03.10.2023 01:21
Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar-Lavrov
Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar (? – red.) Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib.
Xəzərnews.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“İrəvandakı rəsmilər deyəndə ki, 2020-ci ilin noyabrında müharibəyə son qoymaqla bağlı saziş imzalamaqla Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib - bu yalandır. Bu müqavilədə, 10 noyabr 2020-ci il tarixli bu müqavilədə yazılıb ki, Qarabağ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır və ümumi anlayış vardı ki, Qarabağın yekun statusu haqda (? – red.) dialoq davam etdiriləcək.
Ancaq bir il və yaxud il yarım sonra Baş nazir Paşinyan Praqadakı hansısa növbəti Avropa sammitində Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycanın bir-birini 1991-ci il sərhədləri daxilində tanıması barədə sənəd imzalayanda məsələ bağlandı. Daha sonra Brüsseldə bu termini (Paşinyan) yenidən istifadə etdi. Üstəlik, AB-nin yaydığı sözügedən sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olduğu və bu aqibətin hansısa yolla həll edilməli olduğu qeyd olunmur”, - Lavrov bildirib.
Qeyd edək ki, Rusiyanın Paşinyan hakimiyyətinə qarşı sui-istifadə etdiyi bu tezis getdikcə inkişaf edir və təhriflərə, yalanlara daha çox yer verilir. Belə ki, 10 noyabr 2020-ci il bəyanatında keçmiş “Dağlıq Qarabağın” statusu ilə bağlı heç bir söz yoxdur və onun “hansısa gələcəkdə müzakirəsi” də sənəddə əks olunmayıb.
Əksinə, sənəd imzalandığı gün Prezident İlham Əliyev “status”un cəhənnəmə getdiyi haqda rəsmən bəyanat verdi.
İkincisi, keçmiş Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bütün beynəlxalq sənədlərdə əksini tapıb – o cümlədən Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə ən yüksək səviyyədə elan edib. Hələ 2020-ci ilin dekabrında Rusiya lideri Vladimir Putin keçirdiyi illik mətbuat konfransında “Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub” deyə bəyan etmişdi. Həmin mətbuat konfransı dünyanın 300-ə qədər böyük media qurumu vasitəsilə tirajlanmışdı.
Bu baxımdan Lavrovun “Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar” ifadəsi Paşinyana qarşı daxili siyasi mübarizəni qızışdırmaq üçün istifadə edilən yalan təbliğatdır.
Ancaq bu təbliğat və faktların təhrifi aşkar saxtakarlıq və Azərbaycanın ərazi bütövlüyünə qarşı eyham üzərində qurularkən, çox eybəcər görünür./Axar.az
Xəbər 1953 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|