17.07.2018 08:41
Çox “zaqar” qəbul etmək təhlükəlidir
Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə dermatoveneroloq Sevinc Kərimova bildirib. Onun sözlərinə görə, yay fəslində Günəş şüalarını qəbul edərkən müəyyən nüanslara diqqət yetirmək lazımdır: “Məlumdur ki, dünyada müxtəlif dəri tipləri var. Azərbaycan əhalisi arasında daha çox 1, 2 və 3-cü dəri tiplərinə təsadüf olunur. Hər tip dərilər də öz növbəsində iki yerə - a və b-yə bölünür. Birinci a tipi saçı sarı, dərisi ağ, gözləri mavi, yaşıl, açıq rəngdə olan dəri tipləridir. Birinci b tipinə mənsub olanların dərisi ağ, saclarının rəngi açıq, gözlərinin rəngi qara və qəhvəyi ola bilər. İkinci a tip dərisi olanlar ağ dərili, amma saçı, qaşı, gözü qara rəngdə olanlardır. İkinci b tipi dərisi olanlar əsmər dərili, saçı, qaşı, gözü qəhvəyi və qara olanlardır”.
Həkim bildirib ki, uzunmüddət Günəş şüaları altında qalma bütün dəri tiplərinə mənfi təsir etsə də, daha çox 1-ci tip dərisi olanlar bundan zərər görürlər.
S.Kərimova bunun səbəbini 1-ci tip dərisi olanlarda melanim piqmentinin az olması ilə izah edib: “Melanim dəriyə, saçlara, gözlərin qüzehli qişasına rəng verən piqment hüceyrələridir. O, Günəş şüalarının təsiri altında sürətlə çoxalır. I tip dərilərdə melanim piqmenti həddindən artıq az olduğu üçün Günəş şüaları altında çox qala bilmir. Nəticədə qruplaşaraq çiyinlərdə, üzdə ləkələr, çillər formasında özünü göstərir və hiperpiqment ləkələr yaradır. Ona görə yayda dərinin zərər görməməsi üçün Günəşə qarşı SPF kremlərindən istifadə etmək tövsiyə olunur”.
S.Kərimova qeyd edib ki, birinci tip dərisi olanlar, eyni zamanda 1 yaşadək körpə uşaqlar üçün günə qarşı krem seçilərkən onun SPF 80-100 variantı seçilməlidir. İkinci tip dəri tipləri olanlar üçün SPF 30-50 istifadə oluna bilər.
Həkim günə qarşı kremlərin dərinin açıq qalan hissələrinə əsasən, səhər və günorta vaxtı yüngül massajla yeridilərək sürtülməsini vacib sayıb. Onun sözlərinə görə, dərisində xal olanlar Günəşdən xüsusi qaydada qorunmalıdır:
”Bütün tip dərilərin təxminən 70 faizində dəri törəmələrinə - xallara təsadüf edilir. Melanim piqmentli, yəni tünd rəngli xalların Günəş şüasından qorunması vacibdir. Təbii ki, günə qarşı kremlər istifadə olunsa belə, bu tip xallar bağlı saxlanılmalıdır. Tövsiyə olunur ki, həmin xallar paltarın örtülü hissəsinə düşmürsə, onun üzəri plastırla bağlansın. Xal üzdədirsə, başa şlaypa geyinilməlidir ki, üzdəki xal birbaşa Günəş şüasına məruz qalmasın”.
S.Kərimova qeyd edib ki, Günəş şüasını səhər saat 9-dan 11-dək və 5-dən 9-dək qəbul etmək tövsiyə olunur: "Saat 11-dən 4-dək Günəş şüalarını qəbul etmək tövsiyə olunmur. Çünki bu zaman Günəş şüaları Yer səthinə birbaşa perpendikulyar düşdüyü üçün dəri daha çox mənfi təsirlərə məruz qalır".
Həkim əlavə edib ki, uzun müddət də Günəş şüası altında qalmaq olmaz. Çünki bu, dəridə yanıqlara səbəb olar: “Son günlər ərzində mənə müraciət edən pasiyentlərin əksəriyyəti bildirib ki, gün altında onları yuxu tutub, yatıblar. Nəticədə bütün dəri örtüyünün 2-ci, hətta 3-cü dərəcəli yanığı yaranıb. Bu hal yolverilməzdir. Çünki dəridə yanıq baş verərkən orqanizmdə zəhərlənmə baş verir. Həm də Günəş şüaları altında həddindən artıq çox qalan insanların zamanından tez qocalırlar, onlarda qırışlar, ləkələr, çillər yaranır. Bu cür Günəş şüası qəbul etmək qətiyyən tövsiyə olunmur”.
Xəbər 1509 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|