22.01.2024 21:55
Fazil Mustafanın vurulma əmrini verdiyini etiraf etdi
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Xəzərnews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib.
Bu iş üzrə 5 nəfər - Azər Səricanov, Emin Əliyarov, Rəşad Əhmədov, Elşad Əsgərov, Səbuhi Şirinov müttəhim kürsüsündə əyləşir.
İttihamda deyilir ki, təqsirləndirilən şəxslər əlbir olaraq zərərçəkmiş Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd (terror aktı) cinayətinin törədilməsini təşkil edib, həmçinin odlu silahdan istifadə etməklə, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlaşıblar.
Belə ki, A.Səricanov 2019-cu ilin oktyabr ayının 3-dən 30-dək İranın Rey şəhərində səfərində olub. O, Reydə təqsirləndirilən Rəşad Əhmədov və "Hüseyniyyun" qrupunun digər üzvləri ilə görüşündə, eləcə də bundan sonrakı danışıqları zamanı dini fanatizm zəminində millət vəkili Fazil Mustafanın xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə ona qarşı sui-qəsd (terror aktı) törədilməsi planlaşdırılıb.
Plana görə, sui-qəsddən sonra Azər Səricanovun İranda daimi yaşayış və digər təminatları təmin edilməli imiş.
Əflatun Şükürov və qeyriləri ilə qabaqcadan əldə edilmiş razılığa əsasən A.Səricanov Fazil Mustafanın həyatına sui-qəsdin törədilməsi üçün sosial şəbəkələr vasitəsi ilə və onun gündəlik hərəkət marşrutunu və yaşayış yerini araşdıraraq məlumat toplayıb, 2022-ci ilin sentyabr ayında tanışı Səbuhi Şirinova cinayəti icra etməsini təklif edib.
Səricanov cinayətin söz verib ki, cinayət əməli başa çatdıqdan sonra Şirinova yüksək məbləğdə pul verəcəyini deyib. S.Şirinov danışıqdan sonra deputatın həyatına sui-qəsd cinayətini icra edəcəyinə dair razılıq verib.
Bundan sonra A.Səricanov sui-qəsd üçün Bakıda əvvəllər məhkum edilmiş bir nəfərdən zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı atəşə yararlı odlu yivli avtomat silahı və tapança alıb.
O, avtomat silahı və komplekt hissəsi olan 1 ədəd daraq və 30 ədəd patronu öz yaşadığı ünvanda Səbuhi Şirinova verib.
İttihamda qeyd edilir ki, S.Şirinov sui-qəsdin törədilməsi üçün tanışı Elçad Əsgərovu da pul müqabilində əlbirliyə cəlb edib.
Təqsirləndirilən Rəşad Əhmədov Fazil Mustafaya qarşı sui-qəsd etmək müqabilində 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib, əsas təşkilatçı Azər Sarıcanova verib.
Sui-qəsddən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb.
Hadisə günü Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib.
Deputat maşından düşən vaxt Səbuhi Şirinov ona 7 dəfə atəş açıb, hadisə yerindən qaçıb.
Terror aktından sonra Azər Sarıcanov ona verilən 30 min dolları şəhərin müxtəlif istiqamətlərində manatla dəyişib. Həmin puldan 15 min manatı deputatı vuran Səbuhi Şirinova verib.
İttiham aktında o da qeyd edilir ki, deputata qarşı terror aktından sonra dəstə üzvləri Azərbaycanda müxtəlif adreslərdə olan hərbi təyinatlı obyektləri barədə məlumatlar toplayıb, İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüblər.
Təqsirləndirilən şəxslər ittihama münasibətdə özlərini qismən təqsirli biliblər.
Prosesin davamında sui-qəsdin əsas təşkilatçısı olduğu iddia edilən Azər Səricanov sərbəst ifadə verib.
Səricanov ittiham aktında yazılanlardan bəzi hissələrlə razı olmayıb, lakin Fazil Mustafanın odlu silahla vurulmasına göstəriş verdiyini təsdiqləyib. Müttəhimin dediyinə görə, deputatın dinlə bağlı səsləndirdiyi fikirlərdən və sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarına gəlib:
“İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” demək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səsləndiyini fikirlər isə lap ağ oldu. Dəfələrlə Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayət etmişəm. Sonradan “Facebook”da onun özünə və oğluna da yazdıq, yenə xeyri olmadı. Bütün bunlardan qərarına gəldim”.
Müttəhimin ifadəsinin davamında deyib ki, sui-qəsd planı qurduqdan sonra İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sığına bilməsi üçün yer axtarıb:
“Bilirdim ki, başqa ölkələr həmin adamı tutub Azərbaycana təhvil verərlər. Buna görə də İranda axtarmağa başladım. Amma oradan istədiyim formada cavab ala bilmədim. Bakıya qayıdandan sonra Fazil Mustafa ilə bağlı özüm araşdırma apardım. Evinin yerini, hərəkət marşrutunu öyrəndim, sonra isə məclislərin birində cinayəti icra edən Səbuhi Şirinovla tanış oldum. Söhbətimiz əsnasında öyrəndim ki, Səbuhi xüsusi təyinatlılarda MAXE olub. O dəqiqə bildim ki, mənə lazım olan adam budur”.
Səricanov S.Şirinovu cinayət törətməyə necə cəlb etməsindən də danışıb:
“Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışanda dedi ki, hamı zəncir çeynəyir onun əlindən. Yavaş-yavaş münasibətimiz yarandı, sui-qəsd planının müzakirəsi başladı”.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək deyil, cəzalandırmaq olub. Buna görə də əvvəldən danışıblar ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın:
“Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Məqsəd onu öldürmək yox, cəzalandırmaq idi.
Deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, və bu məqsədlə Rəşad Əhmədov vasitəsilə mənə 30 min dollar verilməsi haqda ittihamda yazılanlar isə həqiqət deyil”.
Proses fevralın 16-da A.Səricanovun tərəflərin suallarını cavablandırması ilə davam edəcək.
Qeyd edək ki, terror aktında ittiham edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs ediliblər.
Xəbər 4187 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|