14.10.2019 16:23
Vasim Məmmədəliyev dəfn edildi
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.
Vida mərasimindən sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
Oktyabrın 14-də BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhumun cənazəsi Bakı Dövlət Universitetinin matəmsayağı bəzədilmiş böyük akt zalında postament üzərinə qoyulub.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklillər qoyulub. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülüb.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevin Azərbaycan elminə xidmətlərindən danışıb.
V.Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1964-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirib. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olub.
1978-ci ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.
Akademik Vasim Məmmədəliyev bütün həyatını xalqımızın mənəviyyatının zənginləşməsinə həsr edib. O, Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarından idi. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunub.
Şərqşünas alim ilk dəfə ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev “Ərəb dilçiliyi” adlı fundamental əsərində ilk dəfə “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut edib.
Şərqşünas alim İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Əməkdaşlıq Təşkilatının İslam Hüququ Akademiyasının həqiqi üzvü idi.
Onun ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən, İslam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının istifadə etdikləri 41 kitabı nəşr olunub.
Alim elm və xalq qarşısındakı böyük xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Böyük alim V.Məmmədəliyev 1991-ci ildə akademik Ziya Bünyadovla birgə müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.
Onun yüksəkixtisaslı kadrlar hazırlanmasında ciddi xidmətləri olub. Alimin rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlanıb.
Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Xəbər 1488 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|