02.09.2021 15:11
Vaksin növbələri yoluxmaya yol açır - Deputat və həkimdən ETİRAZ
Bir ildən çoxdur bizimlə yol yoldaşı olan, bəzilərimiz üçün sınağa, bəzilərimiz üçün məsxərə obyektinə, bəzilərimiz üçün isə Əzrayıla çevirilən COVID-19 bəlası bitmək bilmir. Bəlkə də bitməsi kimlərinsə marağında deyil. Təəssüf ki, bir çox suallar kimi, bunun da cavabı məchuldur...
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma və ölüm sayı durmadan artır. Son müşahidələr əhalinin kütləvi şəkildə axışdığı poliklinikalarda, xəstəxanalarda yoluxduğunu göstərir. Əksəriyyət isə 1-ci dozadan sonra yolxuduğu qənaətindədir. Amma əsas səbəb peyvənd yox, peyvəndləmə zamanı səriştsiz səhiyyə qurumlarınn biabırçı təşkilatçılığıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhaliyə randevu götürmədən peyvənd vurdurmağa getməməyi tövsiyə edir. Randevu götürənlər isə tibb müəssisəsində canlı növbə gözləməli olur. Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) həyata keçirir.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa koronavirusla bağlı bəzi şeylərin hələ də dəqiqləşmədiyini deyib:
“Vaksin olunmuş və xəstəliyi ağır keçirən insanların olması göstərir ki, virusla bağlı bilmədiyimiz məqamlar var. Amma bütün hallarda vaksinasiya ümid yeri yaradır. Bəzən immuniteti qaldırmaq üçün müəyyən addımlar atmaq tələb olunur. Bunlardan biri də peyvənddir. Amma peyvəndin məcburi hala gətirilməsi doğru deyil. Odur ki, bütün vaksin vurulan polklinikaların, xəstəxanaların qarşısında sıxlıqlar yaranıb”.
Parlamentari vaksinasiya prosesində təşkilatçılığın xoşagələn vəziyyətdə olmadığı qənaətindədir:
“Həm də tibb personalı da çatmır, maaş çox aşağıdır. Pandemiyaya cəlb olunmuş tibb işçilərinin çoxu maaş ala bilmir. Hətta hərbiyə cəlb olunmuş həkimlər şikayət edirdilər ki, onların maaşı lazımi səviyyədə verilmir. Ona görə də ədalət təmin olunmursa, onların yaşam standartları ödənilmirsə, çətin olacaq. Bunu düşünmək lazımdır. Tibb işçilərinin çəkdiyi əziyyətin qarşılığını vermək lazımdır. Əks halda, heç kim bu prosesdə boynuna düşəni ürəkdən etmir və etməyəcək də”.
Həkim Aydın Əliyev də Modern.az-ın mövzu ilə bağlı sualını cavablandırarkən bildirib ki, pandemiya başladığı dövrdən bu günə qədər təşkilatçılıq arzuolunan səviyyədə olmayıb:
“Təəssüflər olsun ki, heç indi də arzuolunan səviyyədə deyil. Biz də bu işin içərisində olan həkim kimi dünyada və ölkəmizdə gedən prosesləri müqayisə edirik. Hər hansı qadağa ilə, məcburiyyətlə ciddi nəticə əldə etmək olmayacaq. Peyvənd könüllü olmalıdır. Sadəcə, peyvəndlə bağlı təbliğat düzgün aparılmalıdır. Məşhurların, insanların sevgisini qazanmış şəxslərin iştirakı ilə videoroliklər çəkilməlidir. Məsələn, bizdə məmurlar, deputatlar peyvəndlə bağlı əhaliyə çağırış edir. Amma bilmirlər ki, insanlar bunlara inanmır. Müğənni Damla isə çıxıb desə ki, ay camaat vaksin vurdurun, əksəriyyət onu dinləyəcək. Sözümün canı odur ki, insanlar kimə inanır, kimi sevirsə, onların vasitəsilə təbliğat aparılmalıdır”.
Həkim məcburiyyətin saxtakarlıqlara yol açdığını düşünür:
“Məcbur etdilər, insanlar saxta COVID-19 pasportu aldılar. Daha sonra saxta pasport məsuliyyət yaradır deyə, indi də əksəriyyət allergiya haqqında arayış alır. Yəni hər hansı qadağa olsa, bizdə mütləq ona kontur arqument yaranır.
Bəli, mən də son vaxtlar eşidirəm ki, insanlar 1-ci dozadan sorna yoluxduğunu deyir. Elə düşünürlər ki, peyvənd olunublar deyə yoluxublar. Onlar peyvənddən yox, vaksin vurdurmaq üçün yaranan sıxlıqda yoluxur”.
Xəbər 3495 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|