Astaranın Ojəkəran kəndində ayın ilk və son 5 günü işıq problemi yaşanır.
XezerNews.az xəbər verir ki, sakinləri Meydan TV-yə belə bildiriblər.
Bunun nə səbəbə baş verdiyini anlamayan sakinlər bildiriblər ki, ümumiyyətlə, kənddə elektrik dirəkləri köhnədir və elektrik enerjisi onlara dağlıq Sım kəndindən gəlir. Ona görə də tez-tez kəsinti yaşanır:
“Sım dağlıq, soyuq, qışı çox sərt keçən bir yerdir. Nəticədə, yağış yağır, tufan qopur, qar yağır, kənddə elektriklər kəsilir, eləcə də bizim kənddə. Bəzən saatlarla, elə olur, günlərlə işıqsız qalırıq. Halbuki bizim kənd Kijəbə qəsəbəsinin yaxınlığındadır.
Qəsəbədə və ona yaxın kəndlərdə işıq problemi olmur. Dəfələrlə xahiş etmişik ki, bizim kəndi Sım xəttindən ayırıb, digər kəndlərin xəttinə qoşsunlar, etmirlər”, – kənd sakini Zülfiyyə Əliyeva belə deyir.
Bildirir ki, 5 övladı var və işığın tez-tez sönməsi onlar üçün ciddi problemdir. Uşaqlar Astara şəhər 1 saylı orta məktəbdə təhsil alırlar. Şəhər kəndə 20 kilometrlik bir məsafədədir. Odur ki, tezdən durub, uşaqlarını hazırlamalı olur. İşığın olmaması ona ən çox səhərlər problem yaradır:
“Yazıq uşaqlar alaqaranlıqda, çətinliklə geyinirlər. Bəzən onları ac yola salıram. O gün bir çörəyi 3 saata bişirmişəm. İşıq o qədər yandı-söndü ki, axırda çörək yapışdı tavaya. Dərdimizi kimə deyək bilmirik, hara da müraciət edirik, təsiri yoxdur”.
Zülfiyyə xanımın həyat yoldaşı Rusif Əliyev isə deyir ki, işıqpulunun ödənişini heç vaxt gecikdirmir. Həmişə vaxtlı-vaxtında köçürür. Eyni diqqəti də dövlətdən gözləyir:
“Məsuliyyətli olsunlar, mənim işığım niyə kəsilməlidir? Dövlətimizin rəhbərliyindən, “Azərenerji”dən xahiş edirəm, nə olar, bizim kəndin işıq problemi həll edilsin. Sovet hakimiyyəti dağılandan bu yana zülmdəyik. Lovayın kəndinin yarımstansiyasından bura hava xətti ilə heç 3 kilometr olmaz. Ancaq bizim xəttimiz həmin stansiyaya qoşulmur, Sımdan gəlir. Bu da özlüyündə problemlərə səbəb olur”.
Rusif Əliyev də qışda Sım kəndinə çox qar yağdığını və elektrikin tez-tez kəsildiyini söyləyir. Bildirir ki, elektrik xətlərinin ucqar dağ kəndinə bağlı olması normal deyil:
“Bir problemimiz var, o da elektrikdir. Ayın 1-dən 5-dək olan işıq problemi daha qabarıq göstərir özünü. Bir də ayın son 5 günü vəziyyət belə olur. Ayın ilk və son 5 günləri zülmdəyik. Qalan 20 gün də sönür, ancaq tez yanır. Həftəsonu olsa, adam şikayət etməz. Amma həftəiçi, məktəb vaxtı çox çətin olur. Bir də həmin işıq olmayan günlər uşaqlar şam işığında dərs oxuyurlar. Daha şikayət etmədiyimiz yer qalmayıb, baxmırlar“.
Sakinlər bildirirlər ki, indiyədək problemləri ilə bağlı „Azərişıq“ ASC-yə, Astara Şəhər İcra Hakimiyyətinə, hətta Prezident İlham Əliyevə də müraciət ediblər, məktublar yazıblar. Ancaq problemin həllinə hər hansı təsiri olmayıb, vəziyyət düzəlmir:
“Baxmırlar, daha bilmirik nə edək? Səfirliklərə müraciət edək, çıxaq gedək ölkədən? Prezident təkdir, əhali çox. Gərək məmurlar ona kömək etsinlər. Qəsdən xalqı dövlətdən narazı salırlar. Bunu edənlər dövlətin düşmənləridir”, – Rusif Əliyevin sözləridir.
Zülfiyyə Əliyevanın sözlərinə görə, əslində verilən işıq da zəif olur. Nəticədə heç bir elektrik avadanlığını gücləndirici olmadan istifadə edə bilmirlər:
“Gücləndiricidən istifadə edirik. Yoxsa televizor, soyuducu, soba, nə bilim, adicə su mühərriki işləmir. Heç nə istəmirik, işığı bizə normal versinlər, başqa heç nə lazım deyil. Demirik ki, bizə işıq verin, pulunu da özünüz ödəyin. Nə işlədirik, qəpiyinəcən ödəyirik. Təki işıq olsun”.
Zülfiyyə Əliyeva bazarda balıq satır, həyat yoldaşı isə günəmuzd işləyir. Deyir, iş olanda olur, olmayanda da bəzən həftələrlə işsiz qalır:
“Uşaq oxuduruq, asan deyil. Amma yenə də işığa, qaza, suya borcumuz olmur. Yəni biz bunu ediriksə, deməli, dövlət də bizim müraciətimizi nəzərə almalıdır”.
Astara Elektrik Şəbəkəsindən (“Azərişıq” ASC) bildirilib ki, qısa kəsintilər ola bilər, amma günlərlə işıq olmaması problemi yoxdur:
“Kəsintilər də, qış aylarında, təbii hadisələrdən doğur. Qalan vaxtı işıq var və ciddi problem yaşanmır. Yenə də araşdırarıq, görək problem nədədir”.
Astara Şəhər İcra Hakimiyyətindən də problemlə maraqlanacaqlarını, aidiyyatı qurumlara həlli üçün göstəriş verəcəklərini bildiriblər.
Xəbər 2451 dəfə oxunub.