31.05.2017 09:37
Dörd istiqamət üzrə hədəflərə tam nail olunmayıb - Rəsmi açıqlama
Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun layihəsinə və hesabata dair rəyində hesabat ilində büdcə-vergi siyasətinin əsas istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti təhlil edilib.
XəzərNews.az xəbər verir ki, palatanın mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, rəyə əsasən 2016-cı il üçün dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilən büdcə-vergi siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş tədbirlər müxtəlif sahələri əhatə edib. Hesablama Palatasının rəyində hər bir istiqamət, o cümlədən gəlirlər və xərclər üzrə ayrı-ayrılıqda 11 tədbirin, büdcə kəsiri üzrə isə 1 tədbirin icra vəziyyəti təhlil olunub.
Rəydə bildirilib ki, qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Bununla yanaşı, 2016-cı ilin vergi-büdcə siyasətinin gəlirlərlə bağlı dörd istiqamət üzrə hədəflərinə tam nail olunmayıb. Belə ki, nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdən həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması üzrə müəyyən edilmiş proqnoz 8,6 dəfə, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 3,2 dəfə az olmaqla yerinə yetirilib. Dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının 2015-ci illə müqayisədə artırılması təmin edilməyib. Habelə hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin gücləndirilməsinə ehtiyac qalmaqdadır.
Rəydə dövlət büdcəsinin xərcləri ilə bağlı müxtəlif sahələri əhatə edən istiqamətlər təhlil edilərək qeyd olunub ki, hesabat ilində fiskal yığcamlaşdırma siyasəti davam etdirilib, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələri, ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi üçün maliyyə təminatı yaradılıb. Təhsil, səhiyyə, sosial sığorta və sosial yardım sistemində, idman və mədəniyyət sahələrində islahatlar davam etdirilib. Eyni zamanda, rəydə xərcləri əhatə edən istiqamətlər arasında pensiya təminatı üzrə maliyyə dayanıqlılığının daha da artırılması, sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə məcburi dövlət sosial sığorta haqları arasında balanslaşdırma mexanizminin tətbiqi üçün təsdiq edilmiş Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası üzrə işlərə başlanılmasının vacibliyi əksini tapıb.
Rəyə əsasən, 2016-cı ilin vergi-büdcə siyasəti çərçivəsində büdcə kəsiri ilə bağlı bir prioritet müəyyən edilib. Hesablama Palatası son illərdə olduğu kimi, 2016-cı ildə də dövlət büdcəsi kəsirinin nisbətinin tənzimlənən səviyyədə saxlanıldığını qeyd etməklə, həmin hədəfə nail olunduğunu vurğulayıb.
Xəbər 1415 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|