26.11.2025 14:25
TATOYANIN “ƏLİYEVDƏN SONRA” OYUNU: SÜLH REALLIĞINA YOX, SİYASİ İLLÜZİYAYA...
Ermənistanın radikal siyasi səhnəsində yeni ritorika formalaşmaqdadır və bu ritorikanın mərkəzində “Birlik qanadları” hərəkatının lideri Arman Tatoyan dayanır. Onun son açıqlamaları (26 noyabr, mətbuat konfransı), əslində, həm daxili auditoriyaya yönəlmiş siyasi mesaj, həm də bölgədə gedən geosiyasi proseslərin təsirindən faydalanmaq cəhdi kimi görünür.
Əslində Tatoyanın “Azərbaycanla sülh sazişini imzalamağa hazıram, ancaq Əliyevdən sonra” bəyanatı Ermənistan siyasətində uzun illərdir müşahidə olunan paradoksal yanaşmanın davamıdır.
Tatoyan bilməlidir ki, müharibədə qələbənin memarı necə İlham Əliyev idisə, regionda sülhün reallaşmasının əsas siyasi aktoru da məhz odur. Azərbaycan cəmiyyəti bütövlükdə, eyni həmrəyliklə, həm müharibə dövründə, həm də post-müharibə sülh prosesində İlham Əliyevə etibar edir. Ermənistan tərəfi bunu nə qədər tez qəbul etsə, reallıqla bir o qədər az ziddiyyət yaşayacaq.
Tatoyanın “Əliyevdən sonranı görəcəyi” barədə siyasi ümidləri isə daha çox populist üsluba xidmət edir və real proseslərdən uzaqdır.
Tatoyanın ritorikasının mərkəzində ikinci bir tezis də var: “Gəlin bu müqavilənin bizə nə verdiyini anlayaq”. Əlbəttə, Ermənistan siyasətində bu sual yenilik deyil, lakin bu dəfə məsələ daha çox daxili xaosun içində bir mövqe savaşına çevrilib. Tatoyan Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşdən sonra səsləndirdiyi “Ermənistan Konstitusiyasını dəyişməlidir” fikrinə istinad edir və bunu “Azərbaycanın daxili işlərə qarışması” kimi təqdim etməyə çalışır. Halbuki regional reallıq ondan ibarətidir ki, Ermənistanın Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapır. Bu iddialar aradan qaldırılmadan sülh sazişi məntiqi və hüquqi baza qazana bilməz.
Tatoyanın “Mən Azərbaycanın tələbi ilə Konstitusiyaya dəyişiklik etməyəcəyəm” bəyanatı, əslində, Ermənistan daxilində seçici davranışını yönləndirmək cəhdindən başqa bir şey deyil. Onun bu mövqeyi daha çox siyasi alver cəhdi təsiri bağışlayır: daxili auditoriyaya sərt görünmək, xarici auditoriyaya isə “alternativ” fiqur kimi təqdim olunmaq.
Tatoyanın üçüncü iddiası daha maraqlıdır: “Tramp yolu” layihəsi sənədin özündən daha çox sülh sazişidir”. Burada o, ABŞ-ın regiondakı rolunu qabartmağa çalışır və Paşinyanı Vaşinqtonun vasitəçilik səylərini “sıradan çıxarmaqda” ittiham edir. Məqsəd aydındır, Paşinyanı Qərbdən uzaqlaşdırmaq və özünü Qərbə daha münasib fiqur kimi göstərmək.
Burada mühüm məqam ondan ibarətdir ki, Tatoyanın Azərbaycanın “tələblərinə cavab olaraq Paşinyanın ABŞ-ı oyundan çıxarması” iddiası məntiqsizdir. Ermənistanın indiki rəhbərliyi prosesləri nəzarətdə saxlaya bilmir və vasitəçilər arasında balans yaratmaqda acizdir. ABŞ-ın vasitəçilik səylərinin nəticəsiz qalması isə Paşinyanın deyil, bütövlükdə Ermənistan siyasi sisteminin qeyri-sabitliyinin nəticəsidir.
Bölgənin gələcəyi isə şəxsi siyasi ambisiyalara görə deyil, reallığın qəbuluna görə müəyyənləşir. Azərbaycanın mövqeyi aydındır: sülh real faktlara əsaslanmalı, Konstitusiyadakı ərazi iddiaları ləğv olunmalı və Ermənistan revanşizmdən tam imtina etməlidir. Tatoyanın ritorikası isə hələlik sülhün deyil, daxili siyasi mübarizənin məhsuludur.
Maraqlı olan odur ki, zaman keçdikcə bölgədə sülhün hansı liderlərin istəyindən daha çox, hansı liderlərin reallıqla barışa bildiyindən asılı olduğu aydın görünür.
N.Oruclu
Xəbər 754 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|