19.04.2023 11:24
Prezidentlə görüşmək istəyiblər, amma...
Aprelin 18-də Prezident İlham Əliyev Salyan və Neftçala rayonlarına səfər edib. Amma ona sözü olan rayon sakinləri prezidentə yaxın düşə bilməyiblər.
XəzərNews.az xəbər verir ki, Salyan rayonunun Arbatan kənd sakini Rövşən Məmmədov da həmin şəxslərdən biridir. O, "Abzas media"ya deyib ki, prezidentlə görüşüb şikayətini ona çatdırmaq istəyib, ancaq icazə verməyiblər.
Onun sözlərinə görə, prezident hələ rayona ayaq basmamışdan 4 gün əvvəl müxtəlif məhdudlaşdırıcı qaydalar tətbiq olunub:
“4 gündür Salyanda çaxnaşma var idi. Mən metal işlərilə məşğulam. Salyan polisi bizim iş avtomobili ilə şəhərə çıxmağımızı qadağan etmişdi. Elə bil kasıb təbəqə bu 4 gün ərzində evdə acından ölməli idi. İlham Əliyev gələndə məcbur motosikleti evdə qoydum, özüm 6 km yol getdim ki, icra hakimiyyətinin binasının qarşısında prezident bəlkə vətəndaşları qəbul edər, mən də arxadan əlimi qaldırıb söz istəyərəm. Yaxın durmağa belə icazə vermədilər. Arxaya qaytardılar ki, gedin qapını bağlayın, girin içəri. Xeyli insan da var idi ki, görüşmək, problemlərini demək istəyirdi, ancaq qapılarından çölə çıxmağa icazə vermirdilər”.
Məmmədov deyir ki, o, prezidenti görsə, yaşayış şəraitindən şikayət edəcəkdi: “Deyəcəkdim ki, sosial yardım almıram, dolanışığım yoxdur. Dəfələrlə icra nümayəndəliyinə iş üçün müraciət etmişəm, iş yoxdur. İki övladım da epilepsiya xəstəsidir”.
Neftçalanın Musalı kənd sakini Çingiz Səmədov deyir ki, prezidentin gəlişilə bağlı onların da rayonunda polislər gücləndirilmiş iş rejiminə keçiblər:
“Ölkəni necə belə idarə etmək olar? Heç kimi yaxın buraxmırlar. Burada qazilər var, səhər tezdən polisə dəstək üçün aparıblar. Mənim bir qohumum Salyana material almağa gedirdi, deyir qırğın idi. Polislər çöldə olan adamları mağazalara salırmışlar ki, çölə çıxmaq olmaz”.
Qeyd edək ki, prezident Salyanda “ASAN Xidmət”, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib, Mərkəzi Xəstəxananın Doğum Evində və Uşaq Poliklinikasında təmirdən sonrakı vəziyyətlə tanış olub.
Ardınca Əliyev Neftçala rayonunda yeni inşa olunan məktəbin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak edib, Neftçalada Nərə Damazlıq Təsərrüfatına baş çəkib.
İlham Əliyev səfəri zamanı çıxış edərkən deyib:
"Mənim bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".
Xəbər 836 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|