06.10.2021 18:20
Aldadıb işdən çıxarılan ikinci qrup ƏLİL...
“İşlədiyim son ayın maaşı karta yüklənmir”
“Əlilliyə görə təqaüd alıram, başqa gəlir yerim yoxdur, azyaşlı övladıma görə 110 manat aliment ödəyirəm, qalmağa yerim də yoxdur. Onsuz da əli yerdən, göydən üzülən bir əlili üstəlik aldadaraq işsiz də qoyublar”.
XəzərNews xəbər verir ki, bunu Meydan TV-yə Mingəçevir sakini Teymur Hümbətov deyir.
O, 4 il Mingəcevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində zibil yükləyən fəhlə işləyib. İdarə rəhbərliyi ona sonradan başqa işlə təmin olunacağını vəd edərək işdən çıxmaq barədə ərizə yazdırıb. Ancaq ərizəsini yazdıqdan sonra ona DOST İş Mərkəziylə müqavilə bağlamağı və müvəqqəti olaraq nəzarətçi işləməyi məsləhət görüblər.
“Dedilər, hələlik DOST-la müqavilə bağla...”
“Məni aldatdılar ki, idarədən işdən çıxmaqla bağlı könüllü ərizə yaz, əmrini verək, səni işdən çıxaraq, sonra sənə idarədə başqa iş verək. Təklif etdikləri başqa iş sahə rəisi vəzifəsiydi. Mən də illərlə bir yerdə işlədiyim bu adamlara inandım, işdən çıxmaq haqqında ərizə yazdım. Ərizəmi təqdim edəndən sonra bildirdilər ki, Mingəçevir Şəhər İcra Hakimiyyətində hazırda dislakasiya bölgüsü aparılır, hələlik səni idarəyə qaytara bilmirik. Təklif etdilər ki, DOST İş Mərkəziylə müqavilə bağlayıb elə bu idarənin tərkibində müvəqqəti nəzarətçi işləyim, qısa müddətdən sonra məni idarəyə ştata qaytarıb sahə rəisi vəzifəsinə təyin edəcəklər”, - şikayətçi deyir.
Teymur Hümbətov razılaşıb. DOST İş Mərkəziylə müqavilə bağladıqdan sonra 3 il nəzarətçi işləyib. Ancaq maaşın azlığına görə əvvəlki iş yerinə qayıtmaq istəyib. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəhbərliyindən xahiş edib ki, onu ya əvvəlki işinə, ya da vəd etdikləri sahə rəisi vəzifəsinə qaytarsınlar, həm də ştatlı işçi kimi...
“Rəis müavini məni ikinci dəfə aldatdı”
“Əvvəllər idarədə zibil yükləyən işləyəndə maaşım da 300 manat idi. DOST İş Mərkəziylə müqavilə bağlayandan sonra Heydər Əliyev prospektində işləyən fəhlələrə nəzarət edirdim, 236 manat maaş alırdım. Bu ilin avqustunda idarənin rəis müavini Tahir Abdullayevlə mübahisəm düşdü, çünki aldadaraq məni həm idarədəki iş ştatından məhrum etmişdi, həm də DOST MMC-nin verdiyi maaş əvvəlki ştatlı işçi kimi aldığım maaşdan 70 manat az idi. İki ay əvvəl idarə rəis müaviniylə işə qaytarmaq mövzusunda mübahisəm yarananda təklif etdi ki, DOST İş Mərkəzinin rəhbərinin adına ərizə yaz, işdən çıx, gəl, səni sahə rəisi işinə götürürəm. DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun adına işdən çıxmaq haqqında ərizə yazdım. Beləcə, ikinci dəfə işsiz qaldım, çünki indi idarənin müdir müavini Tahir Abdullayev məni idarəyə yaxın buraxmır”.
“Aliment ödəyicisiyəm, özümünsə qalmağa yerim yoxdur”
Teymur Hümbətov deyir, əlilliyi, üstəlik, 6 yaşlı oğluna görə aliment ödəyicisi olması, qalmağa yerinin olmaması, yataqxanada bir uçuq-sökük otağa sığınması onu çətin duruma salıb:
“Dövlət əlili işlə təmin etməlidir, bunlarsa əlilin başını tovlayıb işsiz qoyurlar. İşlədiyim son ayın maaşı karta yüklənmir, üstəlik, 3 ildə cəmi bir dəfə məzuniyyətdən istifadə etmişəm, iki məzuniyyətin pulu da ödənilməlidir, ödəmirlər”.
Mingəcevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən Meydan TV-yə bildirilib ki, Teymur Hümbətov 3 il əvvəl öz ərizəsiylə könüllü işdən çıxıb. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İş Mərkəziylə müqavilə bağlayaraq nəzarətçi kimi işlə təmin olunub. Bu ilin sentyabrında öz ərizəsiylə o işindən də ayrılıb. İdarədən Teymur Hümbətova hər hansı başqa işlə bağlı vəd verilməsi ilə bağlı deyilənləri cəfəngiyyat adlandırıblar. Bildiriblər ki, hazırda idarədə boş işçi ştatı yoxdur:
“Əgər Teymur Hümbətov iş axtarırsa, əvvəlki qaydada müvafiq sənədlərini yenidən DOST İş Mərkəzinə təqdim edə bilər”.
Xəbər 5998 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|