AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


13.02.2024  00:43 

Ağcabədidə kişi arvadını baltalayaraq öldürüb





A+  A-

Ağcabədi rayonunda 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev həyat yoldaşı, 1955-ci il təvəllüdlü Dəstəgül Mehdiyevanı baltalayaraq öldürüb.

Xəzərnews.az xəbər verir ki, Əliyar rəsmi nikahda olduğu arvadı Dəstəgül ilə birgə yaşadıqları Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə 15 yanvar 2023-cü ildə, səhər saatlarından etibarən ailə-məişət məsələləri ilə əlaqədar mübahisə etməyə başlayıb.

Əliyar eyni mövzuda mübahisəni gün ərzində davam etdirib, həmin gün saat 16 radələrində evin mətbəx otağında dayanarkən qonaq otağında döşəmənin üzərində oturaqlı vəziyyətdə olan Dəstəgül Mehdiyevanın onu ağır söyüşlərlə təhqir etməklə ləyaqətini alçaltması qənaətinə gələrək şəxsi münasibətlər zəminində yaranmış nifrət və ədavət səbəbindən həmin anda onu öldürmək qərarına gəlib. O, Dəstəgül Mehdiyevanın doğma nəvələrinin gözləri qarşısında mətbəx otağında olan və ət doğramaq üçün istifadə olunan baltanı götürərək onun baş nahiyəsinə vurub.

Dəstəgülün xəsarətin təsirindən yıxılmadığını və özünü toplamaqla baltanı əlinə aldığını gördüyündən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdırmaq məqsədi ilə onun üzərinə gedib. O, həmin baltanı Dəstəgüldən alıb və başının arxa hissəsindən, bədəninin digər nahiyələrindən bir neçə zərbə endirib. Dəstəgül aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən Əliyarın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və iş hakim Nahid Hüseynovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əliyar özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, 15 yanvar 2023-cü ildə evində oturarkən arvadı Dəstəgül Mehdiyeva ilə aralarında mübahisə yaranıb: “Dəstəgül hazırda ifadə etməyə utandığım sözlərlə məni təhqir etdi. Buna görə özümdən asılı olmayaraq əsəbi halda Dəstəgülü vurmuşam. Lakin hadisənin necə olmasını, niyə baş verməsini hələ də bilmirəm. 75 yaşında niyə belə hərəkət etdiyimi bilmirəm. El-oba içində də pis vəziyyətdə qalmışam. Mənim 16 nəvəm, 5 nəticəm var. Hələ də niyə belə bir iş gördüyümü başa düşmürəm. Əməlimdən peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, həyatı boyu bir dəfə ailə həyatı qurub, Dəstəgül Mehdiyeva ilə evlənib: “Hadisə baş verəndən əvvəlki dövrlərdə Dəstəgülü döyməmişəm. Aramızda belə hallar olmayıb. Özüm də neynədiyimi, hadisənin necə baş verdiyi bilməmişəm. Dəstəgüllə birgə nikahımızdan beş övladımız olub. Hadisə baş verən anda uşaqlar evdə olmayıb. Özüm və Dəstəgül qonaq otağında olmuşuq. Nəvələrim Dövlət və Günəş o biri otaqda yatıblar və bizim mübahisələrimizi görməyiblər. Dəstəgülü öldürmək niyyətim olmayıb. Sözlərimiz düz gəlmədiyi üçün özüm də bilmədən bu hadisə olub. Əvvəllər də Dəstəgülü öldürmək fikrim olmayıb. Nəvələrimin evdə olmasını bilsəydim, bu hadisəni bəlkə də törətməzdim”.

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb. Həmin ifadədən məlum olur ki, arvadı Dəstəgül, oğlu Taleh, sonuncunun arvadı Samirə və iki azyaşlı övladları Dövlət və Günəş ilə birgə yaşayıb: “Arvadım Dəstəgül evdar qadın olub. Arvadım ilə uzun illər ailədaxili məsələlərə görə mütəmadi olaraq münaqişə etmişik. Bunun əsas səbəbi aramızda heç vaxt sevgi münasibətinin mövcud olmaması, bir-birimiz ilə yola getməməyimiz, xırda məişət problemlərinin üstündə dalaşmağımız olub. Hadisədən bir neçə gün əvvəl Dəstəgüllə Bərdə rayonunda keçirilən toy məclisində iştirak etdik. Bu vaxt Dəstəgül mənim bəyənmədiyim və aramızda ədavət olan qohumlarım ilə ziddimə olaraq, məni qıcıqlandırmaq üçün səmimi münasibət quraraq deyib-gülüb. Mən də Dəstəgülə əsəbiləşdim və bu mövzuda aramızda bir neçə gün münaqişə davam etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Taleh və gəlini Samirə yanvarın 14-də, axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə gediblər, onların övladları Dövlət və Samirə isə evdə qalıblar:

“Yanvarın 15-də, saat 16 radələrində yaşadığı evin həyətində təsərrüfat işləri gördük. Bundan sonra rayonda bəzi işlərimi həll etmək üçün evdən çıxmaq qərarına gəldim. Bunun üçün evin içərisinə daxil oldum. İlkin olaraq mətbəx otağına daxil olub əl-üzümü yudum. Dəstəgül isə həmin vaxt qonaq otağında dayandı. Bu zaman yenə aramızda eyni mövzuda mübahisə yarandı. Dəstəgül mənə təhqir dolu sözlər dedi, qardaşlarının ayıb yerinin ağzıma olması barədə sözlər işlətdi. Mən də Dəstəgülə eyni formada cavab qaytardım. Lakin Dəstəgül yenə mənimlə söyüşlə danışaraq məni təhqir etməyə davam etdi. Dəstəgülün üstünə qışqırdım, səsini kəsməsini desəm də, durmadan məni ağır ifadələrlə təhqir etməyə davam etdi. Necə olduğunu bilmədən bir anlıq əsəblə mətbəx otağındakı masanın üzərində olan baltanı əlimə götürərək təxminən beş-altı metr məsafədən zərblə Dəstəgülün üstünə atdım. Baltanın kəsici hissəsi Dəstəgülün sifətinə tuş gəldi. Lakin Dəstəgül yerə yıxılmadı. Dəstəgülə yaxınlaşaraq baltanı yerdən götürdüm və kəsici tərəfi ilə onun başının arxasından bir-iki zərbə endirdim. Həmin zərbələri endirməzdən əvvəl Dəstəgül mənə müqavimət göstərərək əlləri ilə qollarımdan və baltadan tutmağa çalışdı. Sonra baltanı həmin otaqda döşəmənin üstünə ataraq evdən çıxdım”.

Əliyarın sözlərinə görə, hadisənin baş verdiyi vaxt evdə azyaşlı nəvələri Dövlət və Günəşdən başqa heç kim olmayıb: “Lakin nəvələrimin hadisəyə şahid olub-olmadıqlarını bilməmişəm. Evdən çıxaraq küçədə saxladığım “VAZ” markalı maşına əyləşərək təsadüfi istiqamətdə hərəkət etdim. Maşını sürərək Salmanbəyli kəndinə qədər gedib çıxdım. Məqsədim özümü öldürmək olub. Artıq 70 yaşım tamam olduğundan həyatımın qalan hissəsini həbsxanada keçirmək mənə ağır gəldi. Həm də hadisəni bir anlıq əsəblə özümdən çıxaraq törətdiyimə görə öz əməllərimdən peşman olmuşam. Məni bu həddə çatdıran Dəstəgülün durmadan ağır sözlərlə təhqir etməsi olub. Mən əvvəlcə özümü öldürmək üçün maşını kanaldan aşağı sürmək istəsəm də, bunu edə bilmədim. Buna görə qan təzyiqi xəstəliyi üçün mütəmadi olaraq qəbul etdiyim həblərdən bir neçəsini qəbul edərək maşının içərisində ölümümü gözləmişəm. Həmin vaxt qohumlarım mənə ard-arda zəng etdiklərindən son nəticədə törətdiyim əməli onlara etiraf edərək, həmçinin intihar etdiyimi də dedim, gələrək məni götürmələri üçün olduğum yeri bildirdim. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları olduğum yeri müəyyən edərək saxladılar, məni Rayon Mərkəzi Xəstəxanasına apardılar. Mənə tibbi yardım göstərildi”.

Məhkəmənin hökmü ilə Əliyar 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.//Demokrat.az

Xəbər 5277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +