Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


19.10.2023  11:52 

“Repetitorluq təhsilimizin əsas problemidir”





A+  A-

“Sevgi bumeranqdır. Yəni hər şey qarşılıqlıdır. Həyatda, ailədə, işdə, hər yerdə belədir. Bu mənada müəllim də çalışdığı kollektivə qaynayıb-qarışmalıdır. Hər bir şagirdə həssas və qayğı ilə yanaşmalıdır ki, onlara tədris etdiyi fənni sevdirə bilsin. Müəllim məktəbi özünün ikinci evi sanmalı, o müqəddəs ailənin üzvü olmalıdır – yaşından, savadından asılı olmayaraq…”

Bu sözlərin müəllifi 38 il Masallı rayonundakı Ərkivan qəsəbə şəhid Əlvan Bağırov adına 4 saylı tam orta məktəbinin direktoru işləmiş, 45 illik pedaqoji təcrübəyə malik Məmmədağa Sadıqovdur.

Məmmədağa Ağa oğlu Sadıqov 26 dekabr 1956-cı ildə Masallı rayonunun Ərkivan kəndində (indi qəsəbədir) anadan olub. Atası Ağa kişi rayonda, kənddə xeyirxah insan kimi tanınıb. Çox imkansızın əlindən tutub. Ötən əsrin 50-ci illərində bərbad vəziyyətdə olan Bağlakücə məhəlləsinin yolunu abadlaşdırıb…

Orta təhsilini Bağlakücə səkkizillik və C.Cabbarlı adına tam orta məktəblərində alan Məmmədağa Sadıqov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub. Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisasına yiyələnən 22 yaşlı gənc təyinatını Masallı rayonuna alıb. İlk pedaqoji fəaliyyətə vaxtilə oxuduğu Bağlakücə tam orta məktəbində başlayıb. Yeddi il (1978-1985) bu tədris ocağında riyaziyyat müəllimi, direktor müavini, direktor əvəzi vəzifələrində çalışıb. Məktəbin təşkilati-ictimai işlərində fərqlənib.

M.Sadıqov 1985-ci ildə kənddəki Həsənəküçə səkkizillik məktəbinə (indiki Ərkivan qəsəbə 4 saylı tam orta məktəbi) direktor təyin olunub. Məktəbin çox darısqal olduğunu gördükdə mövcud şəraitlə bağlı əlaqədar təşkilatlara müraciət edib. 1987-ci ildə rayon təhsil şöbəsi (o vaxt rayon maarif şöbəsinin müdiri Hüseynbala Əhədov idi) və kənddəki sovxoz rəhbərliyinin (K.Marks adına sovxozun direktoru Bayraməli Əliyev) köməyilə məktəbdə əlavə 8 sinifli binanın tikintisinə nail olub. Həmin il təhsil müəssisəsi orta məktəb statusu alıb.

Məmmədağa Sadıqov 38 il məktəb direktor kimi bu tədris ocağında aparıcı mövqedə durmağı bacarıb. Təhsilin inkişafı naminə mütərəqqi ideyaları ilə pedaqoji kollektivi, şagirdləri öz arxasınca apara bilib…

Həyatda səmimi insan, işində bacarıqlı, tələbkar Məmmədağa müəllim gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Gülnarə xanımla 4 övlad böyüdüb, ev-eşik, ailə sahibi ediblər. Sadıqovlar ailəsini 10 nəvə nura qərq edir. Qızları – Elvira və Turan pedaqoji təhsilldir. Ailənin böyük oğlu Ağa ixtisasca həkim-androloqdur. “Yasamal Hospital”da çalışır. Ehtiyatda olan zabit kimi 44 günlük Vətən müharibəsində iştirak edib, ön cəbhədəki yaralıların xilasında fədakarlıq göstərib. “Suqovuşanın azad edilməsinə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Eminağa isə “SOCAR”da işləyir, kompüter mühəndisidir.

Xəzərnews.az Məmmədağa Sadıqovla müsahibəni sizə təqdim edir:

-Bu müqəddəs peşəyə həvəsiniz hardan qaynaqlandı? Ailədən, yoxsa məktəb illərindən..?

-Ailədə 5 qardaş, 3 bacı olmuşuq. Həyatımda qardaşım Həsənağanın (04.01.1951-06.10.2018) çox böyük rolu olub – həm alicənab insan, səriştəli pedaqoq kimi, həm də mehriban dost kimi. Hamıyla rəftar etməyi bacarırdı. Müasir ziyalı idi. Əksər insanların sevimlisinə çevrilmişdi. Rayonumuzda güclü riyaziyyat müəllimi kimi tanınmışdı. O, dolğun pedaqoji fəaliyyətilə öz sözünü deməyi bacardı. Azərbaycan elminə neçə ziyalı, alim, mütəxəssis bəxş etdi, şagirdlərinə həyati biliklər aşıladı. Onun kimi olmaq, onu əvəz etmək çox çətindir. Təkcə riyaziyyatı deyil, ədəbiyyatı da yaxşı bilirdi…

Onu da əlavə edim ki, mərhum dayım Ramazan Əliyev müxtəlif vaxtlarda Masallı Rayon Təhsil Şöbəsində, “Yeni həyat” qəzetində çalışıb. Tanınmış tənqidçi alimlər, filologiya elmləri doktorları Vaqif və Cavanşir Yusifli qardaşları isə Əziz dayımın övladlarıdır.

İltifat Abdinov, Mirzə Həmidov və Qardaşxan Zeynalov kimi müəllimlərimin timsalında bu peşəyə marağım daha da artıb.

-Bəlkə ona görə sizin də ədəbiyyata, poeziyaya həvəsiniz nəzərəçarpacaq dərəcədədir?

-Şeirə, ədəbiyyata, musiqiyə həvəsim orta məktəbdəki özfəaliyyət dərnəylərindən (dərnək rəhbərlərimiz rəhmətlik Şəmsəddin Əmiraslanov və İmanxan Şiriyev idi) yaranıb. R.Rzanın, N.Xəzrinin, M.İsmayılın, Ə.Kərimin, R.Rövşənin şeirlərini bədii intonasiya ilə səsləndirməyi çox sevirdim, elə indi də… Tədbirlərdə, tamaşalarda böyük həvəslə iştirak edərdim. Yaxşı səsim vardı, mahnı da oxuyurdum. Bəlkə də elə bu səbəbdəndir ki, oğlum Eminağanın ifasındakı lirik mahnılar sosial şəbəkələrdə (“Enimga” səhifəsində) heç də pis qarşılanmır.

Şeir yazmağa cəhd eləmişəm, amma zəif alınıb. Qardaşım Həsənağanın isə ruha yatımlı şeirləri var. 2017-ci ildə “Məhəbbət yaşadır məni dünyada” adlı şeirlər kitabı da işıq üzü gördü…

Küçəyə qar yağır,

Könlümə bahar.

Axı sənin kimi

Bir sevgilim var.


-Pedaqoji fəaliyyətinizin ilk illərindən bəhs edərdiniz.

-Mən onuncu sinifdə oxuyarkən, qardaşım Həsənağa 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, təyinatını rayonun Qızılavar kənd orta məktəbinə almışdı. 1979-cu ildə o, da Bağlakücə məktəbinə işləməyə gəldi. Çiyin-çiyinə çalışmağa başladıq.

1978-ci ilin sentyabrından (o vaxt rayon maarif şöbəsinin müdiri Vəliəhd Quliyev idi) – pedaqoji fəaliyyətimin ilk günlərindən çətinliklərlə qarşılaşdıqda vaxtilə mənə dərs deyən müəllimlərin, təcrübəli və gənc həmkarlarımın qayğısını hiss edirdim. Haqq dünyasına qovuşmuş pedaqoqlardan – məktəbin direktoru Firudin Rəsulov, müavini Mirzə Həmidov, müəllimlər Qulam Bağıyev, Ağababa Əliyev, Məşkur Məcidov, Şəmsəddin Əmiraslanov, Zemfira Əmiraslanova, Əliağa Həmzəyev, Teymur Kərimov, Həsənağa Sarxanov, Sucəddin Gülverdiyev və digər qabaqcıl təhsil işçilərinin gərgin zəhməti hesabına məktəbimiz rayonun öncül tədris ocaqlarından sayılırdı.

Mənim təşəbbüsümlə “Riyaziyyat gecə”ləri keçirilirdi ki, bu da şagirdlərin riyaziyyat fənninə marağının artırılmasında əhəmiyyətli idi.

-Yaxşı direktor olmaq üçün hansı keyfiyyətlərə sahib olmalısan?

-Direktor ilk növbədə savadlı (təkcə öz ixtisasını deyil) olmalı, məktəbin idarə olunmasında liderlik qabiliyyətinə, təhsil ictimaiyyəti arasında böyük nüfuza sahiblənməlidir. O, tabeliyində olanların peşəkar inkişafı, keyfiyyətli tədris naminə əlindən gələni əsirgəməməlidir ki, kollektiv də onu savadlı, bacarıqlı rəhbər kimi qəbul etsin. Direktor kollektivdə birlik yaratmağı, fədakar müəllimləri qiymətləndirməyi bacarmalıdır. O, şagirdlərin yaxşı təhsil almasından ötrü valideynlərlə məktəb, eləcə də müəllimlər arasında əməkdaşlığa üstünlük verməlidir.

Ümumiyyətlə, təhsili bilməyən adamın bu sahəyə rəhbərliyi təhsilə zərbədir.

-38 il bu məsuliyyətli işin öhdəsində gəlmək sizinçün çətin olmadımı?

-1985-ci ildə kəndimizdəki Həsənəküçə səkkizillik məktəbinə direktor təyin edildiyim gündən təcrübəli müəllimlərdən Əli Əliyev, Şahverən Bağırov, Xeyrulla Məmmədov, Mübariz Əmənov, Əbülfəz Hilalov, Mirzağa Məmmədov (dünyalarını dəyişiblər), Həbib Mehdiyev, Mehman Məmmədov, Mətləb Mikayılov, Qəhrəman Məmmədov və başqalarının qayğısı ilə əhatələndim.

Təhsillə yanaşı, quruculuq işlərinə də diqqət yetirirdik. 1987-ci və 1993-cü illərdə yeni binalar inşa etməklə sinif otaqlarının sayını artırdıq. 20210-cu ildə isə məktəbimizin yetirməsi Hikmət Məmmədovun maddi dəstəyilə tədris ocağı təmir edildi. Həm məktəbimiz genişləndi, həm də təhsil uğurlarımız vücət aldı. Təmayül sinifləri yaratmağa müvəffəq olduq. Qabaqcıl təhsil müəssisələrinin, xüsusilə liseylərin təcrübəsindən yararlanmağa çalışırdıq.

-Şagirdlərin məktəbə, dərsə həvəsini artırmaq məqsədilə hansı əlavə tədbirlərdən, üsul və vasitələrdən istifadə edirdiniz?

-Məktəbimizlə yanaşı, rayon təhsilində də müəyyən tədbirlərə imza atmışıq. Bu işlərə Həsənağa Sadıqov, Dadaşbala Duniyev, Əbülfəz Əsədov, Cəsarət Həmidov, İlqar Tağıyev, Şəmsəddin Ağayev, Azadxan Paşayev, Samit İslamov kimi rayonumuzun perspektivli müəllimləri də cəlb edilmişdi. Ali məktəblərə qəbul proqramları əsasında ümumrayon bilik yarışları təşkil olunurdu. Elmi-intellektual, erodit sualların hazırlanmasında yaxından iştirak edirdik. Həmin illərdə ali təhsil müəssisələrinə qəbul olanların, əsasən 600-dən artıq bal toplayanların sayında kəskin artma hiss olundu. Müəllimlər arasında “Kim, harada, nə vaxt?” bilik yarışmaları keçirilirdi ki, bu da pedaqoji kollektivlərin bilik səviyyəsinin aşkarlanmasında mühüm amillərdəndir.

Yeddinci sinif şagirdləri arasında seçim etməklə ”Olimpiada Mərkəzi”nin yaradılmasına da nail olmuşduq. Bura cəlb edilən istedadlı məktəblilərə təmənnasız olaraq elmi biliklər aşılanırdı.

-Hazırda müəllim kimi çalışdığınız Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin təhsil uğurları qanedicidirmi?

- Bu il ali məktəblərə sənəd verən 34 məzundan 23-ü tələbə adını qazanıb. Keçən il XI sinifdən ali məktəblərə qəbul üçün ərizə ilə müraciət edən 28 məzundan 20 nəfəri (bir sinif üzrə 18-i), inişil isə 28 nəfərdən 24-ü ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olub.

Məktəblilərimiz rayon və respublika səviyyəli idman yarışları və müsabiqələrdə uğurla çıxış ediblər. İdmançılarımız Azərbaycanın ən böyük məktəbli futbol turniri olan “Coca-Cola-2017” Məktəbli Kubokunun bürünc mükafatını qazanıb. Bu ənənə bu gün də davam edir.

-Əvvəllər məktəblərdə təşkil edilən dərnəklərdə şagirdlərin dərslərlə bağlı və dərsdənkənar problemləri həll olunurdu.

-Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə yaradılan dərnəklər məqsədəuyğun şəkildə fəaliyyət göstərərsə yaxşı nəticələri olar. Fakultativ məşğələlər və dərnəklər bütün məktəblərdə təhsilin və elmin inkişafı üçün təşkil olunmalıdır. İstedadlı uşaqların aşkar edilməsindən ötrü dərsdənkənar əlavə dərnək xarakterli kiçik akademiyalar yardılmalıdır. Təkcə müvafiq fənn olimpiadalarında fərqlənməklə deyil, eyni zamanda, məktəbli maraq göstərdiyi sahə üzrə də biliyini artırmalıdır.

-Şagirdlərin özəl hazırlıq kurslarına, repetitor yanına getməsinə münasibətiniz?

– Repetitorluq dünyanın əksər ölkələrində var. Əlbəttə, sağlam şəkildə. Bu narahatedici məsələ təhsilimizin əsas problemidir. Çünki sinifdə tam qüvvəsini sərf etməyən müəllim dərs dediyi şagirdləri ödənişli məşğələlərə sövq edir. Hətta bəzisi bir məşğələdə 15-20 uşaqla məşğul olur. Ümumiyyətlə, hər bir işdə “xaltura”nın son ucu yaxşı nəticələnmir. Ələlxüsus, təhsildə. Bu, yanlış addımdır. Şagirdlər məktəbdən uzaqlaşır, dərslərdən yayınırlar və s. Unutmamalıyıq ki, orta məktəb təhsili bünövrədir, təhsilin əsas inkişaf pilləsidir. Valideynlər bilməlidirlər ki, məktəbdən kənarda müəyyən ixtisas üzrə hazırlaşan övladları digər elmlərdən məhrum olurlar.

-Məzunlarınızın uğurlarını eşidəndə nə hisslər keçirirsiniz?

– Rusiya Federasiyasının 2-ci dərəcəli “Vətən Uğrunda” ordenli xeyriyyəçi-iş adamı Hikmət Məmmədov, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, dünyanın ən nüfuzlu şirkətlərindən olan “Google”də (ABŞ) məsul vəzifədə işləyən Rüstəm Həşimov, Türkiyədə çalışan Elyar Qulamhüseynli, tanınmış həkimlər Samirə Əhmədova, Fərahim Məmmədov, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa üçüncüsü Əmrah Əmrahov və adlarını unutduğum onlarca bu kimi yetirmələrimizlə fəxr edirik.

Qardaşım Həsənağanın övladları da həyatda layiqli mövqe tutublar. Riyaziyyat elmləri doktoru Tural Sadıqov ABŞ-da (Kaliforniya statı, San Fransisko şəhəri) yaşayır və buradakı elmi hövzələrdə çalışmaqla yanaşı proqramlama, statistika və tətbiqi riyaziyyat üzrə tədqiqatlarını davam etdirir. Üzeyir isə Lənkaran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifəsində çalışır…

Bu gün həyatda uğur qazanmalarına, sənət, peşə sahibi olduqlarına görə bizə minnətdarlıqlarını ifadə edən məzunlarımızla hər dəfə qarşılaşanda ürəyimiz dağa dönür.

-Gənc müəllimlərə, məktəb rəhbərlərinə nə tövsiyə edərdiniz?

-MİQ imtahalarında yüksək bal toplayan gənclər arasında eləsi olur ki, fəaliyyətlərinin ilk günlərində çətinlik çəkirlər. Onları aid olduqları ixtisaslar üzrə təcrübəli müəllimlərə yönəltməklə tədrisin, pedaqogikanın spesifik xüsusiyyətlərini əxz etmələrinə şərait yaradılmalıdır. Mütəmadi olaraq tövsiyə və məsləhətlərimizi əsirgəməməliyik. Bir də ki, atalar demişkən, quyuya su tökməklə deyil axı. Gərək özün də işinə peşəkar yanaşma sərgiləyəsən, məsuliyyət hiss edəsən, etinasız olmayasan.

Lakin elə müəllimlər də var ki, biliyi yüksək olmasa da təşkilatçılıq qabiliyyəti yüksəkdir, şagirdə lazım olanı öyrədə bilir.

Unutmaq olmaz ki, təhsil müntəzəmliyi, ardıcıllığı sevən sahədir. Ümumi işin inkişafına müsbət təsir göstərəcək bütün işlər (tədris, təlim-tərbiyə və s.) müəyyən müddətdə, kompaniya şəklində deyil, davamlı, fasiləsiz olaraq həyata keçirilmədir. Əks təqdirdə heç bir irəliləyişdən söz gedə bilməz.

Müasir təhsilin üstünlüyü ondadır ki, bugünkü müəllim, şagird sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya pəncərə açır.

Əfsuslar olsun ki, dərsini “monoloq sayaq çıxış”la tamamlanmış hesab edən müəllimlərə də rast gəlinir…

-Ötən illərin yadda qalan anlarını xatırlaya bilirsinizmi?

– Birinci sinifdə oxuyurdum. Dəhlizdə, sinif otağımızın pəncərəsi önündə dayanmışdım. Yanımdan keçən uşaqlar şüşəni sındırıb qaçdılar. Sinif müəllimi, Böyük Vətən müharibəsi iştirakçısı Bəhram Məmmədov (haqq dünyasına qovuşub) orda tək durduğumu görüb mənə bərk acıqlandı. Müəllimin haqsız iradına görə hətta ağladım. Etiraf edim ki, 60 il əvvəlki bu maraqlı olay ömürlük mənə dərs oldu: Yəni bir hadisəni araşdırmadan qərar çıxarmağa tələsmə, əks təqdirdə yanılıb, mənfi nəticə çıxara bilərsən…

Bu ilin may ayında Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbdə “Ağ məktəbin” 1973-cü il məzunları kimi 50 illik yubleyimizi keçirdik. Qocaman pedaqoqlardan Qardaşxan Zeynalov, Nurəli Nəzərov, Zabit Nəcəfov və digər müəllimlərlə, eləcə də həmyaşıdlarımızla görüşümüz xoş xatirələrlə yadda qaldı.

Ötən ilin mayında isə BDU-nun mexanika-riyaziyyat fakültəsinin 1978-ci il buraxılış məzunlarının (180 nəfər) iştirakı ilə doğma universitetdə “44 ildən sonra” (simvolik olaraq 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunmuşdu) adlı möhtəşəm tədbir keçirdik.

Sinif və tələbə yoldaşlarımla mütəmadi olaraq əlaqə saxlayıram.

– Asudə vaxtlarınızı necə keçirirsiniz?

– Boş vaxtlarımda tarixi filmləri izləyir, Xalq şairimiz Ramiz Rövşənin əsərlərini mütaliə edirəm. Dost-tanışla şahmat oynamaqdan zövq alır, sanki dincəlirəm. Səkkizinci sinifdə oxuyarkən qohumum, şahmat müəllimi Asəf Məcidovun köməyilə bu idman növünün sirrlərinə bələd olmuşam. Hətta bir neçə dəfə yaşlılar arasında rayon birinciliyi və turnirlərdə, zona yarışlarında çempion adını qazanmışam.

-Heyifsiləndiyiniz anlar olubmu?

-Hər dəfə işdən evə dönəndə qardaşımı yoluxmağa gedərdim. Oturub söhbətləşərdik. İntellektli, məlumatlı insan idi Həsənağa. Onunla saatlarla diskussiyadan yorulmazdın. İndi də arada elə olur ki, onların küçəsindən keçəndə o səmtə dönmək istəyirəm, lakin… (müsahibim kövrəlir).

Nurəddini (N.Məlikov – 2007-2009-cu illərdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri işləyib), Həsənağanı itirdik… Hər ikisinin yoxluğu mənimçün ağırdır. Hamı onları sevirdi. Hələ çox ehtiyacımız vardı bu şən əhval-ruhiyyəli novator insanlara…

-Əməyinizə verilən dəyərdən razısınızmı?

– Dəfələrlə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən fəxri fərman, təşəkürnamə və qiymətli hədiyyələrə layiq görülmüşəm. Yüksək titullara heç cəhd də etməmişəm. Gözəl kollektiv, həmkarlar, yaxşı dostlar, ən ümdəsi isə hörmət-izzətimi saxlayan yetirmələrim… Bundan yüksək mükafat varmı?

Akif AĞAYEV



Xəbər 6515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +