Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən növbəti Qurani-Kərim ziyafəti təşkil olunub.
Tədbirdə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Qəbələ bölgə qazisi Ceyhun Rüstəmov, İzmir Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse, Konya Müftisi Prof. Dr. Ali Öge, Türkiyə Respublikasının Şimali Makedoniyadakı Səfirliyinin Din Xidmətləri Müşaviri Mustafa Bodur, Konya Mehir Vəqfinin başqanı Mustafa Özdemir, şəhid ailələri və qazilər iştirak edib.
Tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Tükiyədən və Makedoniyadan gələn qonaqları salamlayıb. Bu ay içərisində də şəhidlərimiz üçün 120 xətim oxunduğunu vurğulayaraq şəhidlərə qarşı olan vəfa borcundan danışıb. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz İslam Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Müharibəsi şəhidlərini rəhmətlə anıb. Artıq altıncı - Quran ziyafətinin keçirildiyini və bu ənənənin davam edəcəyini vurğulayıb. Tədbirdə iştirak edən edən şəhid ana və atalarını, qardaş və bacılarını salamlayıb. O eyni zamanda vətənin azadlığı uğrunda sağlamlıqlarını itirən qazilərimizi hörmətlə yad edib, onlara Allahdan şəfa diləyib.
Tədbirdə çıxış edən İzmir Katib Çələbi Universitetinin rektoru Prof. Dr. Saffet Köse İslam dinində şəhidlik zirvəsinin aliliyindən danışıb. Qurani-Kərimdə və Peyğəmbər hədislərində yer alan şəhidliklə bağlı ayə və hədisləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bir vətənin dəyəri onun şəhidləri ilə ölçülür deyərək şəhidlərin dəyərinə diqqət çəkib. Ənənəvi olaraq təşkil edilən tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.
Konya Müftisi Prof. Dr. Ali Öge tədbirdə çıxış edərək şəhidlərimizi heç bir zaman unutmadıq, unutmuruq və unutmayacağıq deyib. Şəhidlərin anım proqramına iştirak etməyin onun üçün vacib və əhəmiyyətli bir məsələ olduğunu vurğulayıb. Vətənin sahiblərinin şəhidlər olduğunu vurğulayaraq şəhidlər tərəfindən bizə əmanət edilən vətən torpaqlarını qorumağın zərurətindən bəhs edib. Tədbirin təşkilatçılarına təşəkkür edib və bütün şəhidlərə rəhmət diləyib. Şəhid yaxınlarına hörmət və ehtiramını bildirib.
Türkiyə Respublikasının Şimali Makedoniyadakı Səfirliyinin Din Xidmətləri Müşaviri Mustafa Bodur öz çıxışında şəhidlərə rəhmət diləyib, Qurani-Kərimin hər bir könülə rəhmət olduğunu qeyd edib.
Rəsmi çıxışlardan sonra Türkiyə Respublikasının Şimali Makedoniyadakı Səfirliyinin Din Xidmətləri Müşaviri Mustafa Bodur, Əjdərbəy məscidinin imamı Ruslan Nəsirov, ilahiyyatçı-qari Elçin Allahverdiyev və Sadiq Ramizoğlu öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə öz töhfələrini veriblər. Bütün qiraətlərdən sonra Şəhidlər məscidinin imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məalı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda qarilər tərəfindən sala və ilahilər oxunub. Daha sonra Türkiyə Respublikasının Şimali Makedoniyadakı Səfirliyinin Din Xidmətləri Müşaviri Mustafa Bodur tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Xəbər 5855 dəfə oxunub.