“Rəis Kənan Məmmədov yalnız öz himayəsindəki karqo şirkətlərinin işləməsində maraqlıdır”
“Lion Centre” MMC-nin direktoru, sahibkar Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin işindən narazıdır. Deyir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, onun birinci müavini Faiq Seyidov və maliyyə inspektoru Etibar Talıblı tərəfindən sahibkarlara sözün əsl mənasında zülm edilir:
“Onlar ölkəyə idxal edilən mallara dair hesablamalarda süni qiymət şişirtmələrinə, hesablama meyarlarına əməl etməyərək, ciddi qanunsuzluqlara yol verirlər. Özlərindən uydurma gömrük rəsmiləşdirməsi metodları tətbiq edir, sahibkarlara süni maneələr yaradırlar. Beləcə, sahibkarlar vaxt itkisinə, təzyiqə və əsəb sarsıntılarına məruz qalırlar. İdarənin rəisi mənim kimi sahibkarları incitməklə həm Prezidentə qarşı çıxır, həm də ölkədəki sahibkarlığın evini yıxır”.
Ramil Aslanov deyir ki, ötən ay xaricdən Azərbaycana idxal etdiyi mallar Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinin yaratdığı süni maneələr üzündən hələ də rəsmiləşdirilməyib, anbarda qalıb.
İxtisasca hüquqşünas olan, əvvəllər vergi, prokurorluq orqanlarında çalışmış Ramil Aslanov illərdir ki, sahibkarlıq fəaliyyətilə məşğuldur. Əsasən Türkiyədən, Çindən Azərbaycana qab-qacaq və digər məişət malları idxal edir. O, bir müddət əvvəl Prezidentə gömrükçülərin sahibkarların fəaliyyətinə yaratdıqları süni əngəllərdən, gömrük orqanlarındakı özbaşınalıqlardan yazıb. Deməsinə görə, bu müraciətindən sonra gömrük orqanları tərəfindən problemlərlə üzləşib.
Sahibkar danışır ki, bu il oktyabrın 12-dən onun şirkətinə məxsus mallar rəsmiləşdirilmir, anbarda qalıb. Onun sözlərinə görə, 01211000341373 saylı gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmənin ləngiməsinə “gömrük dəyərinin müəyyən edilməsi üsulunun düzgün göstərilməməsi” səbəb gətirilir. Sahibkarsa bunu qanunsuz hesab edir:
“Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi beynəlxalq təcrübədən qəbul edilmiş ümumi prinsiplərə əsasən tətbiq olunur. Malların gömrük dəyərləndirilməsi qaydası Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. Ancaq Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və onun tabeliyində olan maliyyə inspektoru Etibar Talıblı, sanki qanunun 12.1 maddəsini və 7-ci hesablama üsulunu kəşf ediblər, malların hesablanmasını konteyner üsulu ilə dəyərləndirirlər”.
“Etibar Talıblı mənimlə telefon danışığı zamanı bildirir ki, dəyərləndirmə qaydası bir 40 futluq konteynerə və çəkisi 10 tona qədər olan elektrik işıqlandırıcıya görə 26000 manat, 8 tona qədər isə 24000 manat hesablanıb. Hər növbəti tonnaja görə isə 500 manat əlavə olunmasını tələb edilir. Etibar Talıblı, bu hesablama qaydasının Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin təlimatı olduğunu bildirir. Məndənsə tələb olunur ki, bu təlimata uyğun hərəkət edim. Mən təcrübəli bir iş adamı kimi Gömrük Məcəlləsini dəfələrlə oxumağıma baxmayaraq, belə gömrük dəyərinin hesablama qaydasına rast gəlməmişəm”, – şikayətçi deyir.
Sahibkarın sözlərinə görə, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov onun məktublarını cavabsız qoyur. Səbəb də odur ki, rəis yalnız öz himayəsindəki karqo şirkətlərinin işləməsində maraqlıdır:
“Mənim bir adda, bir konteyner olan, çəkisi 8 ton 276 kiloluq malım 1 aya yaxındır ki, gömrüyün həyətindədir və rəsmiləşdirilmir. Lakin Kənan Məmmədovun himayə etdiyi şirkətlər hər gün 25-30 konteyneri keçirir. Hər birinin də içərisində 80 adda mal var. Hər bir konteyneri 24-26 ton təşkil edən bu malların Bakı Baş Gömrük İdarəsinin maliyyə şöbəsində rəsmiləşdirilərək buraxılması 10 dəqiqə vaxt aparır. Düşünürəm ki, onlar da Kənan Məmmədovun və onun yaratdığı dəstənin himayəsində olmasaydılar, malları 3 aydan tez oradan çıxmazdı”.
“Kənan Məmmədovun himayəsində olan şirkətlər “Bir pəncərə” sistemindən çox gözəl faydalanırlar, amma mənim kimi sadə sahibkarlar süni yaradılmış “21 pəncərə sistemi”ndən keçmək istəsək də, yenə də keçə bilmirik”, – Ramil Asanov gileylənir – “Mənim kimi sadə iş adamları hər gün malları gələrkən cüzi, mexaniki səhvlərə görə aylarla təhqiqat və istintaq şöbələrində süründürməçiliyə məruz qalırlar. Bu da biz iş adamlarına maddi, mənəvi və psixoloji təzyiqlərin edilməsi deməkdir. Kənan Məmmədov iş adamlarının incidilməsi üçün yeni mexanizmlər yaradıb. Bu da onun özünə ortaq etdiyi şirkətlərə daha da böyük və geniş imkanlar yaradır”.
Noyabrın 2-də sahibkar Dövlət Gömrük Komitəsinə dəvət olunub. Deyir ki, problemləri dinlənilib, yazılı izahatı alınıb, nəticə barədə məlumat veriləcəyi bildirilib. Ancaq mallar hələ də anbardadır və buna görə sahibkar günbəgün zərər çəkir:
“Mən orda da bütün iradlarımı qanuni əsaslarla sübut etdim. Diqqətlə qulaq asdılar, iradlarımın araşdırılacağına söz verdilər. Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə qarşı haqsızlıq edildiyini də büruzə verdilər. Ancaq bugünədək mənə rəsmi cavab verilməyib, mallarımsa hələ də anbardadır”.
Dövlət Gömrük Komitəsi isə sahibkarla razılaşmır. Qurum açıqlama yayıb ki, bu ilin avqust ayında “Lion Centre” MMC-nin ünvanına Çin Xalq Respublikasından daxil olan çilçıraq yükünə dair 2021-ci il, 12 oktyabr tarixində tərtib edilən gömrük bəyannaməsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təsadufi seçmə üsulu ilə təyin etdiyi gömruk əməkdaşı tərəfindən araşdırılıb. Bir gün sonra gömrük bəyannaməsinin tərtibində yol verilən səhvlərin aradan qaldırılması üçün bəyannaməçiyə göndərilib. Ancaq bəyannaməçi bir necə gün həmin səhvləri aradan qaldıraraq gömrük bəyannaməsinin geri göndərilməsini təmin etməyib.
Üstəlik araşdırma zamanı gömrük bəyannaməsinin 31 və 43-cü qrafalarının düzgün doldurulmadığı, malların gömrük dəyərinin azaldıldığı, nəqliyyat xərclərinin nəzərə alınmadığı müəyyən edilib və bu barədə bəyannaməçiyə məlumat verilib. Belə ki, malların dəyəri eyni ölkədən idxal edilən analoji malların dəyərindən kəskin fərqləndiyindən rəsmiləşdirilmə prosesində eynicinsli malların invoys və gömrük dəyəri əsas götürülür. Buna görə də malların gömrük dəyərinin yenidən araşdırılması zərurəti yaranıb və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məqsədilə ekspertə müraciət olunub. Əmtəəşünaslıq ekspertizasının nəticəsinə əsasən tərtib olunmuş rəy gömrük orqanlarının haqlı olduğunu təsdiqləyib.
Sahibkarsa Dövlət Gömrük Komitəssinin yaydığı açıqlamanı ağ yalan adlandırıb:
“Mən onların özlərinə də hər şeyi sübut etdim və mənimlə razılaşdılar, ancaq sonradan yenə də yalandolu məlumatlar yayıblar”.
Ramil Aslanov Prezidentə müraciət edib. O, ölkə başçısından Bakı Baş Gömrük İdarəsində baş verənləri nəzarətə götürməsini, sahibkarlara qarşı təzyiqləri aradan qaldırılmasını istəyib. /Meydan TV/
Xəbər 2206 dəfə oxunub.