19.02.2025 15:04
Google Azərbaycan nömrələrini niyə bloklayıb?
Artıq iki ilə yaxındır ki, Google Azərbaycan nömrələrinə SMS və zənglə doğrulama kodu göndərmir. Bəli, bütün dünya normal şəkildə bu xidmətdən istifadə edir, amma Azərbaycan vətəndaşları üçün bu mümkün deyil.
Gmail hesabına daxil olmaq istəyən, YouTube kanalı açmaq istəyən, AdSense hesabını təsdiqləməyə çalışan minlərlə insan bu problemlə qarşılaşır və heç bir rəsmi qurum buna cavab vermir.
Problem haradan qaynaqlanır?
Google və Azərbaycan mobil operatorları məsuliyyəti bir-birinin üstünə atır. Operatorlar deyir ki, problem Google-dadır, Google isə deyir ki, Azərbaycan nömrələrinə kod göndərilir.
Bu nə deməkdir?
• Azərbaycan mobil operatorları Google-un tələb etdiyi texniki tələbləri qarşılamır?
• Google Azərbaycan bazarını ciddiyə almır və buranı “qara zona” elan edib?
• Yoxsa bizim aidiyyəti dövlət qurumları, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sadəcə “heç nə olmamış kimi” susmağa davam edir?
Kim nə deyir-desin, fakt budur: Azərbaycan nömrələrinə Google doğrulama kodu gəlmir.
Alternativ yollar və onların riskləri:
İnsanlar xarici virtual nömrələr almağa məcbur edilir. Bəziləri xaricdə yaşayan tanışlarının nömrələrini istifadə edir, amma bu nə qədər təhlükəsizdir?
• Bu o deməkdir ki, Gmail hesabınızın təhlükəsizliyi başqa bir şəxsin əlindədir.
• Virtual nömrə xidmətləri ilə hesab təsdiqləyənlər bir gün bu hesablarını tamamilə itirə bilərlər.
Google-un bəzi ölkələrdə belə məhdudiyyətlər tətbiq etdiyi məlumdur. Amma bizə sual yaranır: Niyə Azərbaycan da həmin ölkələrdən biri oldu? Niyə bu problemi həll etmək üçün bir qurum da olsun səsini çıxarmır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Mobil Operatorlar Hardadır?
İnsanlar mobil operatorlara müraciət edir, amma Azercell, Bakcell və Nar sadəcə “problem bizdə deyil” deyib məsələni bağlayır. Nazirlik isə ümumiyyətlə bu mövzuda bir cümlə belə açıqlama verməyib.
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məgər sadəcə süni intellektdən danışıb, konfranslar təşkil etmək üçündür?
Bu problem necə həll olunmalıdır?
1. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi açıqlama verməli və Google ilə birbaşa əlaqəyə keçməlidir.
2. Azercell, Bakcell və Nar mobil operatorları Google-un texniki tələblərini təmin edib-etmədiklərini açıqlamalıdır.
3. Google-un dəstək komandalarına minlərlə azərbaycanlı istifadəçi şikayət etməlidir.
4. Bu məsələ sosial mediada daha geniş yayımlanmalı və gündəmə gətirilməlidir.
Bahadur Seyidov
Qeyd edək ki, B.Seyidovun bu paylaşımına Bakcelldən belə bir cavab verilib:
Müraciətinizlə bağlı bildirmək istərdik ki, beynəlxalq və ya ölkədaxili hər hansı tətbiqdən SMS daxil olması ilə bağlı kütləvi çətinlik müşahidə olunmur.
Xəbər 314 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|