06.09.2024 15:16
Erməni diasporu ilə müqayisədə Azərbaycan diasporu yox kimi bir şeydir - AMMA...
Harut Sassounian həftəlik “armenianweekly.com” saytında “Pashinyan’s press conference proved why he isn’t qualified to lead Armenia” (Paşinyanın mətbuat konfransı onun niyə Ermənistana rəhbərlik etməyə layiq olmadığını sübut etdi) adlı məqalə ilə çıxış edib. Erməni mənbələri yazır ki, o, həm də Artsax Fondunun rəhbəridir. Onun rəhbərlik etdiyi Fond indiyə kimi Ermənistana və Artsaxa (Qarabağ) 1 milyard dollarlıq yardım göstərib. Yəni bu adam sadəcə yazmır, həm də türklərə qarşı erməniləri müdafiə etmək üçün konkret işlər görür.
Bəli, erməni diasporu son dərəcə güclüdür, müqayisədə Azərbaycan diasporu yox kimi bir şeydir. Nə yaxşı ki, Azərbaycan dövləti güclüdür, Ermənistan isə dövlət kimi zəifdir. Elə Harut Sassounian da bu məqaləsində Ermənistan dövlətinin Azərbaycan qarşısında son dərəcə zəif durumda olmasından söhbət açır...
Müəllif deyir ki, Paşinyanın media ilə görüşüb sualları cavablandırmaq istəməsi təqdirəlayiq olsa da, onun ziddiyyətli açıqlamalarını minimuma endirmək, səriştəsizliyini gizlətmək üçün mətbuat konfransları bir saatdan çox çəkməsə yaxşıdır. Əvvəlki mətbuat konfranslarında o, dörd-beş saat danışmışdı. Onun bu kimi davranışı Rusiya prezidentinin mətbuatla uzun-uzadı söhbətlərini xatırladır. Xoşbəxtlikdən bu dəfə Paşinyanın mətbuat konfransı cəmi iki saat 17 dəqiqə çəkdi. Paşinyan bu qədər suallara cavab verməklə onun cavablarını tənqid etmək üçün opponentlərini daha çox arqumentlə təmin etdi.
Harut Sassounian qeyd edib ki, Ermənistanın BMT-nin noyabrda Bakıda keçiriləcək beynəlxalq konfransında iştirak edib-etməməsi ilə bağlı suala Paşinyanın cavabı qeyri-müəyyən oldu. İyul ayında Ermənistanın konfransda (COP29) iştirak edib-etməyəcəyi ilə bağlı suala Hökumətin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti cavab olaraq söz vermişdi ki, Paşinyan avqustda keçirəcəyi mətbuat konfransında Azərbaycanın dəvətinə cavab verəcək. Lakin avqustun 31-də məlum oldu ki, Paşinyan hələ heç bir qərar verməyib.
Ermənistan hökumətinin erməni hərbi əsirlərin və siyasi girovların azad edilməsi üçün hər hansı cəhd edib-etməməsi ilə bağlı suala cavab olaraq Paşinyan özündən başqa hamını günahlandıraraq cavab verdi. O, unudub ki, 2020-ci il müharibəsindən dərhal sonra bəzi erməni əsirləri müqabilində bütün azərbaycanlı hərbi əsirləri ağılsız şəkildə azad edən məhz o, özü olub. O, yalnız bütün erməni məhbusların azad edilməsi müqabilində bütün azərbaycanlı məhbusları azad etməli idi. (Xatırladım ki, o vaxt Ermənistan cəmi 2 azərbaycanlı əsiri azad etmişdi. Azərbaycan isə 32 əsiri geri qaytarmışdı. E.H) Paşinyan daha bir böyük kobud səhvə yol verərək, Ermənistanın veto hüququndan imtina etdi. Nəticədə noyabrda Bakıya yüksək mötəbər beynəlxalq konfransa ev sahibliyi etməyə icazə verdi. Azərbaycan Prezidenti İlham Əliyev bu konfransa ev sahibliyi etmək üçün o qədər ümidli deyildi. O, COP29-a görə nəinki bəzi erməni əsirləri azad etməyə, hətta Ermənistan Respublikasının 2021 və 2022-ci illərdən bəri işğal olunmuş rayonlarını boşaltmağa razı olardı.
Əlbəttə, bütün bunlar daşnak yazarın ehtimallarıdır. Məncə, bu ehtimallar reallıqdan xeyli uzaqdır.
Müəllif daha sonra diqqəti sülh müqaviləsinə yönəldərək yazır ki, Paşinyan daha sonra açıqladı ki, Ermənistan və Azərbaycan sülh sazişi layihəsindəki 17 maddədən 13-ü üzrə razılığa gəlib. Paşinyan təklif edib ki, iki ölkə razılaşdırılmış 13 bənd əsasında sənədi imzalasın, qalan dörd bəndi gələcəyə buraxsın. Görünür, Paşinyan başa düşmür ki, Əliyevin Ermənistanla sülh əldə etməkdə marağı sıfıra bərabərdir. İlham Əliyevin istədiyi Ermənistanın bir parçasıdır, əslində o, bütövlükdə Ermənistana sahib olmaq arzusundadır.
Əvvəla, Paşinyanın daim sülh istəməsi sadə səbəbdən sülhə gətirib çıxarmayacaq. Çünki Azərbaycan sülhdə maraqlı deyil. Tanqo rəqsi üçün iki adam lazımdır. Birtərəfli sülh deyilən bir şey yoxdur.
İkincisi, Paşinyan ümidsiz halda sülh üçün yalvarmaqla İlham Əliyevi Ermənistandan getdikcə daha çox güzəşt tələb etməyə sövq edir.
Üçüncüsü, “sülh müqaviləsi”nin imzalanması Əliyevin Ermənistanla müharibə aparmasına mane olmayacaq. “Sülh müqaviləsi” sülhə zəmanət verməyəcək. İlham Əliyev üçün “sülh müqaviləsi” bir kağız parçası olacaq.
Paşinyan öyünür ki, Ermənistan və Azərbaycan sərhədlərin demarkasiyası ilə bağlı imzaladığı saziş hələ ratifikasiya olunmasa da, iki ölkə arasında imzalanmış ilk hüquqi sənəddir. O, unudur ki, hələ 1994-cü ildə Ermənistan, Azərbaycan və Artsax (Dağlıq Qarabağ) hökumətləri atəşkəs sazişi imzalayıblar. O, 2020-ci il müharibəsinin sonunda o, özü də Putin və Əliyevlə oxşar müqavilə imzalayıb.
Paşinyanın mətbuat konfransının ən çirkin tərəfi onun 2023-cü ilin sentyabrından Bakı həbsxanasında girov kimi saxlanılan Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan haqqında lazımsız şübhələr yaratması oldu. Paşinyan Vardanyanı aşağıladı: “Nə olub? Ruben Vardanyan necə oldu ki, Rusiya vətəndaşlığından imtina etdi? Kim ona bu addımı atmağı məsləhət görüb və ya tövsiyə edib? Onu bu mənada Ermənistan Respublikasına kim göndərib? Onu Dağlıq Qarabağa kim göndərib? Hansı məqsədlə, nə zəmanət, nə təminat, nə vəd veriblər? Və axırda kim dedi: “Bilirsiniz ki, biz onun kim olduğunu bilmirik, çünki o, başqa ölkənin vətəndaşıdır?”...
Məqalənin sonunda daşnak müəllif yazır ki, Nikol Paşinyan mətbuat konfransı zamanı bir çox başqa səhvlərə yol verdi, lakin onların hamısını əhatə etmək üçün bütöv bir kitab yazmaq lazımdır.
Elbəyi Həsənli
Sürix
Xəbər 7417 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|