21.06.2019 16:34
Azərbaycan silahları Moskvada nümayiş etdiriləcək
İyunun 25-dən 30-dək Moskvada “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forum keçiriləcək.
Bu barədə XəzərNews.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edəcək.
Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Moskvada səfərdə olacaq.
“ARMY-2019” sərgisində təşkil olunan 120 kvadratmetr sahəsi olan milli paviliyonda Müdafiə Sənayesi Nazirliyi əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirəcək. Nazirliyin müəssisələrində istehsal olunan 30 millimetrlik 2A42 topu və 7.62 millimetrlik “Yırtıcı” yarımavtomat snayper tüfəngi xaricdə keçirilən beynəlxalq sərgidə ilk dəfə nümayiş etdiriləcək.
Müdafiə və ikili təyinatlı məhsulların nümayiş etdiriləcəyi “ARMY-2019” sərgisi səmərəli danışıqlar aparmaq və hərbi-texniki sahədə təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək üçün geniş imkanlar da yaradacaq.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiyanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də planlaşdırılır. Görüşlərdə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində danışıqların aparılması nəzərdə tutulur.
Sərgi zamanı tədbir iştirakçılarına və ziyarətçilərə gələn il Bakıda keçiriləcək “ADEX-2020” IV beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar veriləcək və dəvətlər çatdırılacaq.
Qeyd edək ki, “ARMY-2019“ sərgisi Müdafiə Sənayesi Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu üçüncü benəlxalq sərgidir. Nazirlik bu ilin aprel - may aylarında Türkiyədə keçirilən “IDEF-2019” və Belarusda keçirilən “MILEX-2019” sərgilərində iştirak edib, hərbi təyinatlı məhsullarını nümayiş etdirib.
Xəbər 1459 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|