“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


18.03.2022  18:24 

Dünyada böhran fonunda Azərbaycan turizmi üçün tarixi şans





A+  A-

Turizm elə bir həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr bu sahəni qısa bir zamanda istər qlobal, istərsə də regional təsir sahəsinə salır. Ancaq digər tərəfdən də turizmin immuniteti çox dayanıqlıdır.

2020-ci ilin əvvəllərindən dünyanı təhdid altında saxlayan COVİD-19 pandemiyası qısa bir zamanda dünya turizm iqtisadiyyatını iflic vəziyyətinə saldı. Qitələrarası logistika və kommunikasiya əlaqələrində mövcud olan qlobal məhdudiyyətlər turizm sahəsində trilyonlarla vəsaitin dövriyyədən çıxmasına, 100 milyonlarla iş yerinin bağlanmasına səbəb oldu. Dünya turizm industriyasında çalışan turizmçilərin 75 %-nin 25 yaşına qədər olan gənclərin və bir o qədər də qadınların payına düşdüyünü nəzərə alsaq (UNÜTO), problemin nə qədər ciddi olduğunu anlamış olarıq.

Dünya bu xəstəliyin şokundan hələ yeni-yeni qurtulmağa və post-pandemiya umidlərinin işartılarını sezməyə başlarkən Şərqi Avropada müharibə kabusu qısa bir zamanda bəşəriyyəti yeni, daha ciddi bir təhlükə ilə qarşı-qarşıya qoydu. Müxtəlif ölkələrdə sərt karantin rejiminin ləğv edilməsi və ya yumşaldılması anonslarının verildiyi, yaz və yay səyahətləri planlamalarının özünübərpa fazasına keçdiyi, ölkələrin öz sərhədlərini yenidən xarici turistlərin üzünə açdığı bir zamanda bəşəriyyət yeni bir təhdidlə üz-üzədir.

Bu ilin əvvəlindən başlayaraq insanlar yenidən turizm mütəxəssisləri ilə təmasa keçməyə, erkən rezervasiya kampaniyalarında aktiv şəkildə iştirak etməyə başladılar. Milyonlarla səyahətçi xaricə uçuşlar, kruizlər, turlar və s. xidmətlərlə bağlı aktiv müraciətlər etməyə başladı.

Rusiya-Ukrayna hərbi münaqişəsi fonunda son üç həftə içərisində milyonlarla insan bu planı yenidən nəzərdən keçirmək məcburiyyətində qaldı. Turizm sənayesi yeni turizm mövsümünə ümidlərini bağlarkən, yeni bir qeyri-müəyyənliklə üz-üzədir. Federal Aviasiya Administrasiyası Şərqi Avropada ABŞ aviadaşıyıcıları üçün uçuşa qadağa zonasını bütün Ukrayna və Belarus, eləcə də Qərbi Rusiyanın bir hissəsini əhatə edəcək şəkildə genişləndirdi. Qlobal olaraq, hava səyahətləri getdikcə məhdudiyyətlərlə müşayiət olunur.

Böyük Britaniya “Aeroflot” şirkətinin öz ölkəsinə uçuşlarına qadağa qoyduqdan sonra Rusiya da analoji addımı atdı. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının) məlumatına görə, bu uçuşların bir çoxunun yaxın ölkələr vasitəsilə istiqaməti dəyişdirilir. Fevralın 27-sində isə Avropa Birliyi Rusiya üçün hava məkanını tamamilə bağladı. Lakin “əlavə hava məkanlarının bağlanması” qərarları bu ssenariyə daha dərin təsir göstərməkdədir. Çünki onsuzda pandemiya dövründə uçuşların müntəzəm deyil, xüsusi reyslər statusunda olması aviadaşımalarda xərclərin artmasına gətirib çıxarmışdı. İndi isə bəzi hava dəhlizlərinin bağlı olması təyyarələrin daha çox yol qət etməsinə səbəb olacaq. Bu isə əlavə xərclərin yaranması deməkdir.

Zənnimcə, əgər bu böhran aprel-may aylarında yaşansaydı, fəsadlar daha geniş bir seqmenti əhatə etmiş olardı. Güman etmək olardı ki, rezervasiyaların ertələnməsi və ya ləğv edilməsi hazırkı vəziyyətdə həm istehlakçılara, həm də turizm sənayesi nümayəndələrinə o qədər böyük problem yaratmayacaq. Ancaq digər tərəfdən, təəssüflə qeyd etməliyik ki, müharibənin uzanması 2022-cil il turizm ümidlərini doğulmadan dəfn etməkdədir.

Türkiyə rəsmiləri qardaş ölkə üçün ən böyük bazar sayılan Ukrayna və Rusiya böhranının 30% bazarın kiçilməsi ilə müşayiət olunacağını proqnozlaşdırıblar. Ancaq bu açıqlama münaqişənin ilk günlərində bəyan edildiyindən düşünürəm ki, əgər böhran daha da dərinləşərsə, fəsadlar daha böyük ola bilər.

Bu durumda müxtəlif ölkələrin turizm sənayesi təmsilçiləri artıq yeni alternativ istiqamətlər haqqında planlamalara start veriblər. Bəziləri isə gözləmə mövqeyini daha qənaətbəxş hesab edirlər. Keçən həftə artıq dünyanın ən böyük kruiz şirkətlərindən biri olan “Norvegian Cruise Line” Rusiya və Ukrayna limanlarını tərk edərək, marşrutunu Baltik sahilləri ilə əvəz edəcəyini elan edib. “Viking Cruses” isə Qara dəniz marşrutunu 2022-ci il üçün tamamilə ləğv etmək məcburiyyətində qalıb.

Rusiya və Ukrayna turistlərinin builki xarici səyahətlərdə iştirak edəcəkləri real görünmür. Ancaq coğrafi reallıqları da nəzərə almaq vacibdir. Digər tərəfdən isə çox önəmli bir tendensiyanı diqqətdən qaçırmaq olmaz. Ukrayna-Rusiya münaqişəsinin yaratdığı qeyri-müəyyənlik, COVİD statistikasının sürətlə aşağı düşməsi fonunda beynəlxalq məhdudiyyətlərin yumşaldılması qlobal olaraq səyahətə tələbin güclü və davamlı artmasına səbəb olacaq. Son trendlər içərisində bir faktı da diqqət mərkəzində saxlamalıyıq ki, solo səyahətlər böyük vüsət almağa başlayıb. İnsanlar müstəqil şəkildə öz səyahətlərini özləri planlamağa başlayıblar. Əlbəttə, bu tendensiyanın da daha fərqli riskləri mövcuddur.

Azərbaycana gəldikdə isə qeyd olunmalıdır ki, bəlli böhranlar, əlbəttə, yeni imkanlar yaradır. Güman edə bilərik ki, müxtəlif məqsədli turizm səyahətləri ilə bağlı tələbin yüksək olması Azərbaycana gələcək turistlərin sayına çox ciddi şəkildə təsir göstərə bilər. Əminliklə deyə bilərik ki, sektorun hazırlıq səviyyəsi, ölkədə mehmanxana nömrə fondunun yetərliliyi, daha çeşidli təkliflərin olması 2022-ci il üçün statistik göstəricilərə müsbət təsir edəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, 85-dən artıq ölkə ilə səyahət məhdudiyyətlərinin aradan qaldırılması da turizm axınında müsbət saldonun yaranmasına səbəb olacaq. Bu baxımdan düşunurəm ki, dövlət-özəl sektor əməkdaşlığı dərinləşdirilməli və çoxvektorlu fəaliyyət platformasına keçid qısa bir zamanda təmin olunmalıdır. Hava daşımaçılığında liberallaşdırma siyasəti və hava limanlarının qovşaq rolunu oynaması üçün dövlətin subsidiya və dəstək mexanizmləri işlənib hazırlanmalıdır. Dünyanın əksər aviaşirkətlərinə bərabərhüquqlu biznes şərtləri yaradılmalıdır. İpək yolu layihəsi daha geniş tətbiq olunmalıdır. Tranzit turistlərin ölkədaxili səyahətləri stimullaşdırılmalıdır.

Mədəni turizm, işgüzar turizm, sağlamlıq turizmi, aqro turizm və digər alternativ turizm növlərinin inkişafı üçün bütün imkanlar təmin olunmalıdır.

Azərbaycanda turizm sektorunun inkişafını qarşıdakı 3 ildə təmin edəcək 7 qızıl addım isə aşağıdakılardan ibarətdir:

1. Turizmin inkişafına dəstək fondunun yaradılması;

2. “Təşviqlər - subsidiyalar haqqında” qanunun qəbulu (Azərbaycanın turizm potensialını xarici ölkələrdə təbliğ edən bütün turizm təsisatlarının (30-70%) xərclədikləri vəsaitin geri qaytarılması. Bu fəaliyyətlər seminar, sərgi, reklam çarxları, təqdimatlar, reklam, çap və elektron məhsulların yayılması və onlarla başqa fəaliyyət ola bilər. Tətbiq müddəti 3 il;

3. İşğaldan azad olunmuş ərazilərdə tikilən turizm yerləşdirmə təsisatlarına 7 gecə gecələmək şərtilə turist gətirən təşkilatlara əgər bütün səyahət sənədlərinin surəti təqdim olunarsa, büdcədən turist başına 70 AZN vəsaitin ödənilməsi (məsələn, ölkəyə 1 milyon turist daxil olursa, bu, 7 milyon gecələmə deməkdir, hər bir turist 1 həftədə 1000 AZN-ə yaxın pul xərcləyirsə, büdcəmizdən 70 milyon vəsait çıxır, ancaq əvəzində ölkəyə 1 milyard vəsait daxil olur);

4. Azərbaycan turizm zonalarına 7-14 gecə gecələmə şərtilə turist gətirən turizm şirkətlərinə Azərbaycan Hava Yolları tərəfindən 50% endirim təmin olunmalıdır. İcra müddəti 3 il;

5. Gəlmə turizmi və daxili turizm əməliyyatlarına 18% ƏDV-nin ləğv olunması. Ən azı differensial vergi sistemi tətbiq olunmalıdır. İcra müddəti 3 il;

6. 2*, 3* və daha yüksək kateqoriyalı mehmanxana və sanatoriyaların, eləcə də əlavə xidmət sahələri obyektlərinin (ictimai iaşə, əyləncə və b.) tikilməsi üçün 5 illik 1,5 - 2%-lik kreditlərin ayrılmasına şərait yaratmaq. Belə layihələrdə dövlət infrastruktur layihələrində yardımçı ola və ya banklara ortaqlıq təklif oluna bilər;

7. Xarici diplomatik nümayəndəliklərdə və diaspor təşkilatlarında Azərbaycan turizminin tanıtım təmsilçiliklərinin yaradılması.

Və son olaraq...

Yazının girişində də qeyd etdiyimiz kimi, turizm immunitetli bir sahədir. Ətrafda baş verənlər bu sahəyə tez bir zamanda təsir etdiyi kimi, fəsadların aradan qaldırılması ilə onun bərpası da qısa müddətdə reallaşır. Bunun əsas səbəbi turizmin birbaşa insan faktoru ilə bağlılığıdır. İnsan övladı səyahət etməyi, gəzməyi, yeni-yeni turizm destinasiyaları, müxtəlif ölkələrin tarixi, mədəniyyəti ilə tanış olmağı hər zaman arzulayır və qarşılaşdığı çətinliklərə, maneələrə rəğmən, bunu həyata keçirir. Biz də bütün mümkün imkanlardan istifadə etməklə, çalışmalıyıq ki, Azərbaycanı dünya turistlərinin arzulayıb seçdikləri bir ünvana çevirək.

Ruslan Quliyev

Xəbər 1812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +