07.03.2017 12:50
“Azərbaycanın hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam”
“Azərbaycanda sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə mən 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə çıxış etdim. Həmkarlarımla ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edildi. Mənim təşəbbüsümlə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlər keçirilib”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib. O bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaq hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal olunması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.
“Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi haqqında hazırlanan nəşrlər bütün dünyaya yayılıb. Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyükbir ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam”.
Ölkənin birinci xanımı bildirib ki, vicdan, ləyaqət, mərhəmət və xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir.
“Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün bütün gücümlə çalışacağam.
Son günlər mənim ünvanıma soydaşlarımızdan təbriklər gəlir. Sadə insanlardan aldığım hər bir məktub, hər bir təbrik mənim üçün çox dəyərlidir. Səmimi ürək sözləri və dəstəklərə görə, hər birinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün parlamentdə təmsil olunan qadın həmkarlarımı və bütün Azərbaycan xanımlarını qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Mən sizin hər birinizə möhkəm can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Bu illəri birlikdə keçirdiyimiz fəlaiyyətə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Və ümidvaram ki, gələcəkdə də bizim əməkdaşlıq davam edəcək. Tanrı Azərbaycanı hər zaman qorusun!”.
Xəbər 2110 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|