nin quyularını bombalamaq idi. Bu arzuya İran da şərikdir. Britaniyanın iştirakı ABŞ-ın Ermənistan üzrə bütün hərbi proqramlarının anti-İran mahiyyətli olduğunu qeyd etməyə əsas verir.
ABŞ-ın Ermənistan istiqamətində siyasətinin anti-İran yükünün çox olduğunu daha bir fakt göstərir. ABŞ səfirliyi dövlət müstəqillik günü bayramını Ermənistanda iki dəfə qeyd etdi. Ayın 4-ü ətrafında Yerevanda və ayın ortalarında isə Sünikdə qeyd etdi. Süniki İran öz təsir zonası kimi təqdim edir.
ABŞ bununla İrana “Sünik İranın deyil, ABŞ-ındır” mesajını verdi. O dövrdə İran vətəndaşının Ermənistan polisi tərəfindən döyülərək öldürülməsi də təsadüfi hesab edilə bilməz. Əgər ABŞ Ermənistanın Müdafiə Nazirliyinə nümayəndə təyin edibsə, erməni ekspertlərinin fikrincə, Daxili İşlər naziri- Ermənistan polisinin rəisi V.Kazaryan ABŞ Dövlət Departamentini əməkdaşıdır. Sünikdə ABŞ-ın müstəqillik günün qeyd olunmasında səfir K.Kuinlə yanaşı V.Kazaryan da iştirak etdi. Ermənistan polisinin qarşısında qoyulan əsas məsələlərdən biri Sünikdə İran konsulluğunun fəaliyyətini daimi diqqət mərkəzində saxlamaqdır. Ona görə də konsul Varamin heç bir aktivlik nümayiş etdirə bilmir.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri
Xəbər 4799 dəfə oxunub.