10.10.2023 15:22
“Qarabağ”ı çempionatda layiq olduğu yerə qaytaracağıq - MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin bombardiri, “Qarabağ” klubunun braziliyalı hücumçusu Juninyo Olavio AZƏRTAC-a müsahibə verib.
Xəzərnews.az müsahibəni təqdim edir:
“Qarabağ” ölkə çempionatında ilk dövrəni 19 xalla turnir cədvəlinin ikinci pilləsində başa vurdu. Komandanın çıxışını necə qiymətləndirirsiniz?
- Əslində komandamız iştirak etdiyi bütün turnirlərdə qarşısına maksimum nəticə qazanmaq hədəfini qoyur. Bu dəfə də istisna deyil. Düzdür, mövsümə bir qədər qeyri-sabit başladıq. Amma sonra oyundan-oyuna formamızı bərpa etdik. Hazırda yaxşı oyun nümayiş etdiririk. Komanda yoldaşlarım da getdikcə formaya düşürlər. Ümumi götürsək, turnir cədvəlindəki mövqeyimiz pis deyil. Cəmi bir dövrə arxada qalıb. Qarşıda çox oyun var. İlk dövrədə itirdiyimiz xalları növbəti matçlarda bərpa etməyə çalışacağıq. Ümid edirəm ki, “Qarabağ”ı çempionatda layiq olduğu yerə qaytaracağıq.
Həm avrokuboklarda, həm də ölkə çempionatında mübarizə aparırsınız. İki cəbhədə oynamaq futbolçular üçün çətin deyil?
- Təbii ki, iki cəbhədə mübarizə aparmaq, 3-4 gündən bir oyuna çıxmaq asan deyil. Amma belə səviyyəli yarışda iştirak etmək də bir başqa zövqdür. Bu, hər futbolçuya nəsib olmur. Ona görə də bu çətinlikləri yaşamaq bizə xoşdur. Digər tərəfdən, yaxşı komandamız var və bu səbəbdən həftədə iki dəfə oynamağı problem hesab etmirik.
Premyer Liqanın son turunda səfərdə "Neftçi"ni 2 cavabsız qolla məğlub etdiniz. Yəqin, bu komandanın "Qarabağ"ın əzəli rəqibi olduğunu bilirsiniz. Derbidə qol vurmaq, vacib oyunda qalib gəlmək necə hissdir?
- İstənilən oyunda qələbə görə 3 xal verirlər. “Neftçi” ilə görüş derbi sayılsa da, bu qarşılaşmada da 3 xal qazandıq. Amma bu cür özəl matçlar xüsusi maraq kəsb edir. Bu oyunda qalib gəlmək, üstəlik, qələbədə əsas pay sahiblərindən biri olmaq əlavə stimuldur. Amma qol vurmağımdan daha çox komandamın qələbəsinə görə sevinirəm. Uğurlu seriyanı davam etdirməyə çalışacağıq.
Hazırda 6 qolla Premyer Liqanın bombardirisiniz. Bu amil Azərbaycan futboluna gözləniləndən daha tez uyğunlaşdığınızı deməyə əsas verirmi?
- Hansısa futbolçu müntəzəm olaraq qollar vurursa, bu, işlərin yolunda getməsinin göstəricisidir. Bombardir olmağıma gəlincə, eyni sözləri özüm haqqımda da demək olar. Proses davam edir (gülür). Getdikcə komanda yoldaşlarımızla bir-birimizi daha yaxşı tanımağa çalışırıq. Qollar vurmaq, komandamın qələbəsində pay sahibi olmaq sevindiricidir. İnanıram ki, növbəti oyunlarda meydanda bir-birimizi daha yaxşı – bir baxış və ya bir hərəkətlə başa düşəcəyik. Təbii ki, bunlar zamana bağlı olan məsələlərdir. Əsas odur ki, qolların davamının gəlməsi düzgün yolda olduğumuzu göstərir.
“Qarabağ” UEFA Avropa Liqasında iki oyuna maksimum nəticə qazanıb. Necə düşünürsünüz, komanda minimum hədəfin, yəni, qrupdan çıxmaq vəzifəsinin öhdəsindən neçə faiz gəlib?
- Burada hansısa faiz nisbətini qeyd etmək hələ erkəndir. Məsələyə bu tərəfdən bu tərəfdən yanaşmaq istəməzdim. Biz hər növbəti oyunu düşünürük. Ona görə də indidən nəsə demək istəməzdim. Hər bir matç bizim üçün önəmlidir. Məqsədimiz bütün oyunlarda maksimum nəticə əldə etməkdir.
Həm hücumçu, həm də vinger kimi oynaya bilirsiniz. Sizin üçün hansı mövqedə çıxış etmək daha asandır?
- Burada başlıca amil baş məşqçinin sənin xidmətinə hansı mövqedə ehtiyac duymasıdır. Əsas odur ki, öz işinlə məşqçini razı sala biləsən. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, məqsədim komandaya fayda verməkdir.
Xəbər 2646 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|