Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


11.04.2023  10:30 

Dövlət vətəndaşlarını müdafiə etmirsə...





A+  A-

İndi cəmiyyətimizi bu sual daha çox düşündürür: hansı zərurətdən belə bir addım atıldı, bunda məqsəd nə idi və bunun hüquqi əsası vardırmı? Əslində, baş verənləri hansı baxış bucağından araşdırsaq, görərik ki, çıxarılan qərarın heç bir hüquqi əsası yoxdur, bu, birbaşa insanları taleyin ümidinə buraxmaq, onları rəzil duruma salmaqdan savayı ayrı heç nə deyil. Ölkə vətəndaşlarının müəyyən kəsiminə qarşı bu sayaq davanış əlbət ki, utancverici haldır və bunun alibinin olduğunu da qəbul etmək düşüncədən kənardır. O zaman məqsəd nə idi?

Artıq uzun müddətdir ki, aidiyyəti üzrə polis idarələrinin inzibati binasında yaşayış qeydiyyatında olan vətəndaşları qanunsuz olaraq onların hüquqlarını kobud şəkildə pozmaqla və xəbərdarlıq edilmədən qeydiyyatdan çıxarıblar. Qeydiyyatdan çıxarılmış vətəndaşlar onlara lazım olan iş, tibbi sığorta, ünvanlı sosial yardım, əlillik və s. hüquqlarından məhrum olublar. Bunu, bir qədər kobud səslənsə də, ölkə vətəndaşını ölkə daxilində vətəndaşlıqdan məhrum etmək kimi də səciyyələndirmək olar. Əslində, gerçək olan da elə budur.

Şübhəsiz, bununla həmin vətəndaşların sosial vəziyyətini süni şəkildə ağırlaşdırıblar. Yaxından tanıdığım (bəlkə qaytardılar ümidilə adının çəkilməsini istəməyən) bir vətəndaş özünə məxsus fərdi yaşayış mənzili olmadığı üçün ailəsi ilə birlikdə Sumqayıt şəhərində kirayə evdə yaşayır. O, məlum qərar çıxarılana qədər Sumqayıt şəhər polis idarəsinin inzibati binasında qeydiyyatda olub. Aztəminatlı ailədir. Himayəsində iki azyaşlı övladı var. Ünvanlı sosial yardım almaq üçün Sumqayıt şəhərində yerləşən “ASAN” xidmət mərkəzinə müraciət edir. Orada bəlli olur ki, onlara xəbərdarlıq edilmədən qeydiyyatdan çıxarılıblar. O, ilkin olaraq, yaşayış sahəsi olmadığını və kirayədə yaşadığını əsas göstərərək, Sumqayıt Şəhər Polis İdarəsinə yazılı müraciət edir. Cavabında sözügedən idarənin rəis vəzifəsini müvəqqəti icra edən Rauf Babaşov AR-nın Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinin 2-ci bəndinə istinad edib, “mədəni” formada onları qeydiyyata almaqdan imtina edir.

Onu xüsusi olaraq vurğulamaq istərdik ki, polis idarələrinə vətəndaşları yaşayış qeydiyyatından çıxarılması ilə bağlı göstəriş verən və bu göstərişi icra edən məmurlar inzibati binalarda qeydiyyata düşmək məsələsi ilə bağlı 31 yanvar 2003-cü il tarixdə Konstitusiya Məhkəməsinin qəbbul etdiyi qərarı və eyni vaxtda Nazirlər Kabinetinin bu qərarı əsasında qəbul etdiyi qanunu unudublar. Bəlkə də “unutqanlıqları” işlərinə daha çox yarayır.

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının mövcud Qanununun 63-cü maddəsinin 3-cü bəndinə görə, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlar Azərbaycan Respublikası adından çıxarılır. Həmin qanunun 63-cü maddəsinin 4-cü bəndinə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Həmin qanunun 66-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Həmin qanunun 66-cı maddəsinin 2-ci bəndində isə, açıq izahlı şəkildə deyilir; Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Konstitusiyanın 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi, bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir.

Konstitusiyanın 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanunun 6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilər — doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikası vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır.

Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq, şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir.

Digər bir vətəndaşımızın qarşılaşdığı oxşar problem də birbaşa yuxarıda qeyd etdiyimiz kimi, qanunvericiliyin tələblərinə açıq-aşkar ziddir. Bir müddət Rusiya Federasiyasında yaşamış vətəndaş (xanım) orada doğulmuş, 18 yaşı tamam olmuş və fiziki məhdudiyyətli (demək olar ki, yataq xəstəsi olan) qızına şəxsiyyət vəsiqəsi almaq üşün Sumqayıt “ASAN” xidmət mərkəzinə müraciət edir. Qızın RF-da doğulduğunu əsas götürüb, eyni vaxtda yaşayış yeri və qeydiyyatı olmadığı üçün ona şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir. Baxmayaraq ki, hər iki valideyn Azərbayacan Respublikasının vətəndaşıdır. Hazırda, qızın müalicə alması, ona əlillik təyin olunması şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən onun haqqı olan hüquqlarından məhrum edib. Eyni vəziyyət ailənin kişik oğluna da şamil edilib; şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən təhsil və digər hüquqlardan məhrum olub.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 1-ci maddəsinin birinci hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər Konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır.

Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüquqlarının pozulmasına birbaşa səbəbdir. Taleyin ümidinə buraxılan bu kimi insanların sayı isə kifayət qədər çoxdur. Belə vətəndaşlarımızın hüquqları kobud və süni şəkildə pozulduğu üçün onların maddi və mənəvi vəziyyəti demək olar ki, hər ötən gün daha da ağırlaşır.

Bu gün Respublikamızda mövcud qanunvericiliyimiz var, hansı ki, vətəndaşlarımızın hüquqlarının qorunmasını birbaşa, həm də qeyd-şərtsiz tövsiyə edir. Lakin bu qanun və qərarlar adi sıravi bir vətəndaşın işinə yaramırsa, yaxud yaramayacaqsa, yaxud da onun işləkliyinə qarşı məqsədli şəkildə zəmin yaradılacaqsa, o zaman burda hansı haqdan, hüquqdan, hüququn aliliyindən söhbət gedə bilər?!

Amma nə edək ki, gerçək mənzərə bu sayaqdır. Bunu təkcə vətəndaşa deyil, birbaşa olaraq dövlət adına olan bütün qanunlara sayğısızlıq kimi səciyyələndirmək daha düzgün olar; bunun ayrı adı, soyadı da yoxdur. Öz vətəndaşına dəyər verməyən, onu rəzil duruma salan bəzi məmuriyyət zümrəsinin məqsəd və niyyəti əsla anlaşılan deyil. Bu sayaq idarəetmənin heç şübhəsiz, arzuedilməz fəsadları daha ağır ola bilər ki, indiki həssas məqamda da bu, əsla arzuedilən deyil.

İlhamə Səmədova
Hüquqşünas




Xəbər 1234 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı


BÜTÜN XƏBƏRLƏR +