20.06.2022 11:05
Avropa jurnalist təşkilatlarının toplantısı keçirilib
Avropa Jurnalistlər Federasiyasının (EFJ) nöbəti Baş Toplantısı Türkiyənin İzmir şəhərində keçirilib.
XəzərNews.az xəbər verir ki, Avropanın 45 ölkəsindən 71 üzv təşkilatı təmsil edən 110 nəfər nümayəndənin qatıldığı toplantıda Azərbaycandan EFJ-nin ölkə üzrə təmsilçi təşkilatı- Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli iştirak edib.
JuHİ sədri bildirib ki, EFJ-nin Baş Toplantısında 2 istiqamət üzrə müzakirələr keçirilib, bəyanatlar verilib, qərarlar qəbul edilib.
EFJ komissiyalarının medianın müxtəlif mövzuları üzrə hesabatları dinlənilib. Mövzular çox olsa da, diqqət əsasən 3 məsələ üzərinə yönədilib:
- Dezinformasiyanın qarşısının alınması üzrə Avropa məkanında qəbul edilən qanunlara münasibət bildirilərək qeyd edilib ki, sosial şəbəkələrin inkişafına müvafiq olaraq, saxta xəbər /fake news da sürətlə yayılır. Bunun qarşısını almaq üçün əksər ölkələrdə əlahiddə qanunlar qəbul edilir. Amma həmin qanunlarda sui-istifadə halları vardır: saxta xəbərə qarşı qanunlar həm də ənənəvi medianı əhatə edir, peşəkar medianın imkanlarını daraldır. Bu baxımdan həmin qanunlarda azad medianın imkanlarını məhdudlaşdıran bəndlərin olması təhlükə kimi dəyərləndirilib. Dövlətlərə müraciət edilib ki, dezinformasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində peşəkar medianın imkanlarını daraltmaq tendensiyasından əl çəksinlər.
- İkinci mühüm məsələ kimi jurnalistlərə qarşı təhdidlərin artması göstərilib. Qeyd edilib ki, 2022-ci ilin may ayına olan statistikaya görə, Avropa məkanında 86 nəfər jurnalist həbsdədir, 400-dən artıq jurnalist təhdid və hədə halı ilə qarşılaşıb. Bu tendensiya getdikcə yüksəlir. Avropa məkanında bu halların qarşısını almaq üçün təkliflər səsləndirilib.
Toplantıda regional KİV-lərin çətin durumda olması, getdikcə sıradan çıxması da müzakirə edilib. Regional KİV-lərin imkanlarının azalması ümumilikdə peşəkar KİV-in kəmiyyətinin və imkanlarının məhdudlaşması kontekstində dəyərləndirilib. Qeyd edilib ki, “Regional KİV-lər insanlarla birbaşa, ilk təmas quran peşəkar KİV-lərdirlər və qorunub saxlanılmalıdırlar”.
Toplantıda Rusiya-Ukrayna müharibəsi və Rusiya mediası üzərində də xüsusi dayanılıb. Vurğulanıb ki, Rusiya mediası bu dövlətin təcavüşkar siyasətinin təbliğatçısına və təşviqatçısına çevrilir. Rusya mediasının təcavüzkar siyasətdə təbliğat/təşviqatçı olmasını pisləyən bəyanat qəbul edilib.
Baş Toplantı çərçivəsində EFJ-nin struktur bölmələri yenidən formalaşdırılıb. EFJ-nin prezidenti, vitse-prezidenti, idarə heyəti yeni şəxslərdən ibarət olmala yenidən seçilib.
JuHİ sədri Baş Toplantı çərçivəsində müzakirələrdə iştirak edib. Paralel olaraq, tədbirə qatılmış digər Avropa ölkələrinin jurnalist təşkilatları ilə ikitərəfli görüşlər keçirib. Almaniya, İtaliya, Türkiyə, İspaniya jurnalist ittifaqları ilə ikitərəfli münasibətlərin qurulması, inkişaf etdirilməsini razılaşdırılıb.
Xəbər 1285 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|