Ötən yazılarımızda diasporların artıq kiçik, sadəcə, əlaqələndirici, yaxud tədbir təşkil edən sadə qurum statusundan çıxarıb böyük və ciddi hərəkata çevrilmələrinin zəruriliyini qeyd etmişdik. Mövzunu açmazdan əvvəl, diasporların artıq beynəlxalq münasibətlərin aktoru, siyasi təsir vasitəsi, “yumşaq güc” və iqtisadi potensial rolunu oynadığını xatırlatmağımızda fayda olduğunu düşünürük. Çünki nəzərə çatdıracağımız təşəbbüsün əhəmiyyətinin tam və doğru dərk olunması üçün diasporun əsl mahiyyət və məzmununun dərindən anlaşılması lazımdır. Yuxarıda vurğuladığımız funksiyaları icra edən uğurlu diasporların təşəkkülü və formalaşması prosesi dövlətlərin gücünə güc qatır. Lakin tarixi Vətən - Dövlət də öz diasporunun güclənməsinə dəstək olmalıdır. Dövlət-diaspor qarşılqlı münasibətləri dövlətin və millətin beynəlxalq nüfuzunun güclənməsini, ölkənin çiçəklənməsini şərtləndirən zəruri amillərdəndir. Buna görə də diaspora dövlətin xaricdəki əsas dayaqlarından biri kimi baxılmalı, bu ciddi sosial-siyasi, mədəni-iqtisadi təsisatla münasibətlərin qurulmasına və inkişafına strateji sahə kimi yanaşılmalıdır.
Bir müddət əvvəl Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu hökumətə məhz bu istiqamətdə münasibətlərin təkmilləşdirilməsini özündə ehtiva edən, xaricdə yaşayan azərbaycanlıların problemləri ilə bağlı mühüm sənəd təqdim etmişdi. 33 bənddən ibarət olan sənəddə xaricdə yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli istiqamətində təkliflər yer alıb. Həmin təkliflər arasında çox ciddi, əslində həllini çoxdan gözləyən vacib bir məsələyə toxunulub:
“Milli Məclisdə Diaspor məsələləri üzrə Komitə yaradılmalıdır”.
Bu arada Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya da göndərilən bu təkliflərə dərhal cavab verilmişdir.
Əslində Fondun bu təklifində yeni heç nə yoxdur. Sözügedən sahədə böyük bir məsafə qət edərək əhəmiyyətli müsbət nəticələr əldə etmiş diasporların bağlı olduqları vətənlərində belə parlament qurumları çoxdan fəaliyyət göstərir və xaricdə yaşayan mühacirlərin monolit, sistemli və intensiv fəaliyyətinə misilsiz töhfələr verirlər.
Yəhudi diasporu - İsrail Dövləti münasibətləri bu baxımdan diqqətəlayiq nümunədir. İsrail qanunverici məclisində - Knessetdə Absorbsiya və Diaspora üzrə Komissiya fəaliyyət göstərir. Knessetin saytında yerləşdirilən məlumata görə, komissiya repatriasiya və absorbsiya məsələləri ilə, İsraildən mühacirətə gedən insanlarla işləmək, yəhudilərin milli-mədəni tərbiyəsi ilə məşğul olur. Bu məsələlərlə bağlı müxtəlif mövzular komissiyanın səlahiyyətlərinə aiddir və İsrail hökuməti ilə Dünya Sionist Konfederasiyası və İsrail hökuməti ilə Yəhudi Agentliyi arasında əlaqələndirici təşkilatın məsuliyyətidir. Onu da vurğulayaq ki, Komissiya 1977-ci ildə təsis olunub.
Diaspor fəaliyyətini xüsusi diqqətdə saxlayan və önəmli dividentlər əldə etmiş Yunanıstanın da bu istiqamətdə diqqət çəkən təcrübəsi var. Elluin parlamentində Xaricdəki Yunanlar üzrə Xüsusi Daimi Komitə fəaliyyət göstərir. Hazırkı sessiya dövründə bu komitə 31 deputatdan ibarətdir. Xüsusi Komitə xaricdəki yunanların problemlərini müəyyənləşdirir, yunan dilini qoruyub saxlamağa və filellenizmi - yunan mədəniyyətinə və tarixinə sevgini yaymağa məsuldur. Komitə xüsusilə xaricdəki yunanların yeni nəsilləri arasında Yunan mədəniyyətini, eləcə də mühacir yunanların dəstəyi və əməkdaşlığı ilə milli məsələləri təbliğ etmək məqsədi daşıyır. Komitə Yunanıstan parlamenti ilə bütün dünyada yaşayan yunanlar arasında əlaqələri inkişaf etdirən və
“digər dövlətlərin parlamentlərdəki yunan əsilli deputatlarla əlaqələri gücləndirir”, xaricdəki yunan təşkilatlarının ev sahibliyi etdiyi tədbirlərdə iştirak edir. Qeyd edək ki, Yunanıstanda diaspor işləri ilə məşğul olan hökumət qurumu da - Yunanıstan Xarici İşlər Nazirliyinin Xaricdəki yunanlar üzrə Baş Katibliyi fəaliyyət göstərir. Parlamentin sözügedən komitəsi diasporla bağlı məsələlərdə Yunanıstan Xarici İşlər Nazirliyinin xaricdəki yunanlar üzrə Baş Katibliyi ilə əməkdaşlıq edir.
Bədnam qonşularımız da bu sahədə nəzərə çarpan addımlar atıblar. Ermənistanda Milli Məclisinin Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman daimi komissiyası diasporun və diasporla əlaqələrin gücləndirilməsi istiqamətində hərtərəfli – qanun layihələrinin hazırlanmasından tutmuş lobbi təşkilatları ilə əlaqələrin qurulması və gücləndirilməsinə qədər genişmiqyaslı fəaliyyətlə məşğul olur.
Qonşu Gürcüstanda da lobbi və diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsinə və bu sahədə qanunların və digər müvafiq normativ xarakterli aktların hazırlanmasına cavabdehlik daşıyan komitə fəaliyyət göstərir. Gürcüstan parlamentinin Diaspor məsələləri və Qafqaz üzrə Komitəsi son dövrlərdə sözgedən istiqamətdəki fəaliyyətini daha da intensivləşdirir.
Son dövrlər qardaş ölkə Türkiyə parlamentində də belə bir komitənin yaradılması ətrafında qızğın müzakirlər gedir.
Sadaladığımız və müvafiq parlament komitə və komissiyalarının fəaliyyət göstərdiyi dövlətlərin sözügedən sahədə ciddi işlər görən hökumət qurumları var. Bu dövlətlərdə eyni sahədə münasibətlərin qurulmasına, fəaliyyətin tənzimlənməsinə və s. bu kimi işlərlə məşğul olan dövlət qurumları bir-birinin işinə mane olmur, əksinə koordinasiyalı fəaliyyət ümumi işin xeyrinə önəmli töhfələr verirlər. Həmin hökumət qurumları gördükləri işlərlə, maliyyələşdirdikləri layihələrlə bağlı ildə bir dəfə qanunverici orqan qarşısında hesabat verir, seçkili ali məclisdən dəstək istəyir. Bu işlərdə də parlamentin diasporla iş üzrə komitələri, yaxud komissiyaları parlamentlə hökumətin diaspora məsul qurumu arasında vasitəçilik edir, hərtərəfli dəstək verir.
Göründüyü kimi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun qeyd etdiyimiz təklifi təqdirəlayiq və sözügedən sahədə irəliləyişin əldə olunması baxımından səmərəli təşəbbüsdür. Həmin təkliflərə görə, Parlamentin diaspor üzrə komitənin üzvləri Azərbaycan parlamentində mövcud olan digər ölkələrlə dostluq qrupları üzvlərindən seçilməli, parlamentin plenar iclaslarında diaspor problemlərini qaldırmalı, Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən orqandan hesabat tələb etməli, səfər etdikləri ölkələrdə diaspor təşkilatlarının ofislərini ziyarət etməli, tədbirlərinə qatılmalı, diaspor rəhbərlərini yerli həmkarları ilə tanış etməlidirlər. Ümid edirik ki, Milli Məclisin rəhbərliyi tərəfindən bu tarixi və faydalı təşəbbüsə lazımi diqqət göstəriləcək, müvafiq addımlar atılacaq.
Diaspora.TV-nin
Analitik Qrupu
Xəbər 6359 dəfə oxunub.