“Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq”.
XəzərNews.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının məlumatında deyilir.
Qeyd olunur ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yaymlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələri işlədilmişdir. Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlara vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbir nümayiş etdirməyi xahiş edirik.
Bildiririk ki, İTV kanalının “Əqrəb mövsümü (İki dünya bir olsa da)” serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.
Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınmış və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə və zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.
Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir.
Xəbər 700 dəfə oxunub.