17.02.2025 19:04
Ölüm, gəl, tanış olaq!
"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mənəvi – ruhani dünyasının poetik ifadəsidir.
Niyə baxdım bu güzgüyə?!
Özümü suda görmüşdüm.
Niyə çıxırdım bu yola ?!
hər şeyi udan görmüşdüm.
Qanadı-qələm bu quşu,
Suları donmuş-bu qışı,
Allah vurmuş-qırılmışın
Hamısın yolda görmüşdüm!
Uzağı görüb yaxında,
Çıxartdım olmağın ağında.
Durub çarmıxın sağında
İsanı darda görmüşdüm!
Daha doğmaz ay üzümə,
bəzək vurun hər sözümə.
Niyə baxdım göy üzünə?!
Özümü yerdə görmüşdüm.
* * *
Hələ, doğulmamışam,
Olum, gəl,tanış olaq!
Bələyindən kürsüyə
Yolum, gəl, tanış olaq!
Ayağı, əli bildim
Sən deyən dili bildim.
Hər əzamı yol bildim,
Solum, gəl, tanış olaq!
Məndən qabağkı-dünya,
Tanış, sabahkı-dünya!
Gedib, qabağkı, dünya
Ölüm, gəl, tanış olaq!
* * *
Çox çalışdım görəm səni,
Həm ortada, həm qırağda!
Söz,
Bir də,
İtən gün oldu aralığda!
Adınla gəzdim sənsizliyi,
Tənhalığımın gözüylə gəzdim!
Ayrılığına yandırdığım,
Ömrün közüylə gəzdim!
Hər ölən günü,
diri görmək istədim!
sənsiz gələn günləri,
ölü görmək istədim!
Görmək istədim,
görünmədin!
Sevmək istədim,
sevinmədim!
Sənə, ölmək istədim,
ölmədim!
* * *
Torpağa əkdiyim çiçək,
daş üstdə alır yuxusun!
Sahil gəzirəm özümə,
ayrılıq açır yaxasın!
Adsız nəğmə oxuyuram,
Allahla bəndə arası!
Adsız bir şəhər salın siz,
bölün dərdimin yarısın!
O, dünyadan nə xəbər var
ay Quranım, ay İncilim ?!
Bir xəbər verən göstərin,
göstərin bir az dincəlim!
Çəkdim özümü qırağa,
göyündən qırdım əlimi!
İlahi! Söz yeyirəm mən,
yerə qoymuram dilimi!
Yuxum gəlir bu səhərə
baş altıma daşı gətir!
Qurumuşam İlahi! Gəl,
göz yaşını daşı, gətir!
Xəbər 1795 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|