27.06.2023 16:47
Sem dayı Cənubi Qafqazı Moskvanın caynağından qopa biləcəkmi?
Rusiyadakı hərbi qiyam Vaşinqton danışıqlarına necə təsir edəcək?
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda mayda keçirilən son Ermənistan-Azərbaycan danışığına münasibət bildirərkən belə demişdi: "İstənilən marafonda son metrləri başa vurmaq həmişə çox çətin olur, biz bunu bilirik".
Bəllidir ki, bu gün Vaşinqtonda tərəflər arasında yenidən görüş keçiriləcək. 3 gün davam edəcək görüşdə real nəticə olacaqmı?
Avropa İttifaqına bağlı “opendemocracy.net” yazır ki, bəziləri əvvəlki danışıqlarda irəliləyişin olduğunu etiraf edir. Sənədin demək olar ki, yarısının artıq razılaşdırıldığını bildirənlər də var. Ancaq uğurlu sona aparan yol hələ də xeyli uzaq görünür. Tərəflər arasında əsas fikir ayrılığı Dağlıq Qarabağdakı etnik ermənilərin taleyi ilə bağlı kompromislərlə bağlıdır.
“Opendemocracy.net” qeyd edir ki, Bakı Stepanakertlə (Xankəndi) yalnız Azərbaycanın paytaxtında danışıqlar aparmağa razıdır. Söhbətin yalnız Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasından getməsini istəyirlər. Qarabağ erməniləri isə beynəlxalq səviyyədə danışıqların aparılmasında təkid edir.
Rəsmi Bakı Qarabağ məsələsinə xarici müdaxilənin qəti əleyhinədir. Rusiya “sülhməramlıları”ndan son dərəcə məyus görünən Azərbaycan rəhbərliyi 2025-ci ildə onları ərazidən çıxartmağa can atır. Ondan sonra nə olacağı isə bəlli deyil. Rəsmi Bakı əraziyə beynəlxalq nəzarətin olmasına da razılıq vermir. Beynəlxalq nəzarətin hərbi, yoxsa mülki formada olacağı da bəlli deyil.
Ermənistan Azərbaycan münasibətlərinə Rusiyanın narahatlığı da təsir edir. Belə ki, rəsmi Moskva hesab edir ki, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara atmağa çalışır.
Məqalədə o da vurğulanır ki, 2020-ci ildə müharibə başa çatandan indiyə kimi tərəflərin birgə itkisi 1.200 nəfərdən çox olub, yəni qarşıdurma ciddi itkilərlə müşahidə olunur. Rusiyanın Ukraynada apardığı müharibə onun Cənubi Qafqazda manevr imkanlarını və təsir gücünü xeyli azaldır.
Təəssüf ki, “opendemocracy.net” saytı Qarabağ erməniləri ilə bağlı əsas məqama toxunmur. Bu məqam isə ondan ibarətdir ki, Ermənistandan fərqli olaraq Qarabağ erməniləri və onların qondarma rəhbərliyi Qərbin yox, məhz Rusiyanın yanındadır. Rusiyanın maraqlarından çıxış edir. Hətta Rusiya-Ukrayna müharibəsində belə ruslara açıq şəkildə dəstək verirlər.
Təbii ki, bu məqamın üstündən sükutla keçilməsi təsadüfi deyil, bu, məlumatsızlıqdan da irəli gəlmir.
Sadəcə olaraq “opendemocracy.net” saytı ermənilərin marağından çıxış etdiyinə görə məqsədli şəkildə bu məqama toxunmur.
Vaşinqtonda keçirilən görüş isə son dərəcə önəmlidir və Cənubi Qafqaza yenidən nizam verə bilər. Avropa İttifaqına bağlı “opendemocracy.net” saytının bəhs etdiyimiz məqaləsinin “It’s make or break time for Nagorno-Karabakh’s future” adlanması da elə bundan xəbər verir. Belə ki, ingilis dilində “make” sözü düzəltmək, qurmaq, ona həmqafiyə olan “break” sözü isə sındırmaq, dağıtmaq anlamını verir. Yəni Dağlıq Qarabağın gələcəyi qurulurmur, yoxsa dağılırmı.
Maraqlıdır ki, sözügedən geniş məqalədə Zəngəzur dəhlizi ilə bağlı bir kəlmə də yoxdur. Bu, necə, təsadüfdürmü?
Şübhəsiz ki, Rusiyada baş verən hərbi qiyamdan sonra Vaşinqton danışıqları tam fərqli bir ortamda keçiriləcək. Məntiqlə bu ortam tərəfləri bir-birinə daha da yaxınlaşdırmalıdır. Prosesə vasitəçilik edən Amerikanın da bu fürsətdən maksimum şəkildə yararlanmağa çalışacağı da şübhə doğurmur. Beləliklə, Vaşinqton danışıqlarından daha optimist nəticələr gözlənilir. 3-4 gündən sonra Vaşinqton danışıqlarının nəticəsi haqqında daha konkret fikirlər söyləmək olar.
Elbəyi Həsənli,
Sürix
Xəbər 1507 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|