31.08.2022 11:08
Kopolunun pulu...- Nadir Qocabəyli yazır
Dünən poçtdan 5 məktub, 2 bağlama göndərməliydim. Bizə yaxın iki poçt var. İkisində də, Azərbaycanın bütün dövlət idarələrində olduğu kimi, əsəbləşməyə xeyli səbəb tapmaq mümkündür. Əvvəllər məni yüngülvari qıcıqlandırıblar da.
Amma dünən əsəbləşmək istəmirdim. Qarşıda məni ciddi və ağır mübarizə gözləyir. Bu mübarizədən qalib çıxmaq üçün maksimum səbrli, təmkinli olmalıyam.
Nə etməli? Əvvəlcə düşündüm: poçtların hansına gedim, mərkəzə daha yaxın olanına, yoxsa insanlar daha az olanına? Düşünüb, qərar verdim ki, insanların daha az olanına getmək əsəblərə qənaət olacaq.
Ora getdim. Qət elədim ki, məktubları göndərəcək xanıma belə müraciət edim:
- Salam xanım. Mənə 5 məktub və 2 kitab göndərmək lazımdır. Onları ən yaxşı və keyfiyyətli şəkildə göndərmək mümkündürmü? Qiyməti problem deyil, hörmətinizi necə lazımdırsa, edəcəyəm, - birnəfəsə dedim.
Xanımın sifəti açıldı.
- Əlbəttə, göndərərik, niyə göndərmirik, - o, mehribancasına dedi.
Məktubları və kitabları onun qarşısına qoydum. Xanım onları bir-bir zərfə qoyaraq üzərini yazmağa, kağız və marka yapışdırmağa başladı. Doğrusu, içəri çox isti idi və xanımın zərflərin üzərini mənə yazdırmaması ürəyimdən oldu. Mən ona sadəcə bəzi indeksləri və ünvanları diktə etdim.
Xanım işini görə-görə şirin söhbət də elədi. Ordan-burdan danışıb, maaşının azlığından gileyləndi. Cəmi 270 manat alırmış. Düşündüm ki, əgər maaşı 5 dəfə çox olsaydı, yəqin həmişə belə gülərüz, şirindil olar, mənim kimi qanunpərəst vətəndaşlarla ağızlaşmaz, nə özünü, nə də başqalarını əsəbləşdirməzdi.
Hətta həyatda da daha yaxşı insan olar, qohumları, qonşuları, həyat yoldaşı, övladları, gəlinləri, nəvələri ilə münasibətləri daha mehriban olardı.
Mən bu poçta birinci dəfə gəlmirdim. Bir neçə dəfə olmuşam və açığı, ikinci gəlişimdə bir az artıq istədiklərinə görə, narazılıq da etmiş və demişəm ki, mən kitab göndərirəm və kitab satdığım adamlardan göndərmə pulu almıram. Elə edin, həmişə göndərə bilim. Onlar da deyib ki, bizlik deyil, zərf belə, yol belə, marka belə, nə bilim, filan, bəsməkan. Bir dəfə hətta zəng elədilər ki, sənə məktub var, gəl apar. Gedib götürəndə məndən yenə pul aldılar. Düzdür, cüzi bir məbləğ idi, bir söz demədim, ancaq öz-özlüyümdə narazı qaldım ki, daha bu olmadı da...
Xanım məktubları hazır elədi və qiymətini dedi. Mən də söz verdiyim kimi, artıqlaması ilə ödədim və o, çox razı qaldı.
Ta gənclik illərimdən düşünmüşəm ki, dövlət qulluqçuları - müəllimlər, həkimlər, polislər, hərbçilər, digər dövlət müəssisələrində çalışan qulluqçular vətəndaşlardan şirinlik, hörmət, rüşvət ummaqdansa, dövlətdən yüksək maaş tələb etməli, alınmayanda, hətta təşkilatlanıb etiraz etməli, tətil keçirməlidirlər. Ancaq mən gəldim 55 yaşıma çatdım, indiyəcən iki məmurun, dövlət qulluqçusunun bir araya gəlib nəsə tələb etdiyini, tətil keçirdiyini görmədim.
Görünür, nəzəri ədəbiyyatlarda yazılanlara baxmayaraq, bu zümrə bu cür hərəkət və fəaliyyətlərə qadir deyil. Xüsusilə də, onları işə tanışlıq, rüşvət, qohumluq prinsipləri ilə götürürlərsə.
Deməli, məsələ siyasidir və kompleks şəkildə yuxarıdan həll olunmalıdır. Bu da olmasa, aşağıların narazılığı bir gün maksimum həddə çatacaq və ondan sonra nələr olacaq, allah bilir. Axı mənim kimi sadə, rüşvət almayan vətəndaş əsəblərini qorumaq, işlərini asan və qanuni yolla həll etmək üçün o qədər vəsaiti haradan tapsın ki, məmurlar ondan razı qalsınlar və gülümsəsinlər?.. Digər tərəfdən, məmur da yaşamalıdır axı, 270 manata necə bir ay dolansın?..
Nadir Qocabəyli
Xəbər 1551 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|