Burda bir igid ölüb, göy kişnər, bulud ağlar... Uşaq vaxtı düşünərdim ki, necə ola bilər ki, göy kişnəsin, necə ola bilər ki, bulud ağlasın, hələ, axı o necə ola bilər ki, igid ölsün?! Ta ki dərk edənə qədər belə fikirləşirdim... Dərk edəndən sonra isə anladım ki, vətənpərvər oğullar olmasa, döyüşməsə, Vətən uğrunda canlarından, qanlarından keçib şəhid olmasalar, heç Vətən də olmaz imiş. Sən demə, kişnəyən göy ata və qardaşların fəryadı, ağlayan bulud isə ana və bacıların gözləri imiş. İgid ölər adı qalar. Bəli, bu Vətən uğrunda çox igidlər döyüşüb, çoxları şəhid olub. Amma adları qalıb. Onlardan sonra doğulan körpələrə, gələcəyin igidlərinə qoyulan adlarda, qəhrəmanlıqlarından, şücaətlərindən danışmaqla doymayan dillərdə yaşayıb o adlar, o igidlər. Göy kişnədən, bulud ağladan, öləndən sonra adı qalan igidlərdən biri də Həşimov Tarzən Qəhrəman oğludur.
Xatırlatma:
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Tarzən Həşimovdur. Tarzən Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub.
Tarzən Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb.
Şəhid Tarzən Həşimov rabitəçi gizir rütbəsində xidmət göstərib. O, düşmənin dilini səlis şəkildə bilirdi. Döyüş yoldaşlarının sözlərinə görə, bir neçə dəfə düşmənlə rabitəyə girərək onun texnikasını məhv edib.
O, 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə də iştirak edib və döyüş zamanı yaralanıb. O, döyüş müddətində xüsusi iradə göstərib və neytral zonadan döyüş zamanı həlak olan şəhidimizi çıxarıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tarzən Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tarzən Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tarzən Həşimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tarzən Həşimov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tarzən Həşimov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Biz kimik?
Artıq müqəddəs bir məkana çevrilmiş evlərdən biri də Həşimovların yaşadığı evdir. Bu Şəhid ocağında təşkil olunan anım tədbirinin iştirakçıları kim olduğumuzu soruşdu. Cavabımız belə oldu: Biz
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi əsasında gəlmişik. Şəhidlərlə, onların tanıdılması ilə bağlı layihə həyata keçiririk. Lerikdəki şəhid ailələrindən biri də sizin ailədir. Məqsədimiz onları xatirələrdə yaşatmaqdır. Amalımız odur ki, gənclər, gənc nəsil bu qəhrəman şəhidlərin keçdiyi həyat yolu, hərbi xidmət dövrü haqqında geniş məlumatlar əldə edib, maariflənsinlər.
Məqsədimizi öyrənən bu müqəddəs evin sahibləri və qonaqları sullarımızı gözləmədən bir-bir özlərini təqdim edərək, Tarzən Həşimov haqqında olan xatirələrini, onun keçdiyi həyat yolunu, hərb sahəsindəki uğurlarını və şücaətlərini bizimlə bölüşməyə başladılar.
Beləliklə, həm hüzn, həm də qürur dolu söhbəti, Tarzən haqqında danışılan xatirələri olduğu kimi təqdim edəcəyik.
Sədaqətli oğul...
Atası – Qəhrəman Həşimov
- Tarzən hələ uşaq yaşlarından vətənpərvər böyümüşdü. Bu da ondan irəli gəlir ki, mən özüm də Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam və o da onu görüb yəqin ki. Düzdür, biz o vaxt torpaqlarımızı ala bilmədik, amma şükürlər olsun ki, şəhid versək də yenidən torpaqlarımızı geri ala bildik. Tarzən Daxili Qoşunların Xüsusi Təyinatlılarında qulluq eləmişdi. Ordan qayıtdıqdan sonra, sənədlırini Milli Ordunun Xüsusi Təyinatlılarına verdi. 12 il orda xidmətdə olmuşdu. Demək olar ki, Tarzən həyatını vətənə bağlamışdı. Həyatda heç vaxt məni aldatmamışdı, yalan danışmamışdı. Mənimlə ən yaxşı bir yoldaş, həm fikir, həm də ən sadaqətli bir oğul idi. Amma Tarzən müharibədə yaralanmışdı Füzulidə, gətirmişdilər Biləsüvara, onu məndən gizlətmişdi. Onu da gizlətməyinin səbəbi o olub ki, birdən gedib onu Orduda xidmətdən saxlayaram, ya mane olaram... Tarzən müharibədə böyük şücaətlər göstərdi, eyni zamanda da Vətən uğrunda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İnanın ki, indi də imkanım olsa, mən gedib Tarzənin yolunu davam etdirərəm. Tarixi düşmənimiz olan ermənilərin üzərinə getməyə indi də hazıram. Amma buna imkan yoxdur (köks ötürür). İki oğlum var idi, bir qızım. İndi bir oğlandır, bir qız... (dərin fikrə gedir). Tarzən bütün döyüşlərdə iştirak eləmişdi, amma axırda Xocavənddə Qırmızı Bazar istiqamətindəki döyüşlərdə şəhid olub. Aprel döyüşlərində, yenə təkrar edirəm bütün döyüşlərdə Tarzən xüsusi təyinatlı kimi iştirak etmişdi, çünki onun işi o idi. Ailəli idi, iki qız uşağı var. Hərbiyə bu kənddən qoşulsa da, amma Sumqayıtda yaşayırdı. İşi ilə əlaqədar 2014-cü ildə ona Sumqayıtdan ev almışdıq. Amma öz kəndimizdə dəfn olunub.
Vətən tarixini yazan adam...
Sinif yoldaşı –Xəyal Muradov
- Biz rəhmətlik Tarzənlə həm Bibihoni kənd orta məktəbində, həm də Hamarmeşə kənd tam orta məktəbində bir oxumuşuq. Tarzan elə uşaqlıq illərindən vətənpərvər, yoldaşlarına qarşı diqqətli gənclərimizdən biri idi. Biz hər zaman onun davranışlarında, danışıqlarında vətənpərvərlik, dosta qayğısını müşahidə eləmişik. Atasının da dediyi kimi, o artıq müəyyən bir yaşa çatandan sonra torpaqlarımızın erməni tapdağı altında qalması ilə razılaşmırdı. Bizim onunla olan xatirələrimiz, belə deyərdim ki, Hamarmeşə kənd məktəbinə gedərkən olub, çünki hər gün piyada 5 kilometr məsafə qət edirdik. Onunla bir yoldaş kimi yaxşı xatirələrimiz daha çoxdur. Vətənpərvər olmağı, Vətənə sadaqəti kiçik yaşlarından, bizimlə bir oxuduğu vaxtlarda özünü biruzə verdi və nəticə etibarı ilə axırda gəldi Vətənimizin böyük qəhrəmanlarından birinə çevrildi. Vətən tarixinin yazılmasında əməyi keçən oğullardan birinə çevrildi. Biz onlar haqqında nə qədər danışsaq da, yenə də onların göstərdiyi şücaətlər qarşısında elə də böyük bir şey etmiş olmarıq, onların haqqını ödəyə bilmərik.
Allah rəhmət eləsin! Vətən sağ olsun!
Arzusuna çatan qardaş...
Şəhid qardaşı – Tərlan Həşimov
- Qardaşımla mənim aramda 2 yaş fərqimiz var idi. O məndən böyük idi. Tarzən uşaqlıqdan vətənpərvər idi. Onun ən böyük arzusu torpaqlarımızı azad etmək idi. Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmaq onun üçün ən böyük zirvə idi, rütbə idi. Deyərdim ki, qardaşım öz arzusuna çatdı, torpaqlarımız uğrunda şəhid oldu. O hələ hərbiyə getməzdən əvvəl də dostlara, qohum-qonşuya qarşı çox mehriban, qayğıkeş idi. Hamının probleminin həlli ilə maraqlanırdı.
Allah rəhmət eləsin! Vətən sağ olsun!
Sən demə, cəsur bir sinif yoldaşımız var imiş...
Sinif yoldaşı – Qadir Rzayev
- Mən Tarzənlə Hamarmeşə kəndində iki il bir sinifdə oxumuşuq. Məktəbi bitirəndən sonra hər kəs bir peşə arxasınca getdi. Tarzən isə hərb sənətini seçdi. Bununla bağlı o, bizimlə çox az görüşürdü. Amma hər dəfə məzuniyyətə çıxan kimi əlaqə saxlayırdı, görüşürdük. Onu digər sinif yoldaşlarımızdan fərqləndirən cəhəti o idi ki, məzuniyyət vaxtı bizi bir yerə yığırdı ki, gedək oxuduğumuz məktəbdə müəllimlərimizə baş çəkək, onları yoxlayaq. Hər dəfə bütün müəllimlərlə görüşürdü. Sonuncu xatirələrdən biri odur ki, Hamarmeşədə bizə gəldi, dedi ki, gedək Fərman müəllimgilə. Getdik, bir günü Fərman müəllimgildə keçirdik, o da bizə öz tövsiyyələrini verdi. Bundan başqa daha bir xatirə odur ki, Bakıda sinif yoldaşlarımızdan birinin toyunda iştirak elədik. Baxmayaraq ki, hərbidə idi, vaxt tapıb gəlmişdi. Yəni bütün xeyrdə-şərdə iştirak edən adam idi. Ona deyirdik ki, sən vaxt tapa bilmirsənsə, işin varsa, narahat olma, gəlmə. Deyirdi ki, yox, mən mütləq gəlib iştirak etməliyəm. Tarzənin şəhid olması xəbərini Bakıya gedərkən aldım. Sözün düzü, bu xəbər mənə veriləndə,
“ola bilməz”, - deyib inanmadım. Təəssüf ki, bu acı xəbər düz imiş. Onun dəfn mərasimində ərazidə yaşayan və onu tanıyan, tanımayan bütün insanlar təsirlənərək gəlmişdilər. Çünki o öz davranışı ilə bu kənddə də, digər kəndlərdə də özünə böyük hörmət qazanmışdı. Ucqar bir kənddə yaşamasına baxmayaraq, öz şücaəti ilə göstərdi ki, buralarda da belə qəhrəman övladlar yetişə bilər. Belə, bu cür itkilər baş verəndən sonra, adam anlayır ki, məhz mənim ətrafımda, yaxından tanıdığın adam qəhrəman imiş, ən yüksək mərtəbəyə yüksələn dostun, tanışın var imiş. Niyə belə deyirəm, əsgəri xidməti, fəaliyyəti ilə bağlı soruşanda hər zaman deyərdi ki, xidmətdi də yaxşıdan, pisdən edirik. Amma sən demə bizim bir qəhrəman, igid, cəsur sinif yoldaşımız, dostumuz, həmkəndlimiz, qardaşımız var imiş... (parıldayan gözlərlə fikrə qərq olur).
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!
Qəhrəmanlıq qəfildən yaranan bir şey deyil...
Sinif yoldaşı – Aftandil Şabanov
- Həşimov Tarzənlə uşaqlıq illərindən bir yerdə olmuşuq. 11 il bir yerdə oxumuşuq. Onun bir qəhrəman kimi yetişməsi bu kənddə baş verib. Qəhrəman kimi yetişmək elə bir şeydir ki, qəfildən, birdən yaranmır. Qəhrəman kimi yetişmək üçün illər lazımdır. Qəhrəmanlıq belə bir şeydir. Misal üçün, 1941-1945-ci ildə baş vermiş Böyük Vətən Müharibəsinə bu kənddən 80 nəfər adam gedib. Birinci Qarabağ Müharibəsində bir şəhid verib bu kənd. İkinci Qarabağ müharibəsində isə Tarzən Həşimovu və Balaş Fərziyevi şəhid verdi bu kənd. Tarzənlə bağlı xatirələrimiz olduqca çoxdur. Əsas o idi ki, o insan çox ürəyiyanan insan idi. Tez-tez zəng edib, hal-əhval tutardı. Amma onu da deyim ki, o insanın sirr verməklə arası yox idi. Axırıncı dəfə mən onu kənddə mart ayında gördüm.
Allah rəhmət eləsin. Vətən sağ olsun!
Mənim qəhrəman, Şəhid, kişi balam...
Anası:
- Atası necə danışdı elə uşaq olub. Ürəyiyanan uşaq olub, qohuma-qardaşa, ata-anaya qarşı həddindən artıq mehriban uşaq olub. Səmimi oğlan olub. Mənə deyirdi ki, atam davaya getdi. Mən də böyüyüb kişi olacam, erməniləri qıracam. Elə də oldu, böyüdü kişi oldu, erməniləri qırdı, torpaqlarımızın alınmasında iştirak etdi. Mənim kişi balam, qəhrəman balam, Şəhid balam... (ana ağlayır)
Ana bildirib ki, şəhid balasından onlara iki qız nəvəsi yadigar qalıb: 6 yaşlı Mənsumə və 3 yaşlı Hökümə Həşimovalar...
Söz ardı... Və ananı qəhər boğur. Göz yaşlarına qərq olmuş ürəyi dolu olsa da, amma danışa bilmir.
Bütün şəhid ailələrində vəziyyət belədir...
Əlbəttə, çətindir...
Qeyd edək ki, Bibihoni kəndi Lənkəran-Lerik yolundan 6 km məsafədə - dağların ətəyində yerləşir. Bu 6 km-lik məsafəni ancaq üzü yuxarı qalxmaqla davam edirsən. Yollar bərbad vəziyyətdədir. O qədər bərbaddır ki, yay aylarında belə relyefə uyğun avtomobil (məsələn, NİVA, UAZ) olmasa Bibihoniyə getmək mümkünsüzdür. Qışın qarında isə ümumiyyətlə bu kəndlə əlaqə kəsilir.
Şəhid Tarzənin ata evi, yəni Birinci Qarabağ Müharibəsi iştirakçısı Qəhrəman Həşimovun evi də qəzalı vəziyyətdədir. FHN evin qəzalı olması ilə bağlı rəsmi sənəd də verib, lakin ailənin yeni evlə təminatı həll olunmur.
Ümid edək ki, tezliklə həm kəndin yolu düzələcək, həm də şəhidin doğulub boya-başa çatdığı evin yenidən qurulması aidiyyatı qurumlar tərəfindən tezləşdiriləcək.
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1660 dəfə oxunub.