12.01.2022 20:41
“Vergi qərarını dəyişilməklə problemleri aradan qaldırmaq olar”
XəzərNews.az Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucovun müsahibəsini təqdim edir:
- Rəsul müəllim, ilk növbədə Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK)
inkişaf perspektivi haqqında və ümumiyyətlə, bu kompleksin qısa tarixçəsi
haqqında məlumat verərdiniz...
- Ağstafa Aqrar Sənaye Kompleksinin yaranması 2009-cu ilə təsadüf edir. Həmin
ildə belə bir zəncirvari kompleksin yaradılması ilə bağlı qərara gəlmişdik ki,
“Sahədən süfrəyə” prinsipini rəhbər tutaraq, taxılçılıq müəssisənin yaradılması və
məhz bu zəncirvari prinsipinə uyğun olaraq, kompleksin yaradılması üçün əvvəlcə
2010-cu ildə kompleksin Aqroservis hissəsi yaradıldı. 2012-ci ildə isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.
2016-cı ildə taxılçılıqla bağlı bizə dövlət tərəfindən ayrılmış sahələrdə, əkinçiliklə
bağlı aparılan işlər və eyni zamanda müvəqqəti olaraq anbarların tikintisi həyata
keçirilildi. Son mərhələdə istehsalat prosesini tamamlamaq üçün biz həm
toxumçuluq təsərrüfatının yaradılması-36 min tonluq rezervuarların tikilməsi, həm
də dəyirman kompleksinin tikintisi-çörək zavodunun inşa edilməsi və son olaraq
əhaliyə “fast-food” ilə yanaşı, həmçinin iaşə xidmətlərinin göstərilməsi üçün bir
məkan yaradıldı. Əvvəlcə bildirim ki, müəssisə yaradılarkən investisiyanın
ayrılması 95% xarici-Almaniya Federativ Respublikasının kapitalının hesabına,
təqribən 5% civarında isə yerli bankların kapitalı hesabına ərsəyə gəlib. Əsas
məqsəd o olub ki, ölkədə taxılçılığın inkişafı ilə bağlı az öncə qeyd etdiyim kimi,
"Sahədən süfrəyə" prinsipini rəhbər tutaraq, zəncirvari olaraq bu prossesi
tamamlayaq və buna da nail olmuşuq.
- Biz sahəni gəzdik və sayənizdə kifayət qədər məlumat topladıq. Burada
görülən işlərlə-qurulan texnikaların, o cümlədən, kontingentin iş prinsipi ilə
tanış olduq. Düşünürəm ki, bu nəinki region üçün, ümumiyyətlə, Azərbaycan
üçün uğurlu bir layihə hesab oluna bilər. Bu səbəbdən gələcək planlarınızla
bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, taxılçılıq sahəsi elə bir sahədir ki, bildiyiniz kimi kənd
təsərrüfatında növbəli əkin sistemi tətbiq edilir. Yəni hər il həm taxıl, həm də
buğda əkmək mümkün deyil. Buğdanı növbəli əkin sistemiylə iki il davamlı olaraq
əkərsən, üçüncü il mütləq şəkildə əvəz edilməlidir. Yaxşı olardı ki, bu əvəzetmədə
də daha çox yonca və klebr bitkisindən istifadə olunardı. Bu torpağın
zənginləşməsi üçün daha uyğundur. Paralel olaraq əvəzedici kimi günəbaxan,
qarğıdalı bitkisindən də istifadə oluna bilər. Ümumiyyətlə, biz 10 ilə yaxındır ki, fəaliyyət göstəririk. Əksər hallarda əvəzedici kimi taxılda, növbəli əkində əsasən
günəbaxan və yoncadan istifadə edirik.
- Kənd təsərrüfatı sahəsinin inkişaf perspektivlərinə də toxunsaq yaxşı olardı,
bu sahədə sizin maddi və texniki olaraq nə kimi işləriniz var?
- Növbəti planlaşdırdığımız layihə, az öncə dediyim kimi, növbəli əkin sistemi
olduğuna görə, biz mütləq şəkildə zəncirvari sistemi tam şəkildə tamamlamalıyıq
(yəni bu prosesi taxılçılıq sahəsində tamamlamışıq) və bunu növbəli əkin
sistemində tətbiq etməyimiz üçün heyvandarlıq kompleksinin yaradılması
layihəsini hazırlamışıq. Layihə 2014-cü ildən hazırdı. Bu layihənin hazırlanmasını
Almaniya şirkəti həyata keçirib. Amma təəssüflər olsun ki, layihənin
səmərəliliyinə dair “PWÇ” audit şirkəti tərəfindən aparılmış təhlillər, layihənin
səmərəsiz olduğunun qənaətinə gələrək, həmin layihənin icra edilməsini labüd
bilməmişlər. Burada da bir çox amillər var: bunlardan ən əsası odur ki, südün maya
dəyərinin çox yüksək dəyərdə əmələ gəlməsi və mövcud bazarda Azərbaycanda
əhaliyə təqdim edilən südün istər təbii, istər süd tozundan hazırlanmasında nə
qiymət fərqi, nə də ki üzərində fərqi müəyyən edən nişan yoxdur.
Təbii südlə yanaşı, quru süddən hazırlanmış məhsullar da var. Amma bir sıra
dövlətlərdə həmin fərq qanunvericilik ilə tənzimlənsə də, bu fərq Azərbaycan
qanunvericiliyində tənzimlənmir. Yəni istər təbii süddən, istər quru süddən istifadə
edilsin, bunun bazarda nə qiymət fərqi yoxdur, nə də ki qanunvericilikdə belə bir
fərq qoyulmayıb. Bir sıra dövlətlərdə-Rusiyada, Belarusiyada, Almaniyada mütləq
şəkildə yazılır ki, bu təbii süddən, yoxsa quru süddən hazırlanıb. Məsələn,
günümüzdə südün maya dəyəri 60-65 qəpikdən aşağı deyil, amma quru süd əmələ
gələn zaman dəfələrlə aşağı qiymətə olur. Ona görə də süd emalı sahəsində nəinki
təbii süddən, daha çox süd tozundan istifadə olunur. Bu da sözsüz ki, təbii süd
istehsalçılarının səmərəsiz fəaliyyətinə gətirib çıxarır ki, son nəticədə də bank
qarşısında olan öhdəliklərin icrasına maneələr törədir. Düşünürəm ki, bu sahənin
tənzimlənməsi üçün buna fərq qoyulmalıdır. Dövlət tərəfindən təbii süd
istehsalçıları ilə süd tozundan istehsal olunan məhsullara ən azından fərq elə
olmalıdır ki, tətbiq edilən ƏDV aradan qaldırılmalıdır. Eyni zamanda da bir
müddətlik həmin müəssisələrə mənfəət vergisindən azad olunması tətbiq
edilməlidir. Amma təəsüflər olsun ki, siz bu gün məhsulu təbii süddən də və ya
quru süddən də hazırlasaz, ƏDV və mənfəət vergisi ödəyəcəksiniz. Yəni bu sahədə
mövcud qanunvericilik bir qədər təbii süd istehsalçılarının səmərəsiz işləməsinə
səbəb olur. Bu, səbəblərdən biridir.
- Bəs bu prosesin çıxış yolunu nədə görürsünüz?
- Düşünürəm ki, vergi xidməti orqanı təbii süd istehsalçılarına və təbii süd
istehsalından emal olunan məhsullara tətbiq edilən ƏDV-ni və mənfəət vergisini
aradan qaldırmalıdır. Eyni zamanda Milli Məclis tərəfindən qərar qəbul edilərək, süd məhsullarının üzərində təbii süddən və ya süd tozundan hazırlanması mütləq
şəkildə qeyd edilməlidir. İnsanlar da artıq bu qaydaya öyrəşərək bilsinlər ki, yəni
məhsul təbii süddən, yoxsa süd tozundan istehsal olunmuşdur. Adicə bir məsələyə
nəzər yetirək: günümüzdə istifadə olunan kərə yağlarının böyük bir hissəsi,
təqribən 70%-ə qədəri idxaldan asılı bir vəziyyətdədir və kərə yağı ilə bağlı
respublika daxilində çox az bir istehsal prosesləri həyata keçirilir. Bu da sözsüz ki,
insanların təbii qidadan, yəni tam ekoloji cəhətdən təmiz qidalardan istifadəsinə bir
qədər problemlər yaradır. Sözsüz ki, nə qədər təbii qida olarsa, insan orqanizminə
də bir o qədər xeyiri olar. Həmçinin həmin yağlar Azərbaycanda istifadə olunarsa,
heyvandarlıq kompleksləri düzgün şəkildə inkişaf etdirilərsə, idxalda yağa çəkilən
xərclər kifayət qədər aşağı düşər. Bu da ölkənin valyutasına da müsbət təsir edər və
yerli istehsal hesabına təmin oluna bilər.
- Ümumiyyətlə, qeyd etdiyiniz məsələlərlə bağlı hər hansısa bir dövlət
orqanına müraciət və yaxud öz təkliflərinizi təqdim etmisiniz?
- Mən uzun illər Almaniyada yaşamışam və orada çalışmışam. Hələ də orayla
əlaqəm kəsilməyib. Almaniyada dövlət ilə sahibkar arasında bir qurum var. Həmin
qurum sahibkarların hüquqlarını müdafiə edən və sahibkarların sözünü dövlətə
çatdırır. Düzdür, sözsüz ki, orada qanunlar tənzimlənib və o qədər mükəmməlləşib
ki, artıq qanunların hər hansısa bir dəyişikliyinə ehtiyacı yoxdur. Amma
Azərbaycanda dövlət və sahibkar arasında olan “Azərbaycan Sahibkarlar
Konfederasiyasıdır” və bu yaxınlarda da cənab Prezident İlham Əliyevin sərəncamı
ilə “Aqroparklarla iş” idarəsi yaranıb. Bu da İqtisadiyyat Nazirliyinin nəzdindədir.
Gördüyüm təcrübəyə görə və hal-hazırda Avropada olan vəziyyət belədir: qurum
tam sərbəst şəkildə ola bilər ki, onun funksional işləməsi üçün idarəetməsində
dövlətin hansısa bir qolu orada müşahidə şurasında iştirak etsin. Təssəvvür edin ki,
günümüzdə sahibkarın vergi xidməti ilə yaranmış bir problemin həlli ilə bağlı
aqroparklarla iş şöbəsi onun həllində nə qədər müsbət rol oynaya bilər? Bu,
şübhəlidir. Niyə? Ona görə ki, hər iki qurum eyni nazirliyin-İqtisadiyyat
Nazirliyinin nəzdindədir: Dövlət Vergi Xidməti və “Aqroparklarla iş” şöbəsi.
Sözsüz ki, biz Azərbaycan şəraitində bilirik ki, bir Nazirliyin bir qolu ilə ikinci
qolunun bir-birinə ziddiyyətli məqamları mümkün olan bir şey deyil. Düşünürəm
ki, aqroparklarla bağlı və onların inkişafına, dəstəyinə nail olmaq üçün bu qurumun
birbaşa Prezident Adminstrasiyası nəzdində, ya Azərbaycan Respublikası
Prezidentinin iqtisadi sahə üzrə köməkçisinin rəhbərliyi altında aqroparklarla iş,
yaxud agentliyi və ya hansısa xüsusi bir qurum yaradılmalıdır ki, biz faktiki olaraq
real addımları hiss edək. Praktiki olaraq mövcud olan problemlərin həllində bir
nəticəyə nail olaq. Ona görə də mənim əsaslı şəkildə fikrim odur ki, bu sahədə bu
məsələyə yenidən baxılsa, çox yaxşı olardı.
- Rəsul müəllim, kənd təsərrüfatın inkişafı ilə bağlı fikirləriniz və təklifləriniz
məntiqli və arqumentlidir. Azərbaycan kənd təsərrüfatında və aqrar
islahatda artım tempinin inkişafını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev sayəsində 2003-cü ildən
başlayaraq bir neçə dövlət proqramlarının qəbul edilməsi və həmin proqramlara
uyğun olaraq, Azərbaycan dövlət büdcəsindən kifayət qədər böyük vəsaitlər
ayrılması həyata keçirilmişdir. Burada 2004-2008-ci il Dövlət proqramı və 2008-
2015-ci illərdə aqrar sahənin, kənd təsərrüfatı sahəsində, əsasən regionların sosial-
iqtisadi inkişafı proqramı var. Yəni bir sıra proqramlar mövcuddur. Ölkə başçısı
bütün proqramlarda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirib. Sizi
inandırım ki, taxılçılıq sahəsində olan nəticəyə görə, bizim 2017-2018-ci illərdə,
hətta 2019-cu ilə qədər ancaq müəssisəmiz tərəfindən, təxminən 18000-20000 tona
qədər hər il taxıl istehsalı həyata keçirildi. Həmin zamanlar məhsullarımız bol
olduğu üçün saxlamağa yer olmadığından, hərbi aeroportda, bundan başqa Şəmkir,
Tovuz rayonunda yerləşən anbarlara yerləşdirirdik. Biz həmin zaman dərhal
layihənin ikinci mərhələsi olan taxıl anbalarının tikintisini sürətlə həyata keçirdik
və biz 36000 tonluq anbarları inşa etdik. Faktiki olaraq, bu gün artıq iki ildir ki,
həmin anbarlar işləyir. Yəni artım tempinə görə, cənab Prezident İlham Əliyev
tərəfindən göstərilən xüsusi diqqət nəticəsində 2019-cu ilə qədər artım çox sürətlə
gedirdi. 2019-cu ildən həm iqlim şəraitinin təsiri və vergi məcəlləsinə edilmiş
əlavə və dəyişikliklər bu sahədə geriləməyə doğru apardı. Ən ələxsus 2019-cu
ildən dövlət vergi xidməti tərəfindən təqdim edilmiş qanun layihəsiylə bütövlükdə
uçotun aparılması üçün kənd təsərrüfatı sahəsində çalışan, kiçik təsərrüfatlar, ailə
təsərrüfatları və digərləri vergi orqanında uçota alınması üçün fiziki şəxslərin
(VÖEN) məcburi dövlət qeydiyyatına alınması haqqında qərarı qəbul edilmişdir.
Yeni qaydalara əsasən həmin fiziki şəxslər öz satdıqları məhsulların elektron
qaimələrini elektron qaydada həyata keçirməli idilər. Siz təsəvvür edin ki,
Azərbaycanda elə təsərrüfatlar var ki, yarım hektar, 1 hektar ərazini əhatə edir.
Yəni həmin adamlar yarım hektarda da, 1 hektarda da taxıl əkirdilər. İnsanlarda da
belə bir tendensiya yaradılmışdır. Camaatda taxılçılıq ilə bağlı dövlətin göstərdiyi
qayğıya görə stiumullaşdırma var idi və bu sahədə kifayət qədər kiçik təsərrüfatlar
öz rolunu oynayırdılar. Hərdən düşünürük ki, böyük təsərrüfatlar hesabına taxıla
olan ehtiyatımız ödənilir, amma yaddan çıxardırıq ki, həmin kiçik sahələr yüz
minlərlədir. Vergi ilə bağlı olan bu qərarın kiçik təsərrüfatların bir çox
problemlərlə üzləşməsinə gətirib çıxardığının özüm şahidi olmuşam. Belə ki, kiçik
fermerlər elektron qaimə təqdim edə bilmədiyinə görə, onlardan tədarükçülər və
emalçılar tərəfindən alınan taxıl satışı zamanı əlavə dəyər vergisi 18 faiz olmaqla
vergi xidməti tərəfindən tətbiq olunur. Məhz bu səbəbdən yerli emal müəssisələri
taxılın alışına yerli təsərrüfatlardan yox, xaricdən idxal edilməsinə üstünlük
verdilər. Nəticədə kiçik təsərrüfatların taxıl əkininə marağı 50 faizə qədər azaldı.
Bu tək taxılçılq sahəsində deyil, meyvə-tərəvəz və digər sahələrdə də müşahidə olunur ki, faktiki olaraq, bu da kənd təsərrüfatı məhsullarının əlavə dəyər
verigisinə tətbiq edilməklə qiymət artımına səbəb olmuşdur.
- İqtisadçı kimi dünya iqtisadiyyatında baş verən böhran xarakterli amillərin
həllini nədə görürsünüz? Azərbaycan dünya iqtisadiyyatında baş verən
böhrana nə kimi müsbət təsir göstərə bilər ki, bu da həm Azərbaycan üçün,
həm də dünya bazarı üçün stimulverici olsun?
- Fikrimcə, taxıl elə bir məhsuldur ki, strateji məhsul olmaqla, buna xüsusi dövlət
yanaşması olmalıdır. Biz Azərbaycan olaraq mövcud olan qanunvericiliyə
müəyyən dəyişikliklər etməklə, Azərbaycanı 3 il müddətində 100 faiz daxili
istehsalat hesabına təmin etmək olar. Burada bir sıra amillər var, kiçik
təsərrüfatlarla bağlı tətbiq edilən vergi qərarı dəyişilməklə problemleri aradan
qaldırmaq olar.
Böyük müəssisələrlə bağlı onu deyə bilərəm ki, ölkə başçısının 2011-ci ildə
müvafiq bir tapşırığı var idi ki, əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb
edilməsidir. Bununla bağlı 2011-2012-ci ildə işlər aparılsa da, tam şəkildə həyata
keçirilmədi. Biz əkin dövriyyəsinə yeni torpaq sahələri əlavə etsək və növbəli əkini
həyata keçirsək, ümumi heyvandarlıq komplekslərinin yem bazasını, üstəlik
taxılçılıq sahəsində mövcud olan problemin aradan qaldırılmasına nail ola bilərik.
Ümumiyyətlə, dünya iqtisadiyyatına gəldikdə isə mən konkret olaraq Avropa
iqtisadiyyatında və ələxsus Almaniya iqtisadiyyatında hal-hazırkı vəziyyəti təhlil
edə bilərəm. Avropanın iri müəssisələri istehsal etdikləri məhsullarının maya
dəyərinin aşağı olması üçün zamanında bir çox böyük komplektləşdirici
istehsallarını Çində yaratmışdılar. Təsəvvürünüzə gətirin ki, istər “MERCEDES”,
istər “BMW”, istər “MN”, istər digər ağır və yüngül sənaye istehsalının hissələri
Çində istehsal olunur. Avropanın Çinlə ticarət dövriyyəsi 2020-ci ilə qədər hər il
yüksələn artım dinamikası ilə inkişaf edirdi. Avropa ilə Çin arasında loqistika yük
daşıma elə bir həddə çatmışdır ki, artıq mövcud olan Polşa, Belarusiya, Rusiya,
Qazaxıstan üzərindən Çinə daşınan yüklərin çatdırılma müddətləri 12 gündən 22
günə və hal-hazırda 28 günə çatmışdır. Məhz bu səbəbdən də istehsallarda istehsal
hissələrinin zamanındaa çatdırılmamasına görə iqtisadi durğunluq müşahidə
olunur. 3 aya sifarişlə hazırlana bilən bir istehsalat xətti bugün bir ilə və daha çox
müddətə icra olunur. Bu da sözsüz ki, iqtisadiyyata öz mənfi təsirini göstərir.
Hesab edirəm ki Azərbaycanda, xüsusən işğaldan azad olunmuş ərazilərdə xüsusi
iqtisadi rejim müəyyən edilməklə hal-hazırda Avropa müəssisələrinin Çin
istehsalını əvəz edən yeni müəssisələrin Azərbaycanda yaradılması istiqamətində iş
aparılmalı və buna nail olunmalıdır. Həm məsafə baxımından, həm də işçi qüvvəsi
baxımından buna Azərbaycanda tam labüd şərait var.
- Rəsul müəllim, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin
sayəsində 44 günlük müharibənin nəticəsi olaraq uğurlu bir zəfər əldə etdik
və 30 ildən sonra bu zəfər nəticəsində cənab Prezidentin müvafiq sərəncamıyla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Hal-hazırda həmin rayonlarda quruculuq işləri gedir. Bu 1 milyona yaxın məcburi köçkünün orada məskunlaşması, çalışması üçün müsbət mənada bir çox işlər görülür. Nəticədə gələcək illərdə kənd təsərrüfatı sahəsinin həmin iqtisadi rayonlarda inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?
- Biz bir şirkət olaraq Ağdam rayonunda Aqrar Sənaye Kompleksi yaratmaq
fikrimiz var. Özüm şəxsən bir neçə dəfə ora səfər etmişəm, oranın iqlim şəraiti ilə
həmçinin digər məsələlərlə bağlı araşdırmalar aparmışam. Eyni zamanda
Almaniyanın bu sahədə xeyli inkişaf etmiş şirkətləri var ki, onlarla da danışıqlar
aparmışıq. Biz hesab edirik ki, həmin zonalarda kompleks şəklində layihələr icra
olunması səmərə baxımından əlverişlidir. Ümumiyyətlə, həmin ərazilərə böyük
miqdarda daxili və xarici investisiyanın cəlb edilməsi üçün Qarabağ azad iqtisadi
zonası kimi dövlət tərəfindən status verilməsi bu ərazinin qısa zamanda investorlar
hesabına inkişaf etdirilməsinə zəmin yaradar. Bu təcrübə dünyanın bir çox
dövlətlərində, hətta Almaniyanın Hanburq şəhərində tətbiq olunub və öz
nəticələrini qısa zamanda göstərib. Dövlət tərəfindən bu addım atılarsa, Avropa
şirkətlərinin bir çoxu Çin dövlətində olan istehsal müəssisələrini bu ərazilərdə
yaratmasına böyük maraq göstərər. Mən şəxsən bir neçə böyük şirkət sahibi ilə bu
barədə danışıqlar apararkən, onlar belə bir istəklərinin olmasını bildirmişdilər.
- Kənd təsərrüfatı sahəsinə gənclərin marağı nə dərəcədə ümidvericidir?
- Gənclərin iş rejimi üçün şərait yaradıldığı kimi, asudə vaxtları üçün də şərait
yaradılmalıdır. Biz işə cəlb etdiyimizin gənclərin böyük əksəriyyəti, Almaniyada,
İsveçrədə təlimlərdən keçiblər. Bizdə tətbiq olunan bütün texnikalar hər biri
Avropa (Almaniya, İsveçrə və s.) istehsalıdır. Özümüzün texniki xidmət
mərkəzimiz var ki, bizim gənclər məhz həmin mərkəzdə mühərriklərin sökülüb-
yığılmasında və digər işləri də həyata keçirə bilirlər. Bunun başlıca səbəbi
gənclərin zamanında xaricdə həmin təlimlərdə iştirak etmələridir. Bizdə texniki
işçilər, operatorlar işə 19 yaşından götürülür, mühəndislər isə 23-25 yaşından bizdə
çalışırlar.
Bu gün vaxtilə bizim Ağstafa Aqrar Sənayə Kompleksində çalışmış gənclər var ki,
hal-hazırda ölkənin digər kənd təsərrüfatı ilə bağlı müəsissələrdə fəaliyyət
göstərirlər. Biz də öz növbəmizdə yeni gəncləri öz kompleksimizə cəlb etməyə
çalışırıq. Bu da həm gənclər üçün yaxşıdır, həm də ölkəmiz üçün xeyirlidir.
FUAD MƏDƏTOV
NM CINEMA: MAHİR HÜSEYNBƏYLİ
Xəbər 6487 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|