07.08.2024 18:20
“İttihad və Tərəqqi”də azərbaycanlıların rolu – I yazı
Əsası 1889-cu ildə İstanbulda Hərbi Tibb Məktəbinin tələbələri tərəfindən qoyulan “İttihad və Tərəqqi” (İttihat ve Terakki) əvvəl bir cəmiyyət olaraq, sonra da siyasi hərəkata, partiyaya çevrilərək süqutuna doğru gedən Osmanlı dövlətinin son 30 ilində imperatorluğun siyasi həyatında həlledici rol oynadı. Osmanlı coğrafiyasında həmin dönəmdə ittihadçılarla rəqabət aparacaq başqa bir qüvvə yox idi. “İttihad və Tərəqqi” həmçinin osmançılıq - islamçılığın alternativi kimi osmançılıq-türkçülük doktrinasını ictimai-mədəni fikir səviyyəsindən siyasət səhnəsinə çıxarmaqla gələcək milli dövlətin – Türkiyə Cümhuriyyətinin qurulmasının siyasi-ideoloji fundamentini hazırladı.
“İttihad-ı Osmani Cemiyeti” kimi meydana çıxan, daha sonra “İttiḥād ve Teraḳḳī Cemiyeti” və ən sonda “İttiḥād ve Teraḳḳī Fırḳası” adları altında fəaliyyət göstərən ittihadçılar ilk əvvəl konstitusiyalı monarxiya tərəfdarı kimi Sultan II Əbdülhəmidin ləğv etdiyi 1876-cı il konstitusiyasının bərpası, Osmanlı idarəçilik sistemini dəyişmək uğrunda mübarizə apararaq "Gənc türklər inqilabı”nı gerçəkləşdirdilər, II Məşrutiyətin elanına - 1908-ci il iyulun 23-də konstitusiyanın bərqərarına, Mebuslar Meclisinin açılmasına nail oldular. İttihadçılar 10 il qısa fasilələrlə impertorluğun hökumətini qurdular və 1918-ci ildə “İttihad və Tərəqqi” özünü buraxdıqdan sonra əksəriyyəti milli mücadilənin (Türk Kurtuluş Savaşı-1919-1922) iştirakçıları oldular (Meşrutiyet Döneminde Milliyetçilik Ve Ittihat Ve Terakki, www.belgeler.com/blg/bdw/mesrutiyet-doneminde-milliyetcilik-ve-ittihat-ve-terakki).
“İttihadçılıq” sadəcə bir siyasi hərəkat deyildi, işləri yolunda getməyən və sonuna doğru gedən dövlətlərini xilas etməyə, XX əsrin çağırışlarına cavab verməyə çalışan bir elitar nəslin ("yeni osmanlılar" və ya "gənc türklər") həm də milli-ictimai-ideoloji-fəlsəfi doktrinasıdır - özündə pantürkizm və turançılıq ideyalarını da ehtiva etdiyi üçün Osmanlı coğrafiyasının sərhədlərini aşırdı ("Taner Aslan, İttihâd-ı Osmanî`den Osmanlı İttihat ve Terakki Cemiyeti`ne" ).
Əli bəy Hüseynzadə ilk gündən - “İttihad-ı Osmanî Cemiyeti” yaranandan “İttihad və Tərəqqi”nin qurucuları sırasında idi. “İttihad və Tərəqqi 21 may 1889-cu ildə Hərbi Tibbiyənin bağçasında toplanan İshak Sükuti, İbrahim Temo, Abdullah Cevdet, Çerkez Mehmed Reşid Bey adındakı dörd tələbə ilə və sonradan onlara qatılan Hüseyinzade Ali Bey, Konyalı Hikmet Emin Bey, Cevdet Osman, Kerim Sebati, Mekkeli Sabri Bey, Selanikli Doktor Nazım Bey, Şerafettin Mağmumi və Giritli Şefik tərəfindən quruldu” ("Kuruluşundan Birinci Dünya Savaşına Kadar İttihat ve Terakki Cemiyeti". Orhan Örs. Ankara Üniversitesi Türk İnkılâp Tarihi Enstitüsü, Atatürk Yolu Dergisi S.51; Güngör, Gözde (2015). "Hüseyinzade Ali Turanın hayatı ve eserleri üzerine bir inceleme").
1910-cu ildə Bakıdan İstanbula qayıdan Əli bəy Hüseynzadə bir il sonra İttihad və Tərəqqi Partiyasının Mərkəzi Komitəsinin üzvü olsa da, partiyanın nüfuzlu simalarından biri sayılsa da, ittihadçıların hökumətində rol almadı, “ittihadçı məmuru” olmadı, onu “Türkçülük anlayışının ideya, fikir yükünü çəkən” (Turan, Ali Bey Hüseyinzade, s. 61) ideoloq kimi dəyərləndirirdilər.
Əli bəy Hüseynzadə daha çox “ideoloji cəbhədə” görünür, pantürkimzin liderlərindən biri kimi ”Türk Dərnəyi”, “Türk Yurdu Cəmiyyəti” və “Türk Ocaqları” kimi cəmiyyətlərin quruculuğunda ön plana çıxırdı. “Türk Ocaqları”ndakı söhbətləri ilə gəncləri toplayaraq Gökalpla birlikdə türkçü hərəkata öncülük etdi“ (Güngör, Gözde (2015). "Hüseyinzade Ali Turanın hayatı ve eserleri üzerine bir inceleme").
1908-ci ildən - II Məşrutiyyətin elanından sonra İstanbula yerləşən Əhməd Ağaoğlu türkçülük cərəyanının öndə gələn simalarından olsa da, daha çox siyasətçi, hətta siyasi texnoloq idi.... Əhməd Ağaoğlu həm ittihadçıların hökumətində, həm də Cümhuriyyət dönəmində Türkiyə siyasi həyatının gözardı edilməyəcək fiqurlarından biri idi (Sakal F., Ağaoğlu Ahmet Bey, Ankara 1999, s. 29).
Parisdə 6 illik tələbəlik vaxtı tanış olduğu türkiyəli dostları ittihadçı hökumətində mühüm məqam sahibi idilər və Ə.Ağaoğlunun maarif sahəsində müfəttiş işləməsinə yardımçı olmuşdular. Daha sonra Ə.Ağaoğlu “Süleymaniyyə İttihad və Tərəqqi Klubu”nu başqanı olmuşdu. Bu klub dönəmin mədəniyyət mərkəzi idi.
1914-cu ildə Osmanlı Məclis-i Məbusanına (parlament) Afyondan (Karahisari Sahib) məbus (deputat) seçilməsi və 1915-ci ildə “İttihad və Tərəqqi”nin Mərkəzi Komitəsinin 12 üzvündən biri olması Ə.Ağaoğlunun ittihadçı hökumətindəki nüfuzunun təsbiti idi. V çağırış parlament (1914-1918) seçkiləri təkpartiyalı keçrilmişdi və Məclisdəki 87 mandatın hamısını İttihad və Tərəqqi Partiyası qazanmışdı. Digər millət vəkilləri bitərəf idilər və onların arasında 11 erməni deputat vardı. “Hürriyyət və İtilaf” və “Daşnak” partiyalarının üzvləri Məclisdə müstəqil deputatlar kimi keçmişdilər. Bütünlükdə Məclisdə ittihadçıların 93 deputatı vardı. Sonralar o, 2-ci və 3-cü çağırış Türkiyə Böyük Millət Məclisinin Qars millət vəkili seçiləcəkdi.
Ə.Ağaoğlu parlamentdə tez-tez söz alıb görüşlərini bildirən, izahat istəyən, parlamentar sistemin gərəkliliyini vurğulayan bir deputat idi ("Hakkı Uyar, Ağaoğlu Ahmet`in Liberal Muhalif Gazetesi:Akın (1933), Erişim tarihi:30.12.2011" (PDF). 19 Ocak 2012 tarihinde kaynağından arşivlendi (PDF). Erişim tarihi: 30 Aralık 2011).
İttihadçılar bütünlükdə I Dünya Müharibəsi zamanı Osmanlı dövlətində iqtidarda oldular. Özlərini buraxdıqları 1918-ci il “İttihad və Tərəqqi”nin həm də siyasi fəaliyyətinin zirvəsi idi, amma müharibə uduzulmuşdu...
"İttihad və Tərəqqi”nin proqramındakı türkçülük və türk xalqlarının birliyi ideyası o dövrdə çar Rusiyasının milli əsarəti altında olan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin “İttihad və Tərəqqi”yə rəğbətini artırmışdı. Gizli şəkildə də olsa, bu ərazilərdə "İttihad və Tərəqqi”nin şöbələri yaranmışdı. Türk xalqlarının Rusiya imperiyasına qarşı milli azadlıq hərəkatının əsas mərkəzlərindən biri olan Azərbaycanda "İttihad və Tərəqqi”yə rəğbət daha güclü idi. Azərbaycanda ittihadçılar hətta özlərinin müstəqil partiyalarını – Qafqaz İttihad və Tərəqqi Firqəsini yaratmışdılar (Erol Güngör, Tarihte Türkler, İstanbul, 1990; Ahmet Palazoğlu, Osman Bircan , Türkiyə Cümhuriyyəti inkilap tarihi və Atatürkçülük, Ankara, 1993).
Azərbaycanda 1918-ci ildə qurulan Qafqaz İttihad və Tərəqqi Firqəsi siyasi partiya kimi pantürkizmin İstanbul variantını - azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi.
Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağırışı ilə çap olunmuşdu.
Hazırda Türkiyə Milli Müdafiə Universitetinin professoru, “Osmanlı Yönetiminden Sovyet Yönetimine Kadar Nahçıvan (1918-1921)” kitabının müəllifi, Türkiyə tarixçiliyinin tanınmış naxçıvanşünası, ərzurumlu İbrahim Ethem Atnur Qafqaz İttihad və Tərəqqi Firqəsinin 15–28 mart 1918-ci il tarixinə aid olan proqramını 2006-cı ildə aşkarlayıb. O, Firqənin yarandığı ictimai-siyasi zəmini belə təqdim edir:
“1918-ci ildə Osmanlı qüvvələrinin Azərbaycana girişi və Bakıya yürüşü Azərbaycanın müstəqilliyinə yardım etdiyi kimi, türk siyasi həyatı da bölgəyə ciddi şəkildə təsir edirdi. Türk hərbi birliklərinin nəzarətində olan Göyçayda da Qafqaz İttihad Tərəqqi Firqəsinin şöbəsi təsis edilmişdi. Azərbaycanla bağlı bəzi fərqlər istisna edilməklə, Firqənin proqramı, həmin dövr Türkiyəsinin hakim siyasətini əks etdirir. Azərbaycan siyasi həyatında ciddi mövqeyə malik İttihad Partiyasının Qafqaz İttihad Tərəqqi Firqəsi ilə münasibətləri və bu iki siyasi hərəkat içərisindəki Türkiyə təsiri maraqlı və önəmli olmaqla birlikdə, zehnlərdə şübhələr uyandırmaya davam etməkdədir (İbrahim Ethem Atnur, Kafkas Ittihad ve Terakki Firkası ve Programı. Komduk İlimler Jurnalı. Yıl 2006, Cilt: 8 Sayı: 15, 39 - 61, 01.05.2006).
1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi. Öz növbəsində, Göyçay qəza rəisi də həmin il avqustun 1-də Qafqaz İttihad və Tərəqqi Firqəsi Göyçay şöbəsindən yuxarıda göstərilən məlumatları almışdı. Firqənin 17 səhifədən ibarət proqramı ilə yanaşı, onun Göyçay qəza mərkəzinin katibi tərəfindən imzalanmış və şöbənin möhürü ilə təsdiq edilmiş məktubu da Bakı quberniya idarəsinə göndərilmişdir.
“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın “Qafqaz İttihad və Tərəqqi Firqəsi” başlıqlı məqaləsində qeyd edilir ki, məktubdan Qafqaz İttihad və Tərəqqi Firqəsinin mərkəzinin Göyçay olduğu məlum olur. Məktubda partiyanın yaranması, rəhbərliyi, məqsəd və vəzifələri barədə ətraflı məlumat verilir (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild (PDF), s.112, Bakı: “Lider nəşriyyat”, 2005).
Qafqaz İttihad və Tərəqqi Firqəsinin 15–28 mart 1918-ci il tarixinə aid olan proqramın girişində dövrün hərbi-siyasi və ideoloji xarakteristikası verilir və bu kontekstdə çıxış yolu kimi "bütün Qafqaz müsəlmanlarının əski ana Vətənimiz olan Türkiyəyə ilhaqı", "Dünyadakı bütün türklərin Türkiyəyə qatışması və bir hiss, bir tərbiyə ilə yüksələrək aləmi islama nigahban olması"nı təbliğ edilirdi.
Firqə ideoloqları türk dilinin "türk aləminin hər yerində böyük firqələr ilə və haman ayrı lisanlar şəklində qonuşulmaqda və yazılmaqda" olduğunu göstərərək bəyan edirdilər ki, "türk aləmini təhlükəyə düşürən və türk birliyini pozan bu ayrılıqları aradan qaldırmaq zəngin və yeknəsəq bir türk dili meydana gətirmək üçün hər yerdən ən müqtədir türk alimlərini cəlb edərək İstanbulda bir türk akademiyası təsis etməli və onun dəlaləti ilə ümumi türk aləminin qəbul edə biləcəyi həqiqi ana dilində təzədən bütün təhsil kitablarını yazmalıdır" (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild (PDF), s.112-113).
Bilkent Universitetinin müəllimi, yazar Kudret Emiroğlu 2008-ci ildə “Kebikeç” jurnalında dərc etdiyi “Qafqaz İttihad və Tərəqqi Firqəsindən Türküstan İttihad və Tərəqqi Firqəsinə bir sənəd” adlı məqaləsində Qafqaz İttihad və Tərəqqisi” barədə yazır:
“Bolşevik inqilabından sonra 1918-ci ildə İttihad və Tərəqqi iqtidarı yalnız Şərqi Anadoluda çəkildiyi torpaqları geri almaq deyil, Qafqaza və hətta Orta Asiyaya yetişmək xəyallarını da ciddi bir şəkildə bəsləyən bir şəraitə qovuşmuş, Təşkilati - Məxsusənin illərlə şərqdə yürütdüyü və yürütməyə çalışdığı fəaliyyət də yeni bir mərhələyə girmişdi. Təşkilati- Məxsusə və turançılıqla ilgili yeni qaynaqlar və araşdırmalar ortaya çıxdıqca, İttihad və Tərəqqinin siyasəti, kadrları, daxildə və xaricdə etdiklərinin bütünləşdirilməsi və günümüzə hər yönlü təsirləri də daha çox aydınlığa çıxır.
Təqdim etdiyimiz Türküstan nümayəndəsi Abid Xana müraciət üzərinə yazılmış (33 saylı) sənəddə “dövlət-i aliyənin Bakıda olan ən qiymətli məmurlarından sabiq Bayburt kaymakamı (qaim-məqam-polis rəisi) Yuzuf Ziya Bəyin “bütün Türküstanın siyasi və idari işlərini tənzimləmək üzrə” ona yardımçı olacağı bildirilir. Məqsəd: “Türküstanda bir İttihad və Tərəqqi Firqəsi təşkil olunacaq və Türküstanın xilafəti-kübraya ilhaqına çalışılacaqdır.” (Kudret Emiroğlu, “Kafkas İtihad ve Terakki Fırkasından Türkistan İtihad ve Terakki Fırkasına bir belge”. Kebikeç,sayı 26. 2008. s. 265).
Sənəd Türkiyədəki İttihad və Tərəqqi iqtidarının “Bakıdakı ən qiymətli məmurlarından biri” kimi təqdim olunan Yusuf Ziya Bəy və Türkiyə nümayəndəsi Hasan Ruşəni Bəy tərəfindən imzalanmışdır. Bu şəxslər Təşkilati- Məxsusə üzvləri olan ittihadçılardır (Touraj Atabaki, “Doğuya doğru Teşkilat-i Mahsusanın İran, Kafkasiya və Orta Asiya Faaliyetleri”, Kebikeç, sayı 24, 2007, ss. 29-46).
Sənədin imzalanma tarixi 25 rebiül-axır 1336-cı ildir (7 fevral 1918-ci il). “Bu taric Osmanlı ordusunun İran və Rusiya Azərbaycanında ən güclü olduğu bahar ayları ilə uyğun gəlir. Ruşeni Bəy 1918-ci il mart ayının ortasında Bakıya keçərək Böyük Türkiyə və İttihad-ı İslam-Qafqaz İttihad və Tərəqqi Firqəsini qurmuşdu. Yusuf Ziya Bəy də 1918-ci ilin aprelində Təbrizin işğalı ilə orda da İttihad-ı İslam adlı Pantürkist təşkilat qurmuşdu. 1918-ci ilin sentyabrında Bakı ələ keçəcək və ittihadçı ümidlər daha çox güclənəcəkdi. (Kudret Emiroğlu, “Kafkas İtihad ve Terakki Fırkasından Türkistan İtihad ve Terakki Fırkasına bir belge”. Kebikeç,sayı 26. 2008. s. 266).
Bəzi mənbələrdə iddia edilir ki, “30 yanvar 1918 tarixindən etibarən açıq şəkildə fəaliyyət göstərməyə başlayan Qafqaz İttihad və Tərəqqi Firqəsi Rusiyada Müsəlmanlıq Partiyası və Gəncədəki İttihadi-i İslam Cəmiyyəti ilə birləşərək birgə siyasət yürütməyə başlamışdı” (Paşayev A., Haqq verilməz, alınar, "`Respublika" qəzeti,1990, 22 dekabr).
(ardı var)
Q. Bayramov
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihəsi çərçivəsində dərc olunub.
Xəbər 4836 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|